Sevgi və sayqı uşaqda özünəinam formalaşdırır
Əks halda daim tənqid olunan və duyğularına əhəmiyyət verilməyən uşaqlarda
özünəinam zəifləyir, bu da gələcəkdə sosial və emosional problemlərə yol aça bilər
Uşaqlarda özgüvənin formalaşması onların gələcək uğurlarına və xoşbəxtliyinə birbaşa təsir edir. Valideynlərin yanaşması, məktəb mühiti və sosial çevrə uşağın özünəinamını gücləndirən əsas amillərdəndir. Klinik psixoloq Nahidə Axundova İkisahil.TV-yə müsahibəsində bu amillərə aydınlıq gətirdi:
– Uşaqda özgüvənin formalaşması erkən yaş dövrlərindən başlayır və tədricən inkişaf edərək onun şəxsiyyətinin əsas dayaqlarından birinə çevrilir. Bu prosesin başlanğıcı 0-3 yaş dövrünə təsadüf edir. Bu yaş aralığında uşaq ətraf aləmi dərk etməyə başlayır və özünü təhlükəsiz hiss etməyə ehtiyac duyur. Əgər valideynlər uşağın emosional ehtiyaclarını düzgün şəkildə qarşılayaraq ona sevgi və qayğı ilə yanaşırsa onda özünə inam formalaşır. Əks halda daim tənqid olunan və duyğularına əhəmiyyət verilməyən uşaqlarda özünəinam zəifləyir, bu da gələcəkdə sosial və emosional problemlərə yol aça bilər.
3-6 yaş dövrü uşağın özgüvəninin möhkəmlənməsi üçün kritik bir mərhələdir. Bu yaşda uşaq artıq özünü daha müstəqil hiss edir və ətraf mühiti kəşf etməyə çalışır. Məktəbəqədər və məktəb dövründə (6-12 yaş) uşağın sosial çevrəsi genişlənir və onun özgüvəninin formalaşmasında valideynlərlə yanaşı, müəllimlər və yaşıdları da mühüm rol oynayır. Uşaq bu yaşda uğur və uğursuzluq anlayışlarını daha dərindən qavrayır. Əgər valideynlər və müəllimlər uşağın kiçik nailiyyətlərini belə qiymətləndirir və onu təşviq edirlərsə, bu, onun öz qabiliyyətlərinə inanmasına və daha böyük məqsədlərə yönəlməsinə şərait yaradır. Bunun əksi olaraq, uşağın səhvləri daim qabardılır, başqaları ilə müqayisə edilirsə, o, özünü kifayət qədər dəyərli hiss etmir və özgüvəni zəifləyir. Erkən yeniyetməlik dövrü (12-18 yaş) isə özgüvənin daha da möhkəmləndiyi və ya əksinə, zəifləyə biləcəyi həssas bir mərhələdir. Bu dövrdə uşaq artıq öz şəxsiyyətini formalaşdırmağa çalışır və özünü cəmiyyətdə qəbul etdirmək üçün daha çox sosial əlaqələrə üstünlük verir. Ümumilikdə, özgüvənin formalaşması bütün uşaqlıq və gənclik dövrü boyunca davam edən dinamik bir prosesdir. Valideynlərin uşağa verdiyi sevgi, dəstək, səhvləri qəbul etmə bacarığı və onu başqaları ilə müqayisə etmədən özünəməxsus şəkildə qiymətləndirməsi sağlam özgüvənin inkişafında həlledici rol oynayır. Uşağın hər bir yaş dövründə ona uyğun şəkildə dəstək olmaq, özünü ifadə etməsinə imkan yaratmaq və müstəqillik qazanmasına şərait yaratmaq onun özünəinamlı bir fərd kimi formalaşmasını təmin edən əsas amillərdəndir.
– Özgüvən ilə eqoistlik arasındakı fərqi necə müəyyənləşdirmək olar?
– Fərqi anlamaq üçün onların əsas xüsusiyyətlərinə nəzər salmaq lazımdır. Belə ki, özgüvən – insanın öz bacarıqlarına, dəyərlərinə və hisslərinə güvənməsi, lakin eyni zamanda başqalarının hüquq və hisslərinə hörmət etməsidir. Belə insanlar fikirlərini sərbəst ifadə edə bilir, eyni zamanda, başqalarının fikirlərini də hörmət bəsləyir. Eqoist insan isə yalnız öz maraqlarını ön plana çəkərək, başqalarının hisslərinə hörmət bəsləmir. Onlar tənqidə qarşı müdafiə mövqeyi tutur və başqalarını günahlandırmağa meyilli olurlar. Qısaca desək, özgüvən insanın özünə inamıdır, eqoistlik isə başqalarına qarşı biganəlikdir. Özgüvənli insan paylaşmağı və əməkdaşlığı vacib hesab edir, eqoist insan isə yalnız öz maraqlarını üstün tutur.
