Azərbaycan və Somali arasında münasibətlərdə yeni dövr başlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun cari ilin fevralın 12-də Bakıda baş tutmuş görüşü ikitərəfli münasibətlər tarixində mühüm bir mərhələ kimi yadda qalacaq. Görüş zamanı imzalanmış sənədlər Azərbaycan və Somali arasında mövcud əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və yeni sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün əhəmiyyətli bir platforma yaratdı.
Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev və Prezident Hasan Şeyx Mahmudun mətbuata bəyanatlarında vurğulandı ki, imzalanmış sənədlər iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı iradəni əks etdirir. Xüsusilə də iqtisadi sahədə ticarət və sərmayə əlaqələrinin dərinləşdirilməsi, enerji və logistika kimi strateji sahələrdə əməkdaşlıq, həmçinin humanitar sahədə təhsil və sosial layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində oldu.
İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir
Görüş zamanı təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirildi. Azərbaycan Respublikasının qlobal miqyasda təhsil sahəsində qazandığı uğurlar və Somali gənclərinin Azərbaycanda ali təhsil almalarına yaradılan imkanlar tərəflər arasında mədəni və elmi əlaqələrin dərinləşdirilməsinə töhfə verəcək. Bu kontekstdə, Somalidən olan tələbələrin Azərbaycanın müxtəlif universitetlərində təhsil alması üçün xüsusi proqramların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu yanaşma, yalnız bilik mübadiləsini deyil, həm də iki ölkə arasında xalqlararası əlaqələrin möhkəmləndirilməsini təmin edəcək.
Görüş zamanı bir sıra strateji sənədlər imzalandı. Bunlar arasında iqtisadi əməkdaşlıq, sosial sahələrdə təcrübə mübadiləsi və dövlət idarəetməsi üzrə əməkdaşlıq əsas yer tuturdu. Xüsusilə, dövlət xidmətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl təcrübələrin tətbiqi məqsədilə imzalanmış sənəd xüsusi əhəmiyyət kəsb edir.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”
Bu sənəd, Azərbaycan və Somalinin dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsini təşviq etmək niyyətini aydın şəkildə nümayiş etdirir. Azərbaycanın “ASAN xidmət” modeli bu sahədə dünya miqyasında nümunəvi bir təcrübə kimi tanınır və Somali tərəfi bu modelin öz ölkələrində tətbiq olunması üçün maraq göstərir. Memorandum çərçivəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılması, şəffaflığın artırılması və vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Prezident İlham Əliyevin ölkə başçısı kimi fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına mühüm töhfə verir. Onun strateji düşüncə qabiliyyəti, qətiyyətli addımları və peşəkar yanaşması sayəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda mühüm bir tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Ölkə daxilində sosial-iqtisadi islahatlar, beynəlxalq səviyyədə diplomatik uğurlar və milli maraqların müdafiəsi onun liderlik bacarığının parlaq nümunələridir. İlham Əliyevin “ASAN xidmət” kimi innovativ modelləri beynəlxalq səviyyədə təqdim etməsi və digər ölkələrlə təcrübə mübadiləsinə önəm verməsi onun müasir idarəetmə yanaşmasının yüksək göstəricisidir.
Bu görüş və imzalanan sənədlər Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq siyasətinin genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Somali Federativ Respublikası ilə qurulan bu yeni münasibətlər təkcə hər iki ölkənin inkişafına deyil, həm də regionda sabitlik və əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək.
Nəticə etibarilə, fevralın 12-də Bakıda keçirilən bu görüş və imzalanan sənədlər Azərbaycan və Somali arasında yeni dövrün başlanğıcını qoyur. Bu, iki ölkənin qarşılıqlı maraqları əsasında qurulan əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid yaradır.
Samirə İsmayılova,
Bakı şəhəri 24 nömrəli tam orta mkətəbin İbtidai sinif müəllimi