Gündəm 

Vardanyana görə Bakıya təzyiq çağırışları – reaksiyalar

Bakıda Ermənistan və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfərin, o cümlədən Ruben Vardanyan və digərlərinin məhkəməsi davam edir. Məhkəmə ilə bağlı  Fransa nəşri material dərc edib. Materialda Şiller Beynəlxalq Universitetinin professoru, “Ermənistanın geosiyasəti” kitabının müəllifi Tiqran Yeqavyanın fikri yer alır. “Bakının ən çox qorxduğu adam Ruben Vardanyandır”, – deyə o iddia edib.

Vardanyanın oğlu təxribat xarakterli AÇIQLAMA VERDİ » 44Gun.Org

Ruben Vardanyanın oğlu David Vardanyan isə bildirib ki, Bakıdakı məhkəməni dayandırmaq üçün addımlar atılmalıdır. “Bunun üçün Avropa İttifaqına təzyiq etmək lazımdır. Ki, onlar da Bakını sıxışdırmaqla erməniləri geri ala bilsin”, – milyarder cinayətkarın oğlu çağırış edib. Avropa Birliyində Fransanın dominant olduğunu nəzərə alsaq, Vardanyanın oğlunun Aİ-yə çağırışının nəticəsi ola bilərmi? Bu xüsusda azərbaycanlı hüquqşünaslar və analitiklər nə düşünür?

“Vardanyanı siyasi məhbus kimi qələmə vermək cəhdləri var. Onun həbsində siyasi motiv olsaydı, buna dair bəyanatlara rast gəlinərdi. Sadəcə, oğlu və yaxın çevrəsi kampaniya təşkil etməyə çalışır. Avropa İttifaqına çağırış da beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə hesablanıb”, – “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə belə deyib. Onun sözlərinə görə, Vardanyan vəkil və tərcüməçi ilə təmin olunub, müdafiəsi üçün istintaq materialları ilə tanış olmağa zaman istəməsi barədə vəsatəti də bir dəfə tanınıb: “Bu müddətdə saxlanma şəraitindən narazı qalmayıb, yaxınları ilə əlaqə saxlamasına imkan yaradılıb, indi də məhkəməsi gedir və beynəlxalq hüquqa riayət edilir. Beləliklə, Ruben Vardanyanın həbsində nə siyasi amil var, nə də saxlandığı dövrdə hüquqları pozulub”. Hüquq müdafiəçisi hesab edir ki, Aİ-yə çağırışlar siyasi dəstək almağa yönəlib: “Ruben Vardanyan Qarabağa sərhədi qanunsuz keçərək gəlib. Heç zaman Qarabağda olmayıb, amma Xankəndidə dinc erməniləri silahlanmağa, Azərbaycan dövlətinə qarşı döyüşməyə dəvət edib. Həmçinin tanınmayan rejimdə vəzifə tutub, maliyyə xərcləyib, qanunsuz silahlı birləşmələrə sponsorluq edib, sərvətlərimizin talan edilməsində iştirak edib. Bütün bunlar cinayətdir”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Ç.Qənizadə ona layiqli cəza veriləcəyinə əmindir: “Onun ittiham olunduğu maddələr ömürlük həbs cəzası alacağını göstərir. Vardanyan Qarabağda yaşamış erməni olmadığı halda, Rusiyadan bura gələrək terrorçu rejimə dəstək verib, onun əsas fiquruna çevrilib, indi də oğlu və bəzi ermənipərəst Qərb nəşrləri ona qahmar çıxırlar. Eyni hal Fransada olsaydı, hansısa bir ərazidə dövlətə tabe olmayan qanunsuz rejim yaradılsaydı, indiki Makron hakimiyyəti necə reaksiya verərdi? O baxımdan, Avropa İttifaqının Vardanyanla bağlı çağırışlara müsbət reaksiya verəcəyini gözləmirəm. Hətta mövqe bildirsələr də, nəticə dəyişməyəcək. Azərbaycan təzyiqlərə boyun əyməyəcək. Biz Vardanyanı və digərlərini haqlı olaraq mühakimə edirik”.

Felmar Ələkbərli - VHP

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Felmar Ələkbərli isə Bakının “Nürnberq” prosesini özünün daxili işi kimi qiymətləndirir: “Azərbaycan ərazilərində qanunsuz hərəkətlərə son qoyulub. Dünyanın heç yerində dövlət içində ayrıca qondarma dövlət qurula bilməz. Vardanyanın oğlu hansı sübut, arqument gətirir ki, atası azad edilsin?! Necə olur ki, Rusiya vətəndaşlığından imtina et, sonra Qarabağa gəl və Xankəndidə keçirilən mitinqdə mülki erməniləri silaha sarılmağa çağır, biz də buna göz yumaq? Avropa İttifaqı üzvü olan ölkələrdə belə hərəkətlərə necə yanaşırlar? Təbii ki, dərhal ordu yeridilir və təhlükəli qüvvələr zərərsizləşdirilir. Azərbaycan da fərqli nəsə etməyib. Biz dinc erməni əhalisinə zərər vurmadan, mərkəzə tabe olmayan terrorçu qüvvələri məhv etmişik. Onlar da ağ bayraq qaldırıb və Şahramanyan xunta rejiminin ləğvinə dair qərar çıxarıb”.

Partiya rəsmisi Qarabağda mövcud olmuş terrorçu qüvvələrin Qusarda bu günlərdə zərərsizləşdirilən dini-ekstremist qruplaşmadan fərqini görmür: “Ən azından “Meşə qardaşları” adlanan dəstə qısa zamanda sıradan çıxarılıb və təhlükə aradan qalxıb. Qarabağda isə separatizm 30 ildən çox olub və ciddi himayə altında fəaliyyət göstəriblər. Vardanyan da onlardan biri idi. Ona görə də bu şəxs vətəndaş həmrəyliyinə ziyan vurmuş bir terror sponsoru kimi cəzasını almalıdır. İnanmıram ki, Avropa İttifaqı onunla bağlı bizə təzyiq etsin. Əvvəla, Brüssel üçün Vardanyan heç kimdir. İkincisi, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq var, enerji sahəsində əməkdaşlıq mövcuddur. Axı Donbasda və Qarabağda separatçılığı maliyyələşdirmiş, Rusiyanın adamı olmuş və Moskvadakı dairələrin təlimatı ilə Xankəndinə göndərilmiş birini Qərb niyə müdafiə etsin ki?!”

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Daha çox xəbərlər