– Travma keçirmiş uşaqlarda özgüvənin bərpası üçün nə edilə bilər?
-Travma keçirmiş uşaqlarda özgüvənin bərpası uzunmüddətli və diqqətli yanaşma tələb edən prosesdir. Belə uşaqlarda əsasən güvənsizlik, qorxu, özünü ifadə etməkdə çətinlik və sosial geriçəkilmə kimi problemlər müşahidə oluna bilər. Bu səbəbdən onların özünəinamını artırmaq üçün həm emosional, həm də davranış yönümlü dəstək verilməlidir. Birinci olaraq onlar üçün təhlükəsiz mühit yaratmaq, duyğularını ifadə etməyə təşviq etmək, kiçik məsuliyyətlər vermək, sosial dəstəyi artırmaq və ən vacibi isə peşəkar psixoloji dəstək göstərməkdir. Burada əsas məqsəd uşağın yenidən güvən qazanmasına, öz dəyərini anlamasına və həyatla sağlam əlaqə qurmasına dəstək olmaqdır. Travma keçirmiş uşaqlara qarşı səbirli və anlayışlı yanaşmaq bu prosesin uğurla nəticələnməsində böyük rol oynayır.
– Özgüvən çatışmazlığı uzun müddət davam etdikdə depressiya kimi psixoloji problemlərin yaranmasına səbəb ola bilərmi?
– Qeyd edim ki, özgüvən çatışmazlığı depressiyanın yaranmasına təsir edə biləcək ciddi amillərdən biridir. Bir insan özünü dəyərsiz və bacarıqsız hiss etdikdə, bu vəziyyət zamanla daha da dərinləşir və depressiya kimi psixoloji pozuntulara səbəb olur. Özgüvənin olmaması insanın mənfi düşüncələrə daha çox fokuslanmasına səbəb olur. Özünə güvəni olmayan bir insan müsbət bir hadisədən belə mənfilik axtarır. Özünü hər zaman tənqid edir, mənfi düşüncələrə köklənir və nəticədə özünü dəyərləndirməməyə səbəb olur.
– Uşaqların tərbiyəsində əvvəlki və indiki nəsil valideynlərin tərbiyə metodları arasında hansı fərqli yanaşmalar mövcuddur?
– Əvvəlki dövrlə müqayisədə bir çox fərqlər mövcuddur. Bu fərqlər cəmiyyətin dəyişən dəyərləri, texnologiyanın inkişafı, psixoloji biliklərin artması və valideynlik yanaşmalarının zamanla təkamülü ilə bağlıdır.
Əvvəlki valideynlər daha çox avtoritar tərbiyə metodlarından istifadə edirdilər. Valideynlər uşaqların seçimlərinə az yer verir, ciddi qaydalar qoyur və itaətkarlığı ön planda saxlayırdılar. İndiki valideynlər isə əsasən demokratik və dəstəkləyici yanaşmaya üstünlük verərək onların seçim etmələrinə imkan yaradırlar. Qısaca desək, keçmiş və indiki valideynlər arasında fərqlər əsasən tərbiyə metodlarının sərtlik səviyyəsi, emosional dəstək, təhsil yanaşmaları və texnologiyaya münasibətdə özünü göstərir. Hər dövrün özünəməxsus çətinlikləri və üstünlükləri var. Ən yaxşı tərbiyə metodu keçmişin dəyərləri ilə müasir yanaşmaların balansını tapmaqdır. Valideynlər uşaqların fərdi xüsusiyyətlərini nəzərə alaraq, onların sağlam, özgüvənli və xoşbəxt böyümələrini təmin etməlidirlər.
– Nahidə xanım, sizcə, indiki dövrdə yeniyetmələrin sosial və emosional inkişafında hansı əsas dəyişikliklər müşahidə olunur?
– Deyərdim ki, bu dəyişikliklər əsasən texnologiyanın təsiri, cəmiyyətin dinamikası və fərqli sosial mühitlərdən qaynaqlanır. Əsas dəyişikliklərə nəzər salsaq görərik ki, bir neçə fərqli məqamlar mövcuddur. Misal olaraq sosial şəbəkələrin təsiri, inkişafa səbəb ola biləcək təzyiqlər, öz kimliyinin formalaşması amili, sosial məsələlərə daha açıq yanaşma və s. ön plandadır. İndiki dövrdə yeniyetmələrin sosial və emosional inkişafı bir çox faktordan təsirlənir, xüsusən də texnologiya və sosial dəyişikliklər bu inkişafı yönləndirir. Bu inkişaf həm müsbət, həm də mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə də yeniyetmələrə doğru istiqamət göstərmək və onların ehtiyaclarına həssas yanaşmaq çox vacibdir.
Şəmsiyyə Əliqızı,
Səbinə Kazımova, “İki sahil”

