ÜST-ün “qara günləri” – Azərbaycan da qurumdan çıxacaq?
Baş həkim: “ÜST ləğv edilərsə, fəsadlara yol aça bilər, çünki…”
Argentina ABŞ-ın ardınca Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağa hazırlaşır. Bu barədə ölkə prezidentinin sözçüsü Manuel Adorni jurnalistlərə bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması ilə bağlı fərmanlar imzalayıb. Yeni administrasiya hesab edir ki, ÜST səmərəsizdir, siyasi təsir altındadır (Çindən söhbət gedir – red.) və ABŞ-dan həddən artıq maliyyə tələb edir.
“Prezident Miley Xarici İşlər Nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatındakı iştirakını dayandırmağı tapşırıb”, – Adorni bildirib.
Onun sözlərinə görə, təşkilatın işi xüsusilə pandemiya zamanı səhiyyə sisteminin necə idarə olunması ilə bağlı dərin fikir ayrılıqları yaradıb. “Biz argentinalılar beynəlxalq təşkilatın suverenliyimizə, ələlxüsus da sağlamlığımıza müdaxilə etməsinə icazə verməyəcəyik”, – sözçü vurğulayıb və əlavə edib ki, Argentina ÜST-dən maliyyə almır və buna görə də təşkilatdan çıxmaq ölkə üçün vəsait itkisi ilə nəticələnməyəcək və ya xidmətlərin keyfiyyətinə təsir etməyəcək.
Qeyd edək ki, ÜST, 1948-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Azərbaycan 1992-ci ildən onun üzvüdür. Üzvlük haqqı hər bir üzv ölkə üçün fərqli ola bilər və bu, həmin ölkənin iqtisadi vəziyyətinə, ÜST-ə verdiyi töhfələrə və digər amillərə əsaslanır. Üzvlük haqqı ümumiyyətlə, ölkələrin ümumi daxili məhsuluna (ÜDM) əsaslanaraq hesablanır və təşkilatın maliyyə büdcəsinə qatqı təmin etmək məqsədini daşıyır. ÜST-ə üzv olan ölkələrin töhfə verdiyi məbləğlər hər il yenilənir və beynəlxalq müqavilələr əsasında təyin olunur.
Bəs Azərbaycan da ABŞ kimi bu qurumdan çıxa bilərmi? Çıxsa nə olacaq? Təşkilata nə qədər üzvlük haqqı ödəyirik? ÜST-ün bizə, bəşəriyyətə xeyri-ziyanı. Bu qurum qalmalıdırmı?
Son dövrlər ÜST-ə qarşı aparılan təbliğat müxtəlif səbəblərlə izah edilir. Bəzi hökumətlər ÜST-ü qərəzli və ya müəyyən ölkələrin təsiri altında olduğunu hesab edirlər. Məsələn, ABŞ 2020-ci ildə Donald Trampın prezidentliyi dövründə ÜST-dən çıxmağa qərar verdi, çünki təşkilatın Çinə qarşı yumşaq mövqe tutduğunu və COVID-19 pandemiyasına düzgün reaksiya vermədiyini iddia etdi. Argentina da Mileynin rəhbərliyi altında bu fikirdədir ki, ÜST onun suverenliyinə müdaxilə edir. Bəzi ölkələr ÜST-ü bürokratik və səmərəsiz qurum kimi görürlər. Onların fikrincə, təşkilat sürətli qərarlar qəbul edə bilmir və pandemiya kimi qlobal böhranlar zamanı adekvat fəaliyyət göstərmir. COVID-19 pandemiyası zamanı ÜST-ün bəzi tövsiyələri tez-tez dəyişirdi, bu da onun etibarlılığına ziyan vurdu.
Bundan əlavə, ÜST-ə üzv olan ölkələr müəyyən məbləğdə maliyyə töhfəsi verməlidirlər. Böyük iqtisadiyyata malik ölkələr, məsələn, ABŞ, yüksək məbləğlər ödəyir və bəzən hesab edirlər ki, bu vəsaitlər yetərincə səmərəli istifadə olunmur. Argentinanın ÜST-dən çıxmaq qərarında da əsas arqumentlərdən biri təşkilata maliyyə ödənişi etməməsinə baxmayaraq, onun daxili siyasətinə təsir göstərilməsidir.
Digər ölkələrdə də bildirilir ki, ÜST onların səhiyyə siyasətinə həddindən artıq müdaxilə edir. Xüsusilə peyvəndlər, pandemiya zamanı məcburi tədbirlər və dərman siyasətləri ilə bağlı tövsiyələr bəzi hökumətlərin suverenliyinə təhdid kimi qiymətləndirilir. Bu ölkələrdə hesab edilir ki, ÜST-dən ayrılaraq səhiyyə sahəsində daha müstəqil qərarlar verə bilərlər və ya regional təşkilatlarla əməkdaşlıq edərək daha effektiv həll yolları tapa bilərlər.
