Sevincimiz də, kədərimiz də birdir: Azərbaycan-Türkiyə münasibətlərinin BÖYÜK TARİXİ
Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaq”.
Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər.
Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb.
Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan 3 əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm verib və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilib.
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı.
Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türkiyə prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi.
1993-cü ilin yanvar ayında Azərbaycanın İstanbulda Baş Konsulluğu açılıb. Nərminə Mustafayeva 28 iyul 2020-ci il tarixindən etibarən Azərbaycanın bu şəhərdə baş konsulu kimi fəaliyyət göstərir.
12 aprel 2004-cü il tarixində isə Qarsda Azərbaycanın Baş Konsulluğu təsis edilib.
Nuru Quliyev 24.08.16 tarixindən etibarən Qarsda Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərir. Eyni zamanda, Türkiyənin Bakıda Səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Strateji, iqtisadi əməkdaşlıq və enerji sektorunda layihələr
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə “Türk petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiumunda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü idi.
Ümumiyyətlə, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var: Bakı-Tbilisi-Ceyhan layihəsində – 6,53 faiz; “Azəri”-“Çıraq”-“Günəşli” layihəsində – 6,75 faiz; “Şahdəniz” layihəsində – 9 faiz; “Kürdaşı” layihəsində – 5 faiz; “Araz”-“Alov”-“Şərq” layihəsində – 10 faiz.
13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınıb və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilib.
1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağının aşkar edilməsi ilə Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalandı.
2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. Kəmərin Azərbaycanla Gürcüstan ərazisindən keçən hissəsinin 690 kilometrini Cənubu Qafqaz Boru Kəməri (CQBK) təşkil edir, Türkiyənin BOTAŞ şirkətinin Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən hissəsi isə 280 kilometr məsafə qət edərək Ərzurumadək uzanır.
2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.
2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Türkiyə və Azərbaycan qardaşlığının növbəti təzahürü olan, ölkələrimizin birgə layihəsi kimi xalqlarımızın rifahına xidmət edəcək Trans-Anadolu qaz kəməri ideyası 2011-ci ildə həyata vəsiqə almışdı.
Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq
Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müstəqilliyimizin ilk illərində tarixi zərurətə çevrilmişdi. Azərbaycanın hərbi təhlükəsizliyinə böyük təhdid yaranmış həmin mövcud vəziyyətdə hərbi-siyasi müttəfiqlərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi. 1994-2010-cu illərdə Azərbaycanda hərbi təhlükəsizlik siyasətinin formalaşdırılması, milli ordu quruculuğunun həyata keçirilməsi, regionda və dünyada Ermənistanın hərbi təcavüzünü pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən siyasi və hərbi müttəfiqlərin axtarılması və təxirəsalınmaz tədbirlərin görülməsi milli fəaliyyətin ən vacib məsələləri sırasına çıxarılmışdı. Belə bir vəziyyətdə Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətli idi.
2001-ci ilin mart ayında Türkiyə Böyük Millət Məclisində çıxış edən Ümummilli Lider Heydər Əliyev bununla bağlı demişdi:
“Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır. Bilirsiniz ki, bizim Qafqaz bölgəsində vəziyyət çox yaxşı deyildir. Çünki biz, Azərbaycan, qonşu Ermənistanla savaşdayıq. Digər qonşularımızla münasibətlərimizdə çox problemlər var. Ona görə dünyada bizim bir nömrəli müttəfiqimiz, bir nömrəli dostumuz Türkiyədir. Bizim Türkiyənin köməyinə ehtiyacımız var. Yəni iqtisadi nöqteyi-nəzərdən bizim problemimiz yoxdur… Ancaq siyasi nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması baxımından Türkiyənin yardımına çox ehtiyacımız var”.
Əsası 1992-ci ilin avqust ayında Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Turkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Muqavilə”nin imzalanması ilə qoyulan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni impuls almış və qarşıdakı illərdə daha yeni sahələri əhatə edərək genişləndirilmişdi. Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələlərini araşdıran tədqiqatçı Ahmet Yücenin də qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında 2010-cu il qarşılıqlı iş birliyi baxımından bir “zirvə ili” olmuşdu.
2019-cu ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin və sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi paradlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi, iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Bakı səmasında uçuş nümayiş etdirməsi, türk və Azərbaycan əsgərlərinin birgə yürüşü bir daha iki ölkə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirmişdi. Sentyabrın 15-də Azadlıq meydanında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq demişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir”.
Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 28 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.
Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan və 28 il Ermənistan işğalı altında qalan qədim Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə qaldırıldı.
Bununla da Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olmuşlar. “Şuşa Bəyannaməsi” həmçinin dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılması deməkdir. “Şuşa Bəyannaməsi”ndən irəli gələrək, Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət qurumlarımız türkiyəli həmkarları ilə əməkdaşlığı “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun formada həyata keçirir, müttəfiqlik əməkdaşlıq formatı yaradır və əlaqələri sinxronlaşdırır. Bu Bəyannamənin hər iki dövlətin parlamentində təsdiqi ona milli hüquqa daxil edilmiş beynəlxalq müqavilə statusu da vermişdi.
“Şuşa Bəyannaməsi”nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar davam etdirilir. Digər dövlət qurumları da gündəliklərini Şuşa Bəyannaməsinin tələblərinə uyğunlaşdırırlar.
Mədəni əlaqələr
Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməyiblər. Xüsusilə, maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar Imanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə biliblər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.I. Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoymuşdu. Həmin operada German rolunu Lütfiyar Imanov ifa etmişdi.
Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdi. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdi.
Hələ sovet dövründə Azərbaycanda Yaşar Kamal, Orxan Kamal, Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Əziz Nesin kimi türk yazarlarının əsərləri populyar olub və dəfələrlə nəşr edilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib.
Kahramanmaraş zəlzələsi və Türkiyəyə qardaşlıq yardımları 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ölkənin cənub-şərqində böyük fəlakətlərə yol açdı.
Zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Azərbaycan xalqı səfərbər oldu qardaşına yardımlar yolladı, xilasedicilərimiz özünü Türkiyəyə yetirdi, köməyə çatdı.
Bu dəstəyin nəticəsidir ki, Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsi inşa olundu.
Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib və bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanıb. Məhəllədə evsiz qalan ailələr üçün 1000-dən çox mənzil tikilib.
Şahanə Rəhimli
Musavat.com