Bir sözlə, ÜST-ü tərk edən və ya çıxmağı düşünən ölkələr əsasən təşkilatın siyasi təsirlər altında olduğu, bürokratik və səmərəsiz işlədiyi, çox maliyyə tələb etdiyi və milli səhiyyə siyasətinə müdaxilə etdiyi kimi səbəbləri əsas gətirirlər. Bununla belə, ekspertlər hesab edir ki, ÜST qlobal səhiyyə sahəsində mühüm rol oynayır və ölkələrin çıxması onların səhiyyə sisteminin beynəlxalq dəstəkdən məhrum olmasına gətirib çıxara bilər.
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ÜST dünyada tanınan səhiyyə qurumları sırasında, ölkələrə dəstək verən təşkilatların önündə dayanır:
“Təşkilat xəstəliklərdən qorunmaq, tibbi koordinasiyanın aparılması, kütləvi immunizasiya və vaksinasiyanın aparılması, ümumi reproduktiv məsələlərə nəzarət etmək, dərman siyasətini tənzimləmək və sairə çoxsaylı funksiyaları həyata keçirir. Eləcə də, ölkələr arasında səhiyyə ilə bağlı koordinasiyanı qurub. Bu təşkilatın sayəsində məsələlərə qarşı qlobal yanaşmalar ortaya qoyulur və təhlükəli pandemiyalar, epidemiyalar kimi vəziyyətlərdə təşkilat qlobal koordinasiyanı təmin edir.
Təşkilat əsasən ölkələrin üzvlük haqqı ilə işini tənzimləyir. Təşkilatın üzv olan ölkələrdə yerli şöbələri mövcuddur və çox geniş bir şəbəkəni əhatə edir. Əlbəttə ki, bu təşkilatın fəaliyyətinin zəifləməsi və ya ləğv edilməsi istəyi olduqca yanlış olardı. Çünki səhiyyə strukturları hər zaman ÜST-ün rəyi, tövsiyələri və protokollarını nəzərə alaraq fəaliyyət göstərirlər.
ABŞ-nin yanaşmasına gəldikdə isə, Trump düşünürdü ki, COVID-19 pandemiyası zamanı ÜST Çin üçün faydalı olan istiqamətlərdə fəaliyyət göstərib. Baxmayaraq ki, üzvlük haqqının əhəmiyyətli hissəsini ABŞ verir. Buna bir az cığallıq da demək olar. Bu yanaşma, Argentinada da belə fikirlər yaradıbsa, prosesin zəncirvarı davam edəcəyi də ehtimal oluna bilər. Fikrimcə, bu zərərli bir tendensiyadır. Əslində, ÜST-ün strukturunda və funksiyalarında yeniliklərə ehtiyac var. Amma təşkilatın tamamilə ləğv edilməsi koordinasiyanın itməsinə və mərkəzdən qaçma meyllərinin artmasına səbəb olar ki, bu da səhiyyə sahəsində böyük fəsadlara yol aça bilər”.
Baş həkim əlavə edib ki, tək ÜST deyil, o cümlədən Birləşmiş Millətlər Təşkilatı da siyasi təşkilatdır, onun da oxşar axsamaları var:
“Zaman-zaman üzv ölkələrdən BMT-yə qarşı narazılıqlar yaranırdı. Məsələn, Ermənistanın işğalı ilə bağlı qəbul edilmiş dörd qətnamənin havada qalması, icra olunmaması və ədalətin bərpası istiqamətində haqlı tərəfin yanında olmaması kimi faktlar təşkilatın nüfuzuna xələl gətirir. Eynilə, Ümumdünya Səhiyyə Təşkilatının da fəaliyyətində ədalət, doğruluq, çeviklik və iqtisadi məsələlərlə bağlı hesabatının olması ön plana çəkilməlidir.
Təkrar edirəm, ÜST dünyada bütün səhiyyə qurumları üçün bir bələdçi rolunu oynayır və ölkələr, bu təşkilatın təlimatlarına əsaslanaraq fəaliyyət göstərirlər. Ləğv edilərsə, hər ölkə özünə fərqli bir tibb yarada bilər və bu da mənfi nəticələrə yol açar. Ən azından bu təşkilatın ləğv olunması ilə bağlı təkliflər ortaya çıxarsa, buna daha yaxşı alternativ təklif edilməlidir”.