Region Xəbərləri 

Azərbaycan qadını: mərhəmət və xeyirxahlığın ünvanı

Azərbaycan qadını tarixən xalqımızın milli-mənəvi dəyərlər sistemində mühüm yer tutmuş, ailə institutu, mənəviyyat, mədəniyyət və ictimai həyatın formalaşmasında aparıcı rol oynamışdır. Azərbaycan ailə dəyərlərinin formalaşması və davam etdirilməsində qadınların rolu əvəzsizdir.
XIX əsrdən etibarən Azərbaycanda qadınların təhsil alması və maariflənməsi ön plana çıxmışdır. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə açılan ilk qız məktəbi qadınların maariflənməsinə təkan vermişdir.
Azərbaycan qadınları 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə seçki hüququ qazanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar. Bu da onların ictimai-siyasi fəallığının artmasına təkan verdi. Qadınların hüquqlarının qorunması və maariflənməsi üçün cəmiyyətlər yaradıldı, qızlar üçün məktəblər açıldı. Bununla da Azərbaycan qadınları müsəlman Şərqində ilk dəfə olaraq siyasi hüquqlar qazandılar. Qadınların seçki hüququnun tanınması Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin sübutu kimi tarixdə qaldı və sonrakı dövrlərdə qadınların cəmiyyətdə daha fəal iştirakına yol açdı. Bu, qadın hüquqları baxımından mühüm tarixi hadisə idi və Azərbaycanı dövrün bir çox inkişaf etmiş Avropa ölkələrindən öndə qərarlaşdırırdı.
Azərbaycan qadınları tarix boyu ölkənin inkişafında mühüm rol oynamış və Azərbaycanın müstəqillik əldə etməsindən sonra da bu ənənə uğurla davam etməkdədir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirmiş, ölkədə qadın siyasətinin əsasını qoymuşdur. Qadınların ailə və cəmiyyət həyatında rolunun artırılması üçün sosial müdafiə tədbirləri gücləndirilmişdir. Ana və uşaqların hüquqlarının qorunması, qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində mühüm qanunlar qəbul edilmişdir. Onun rəhbərliyi ilə qəbul edilən qanunlar və dövlət proqramları qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar açmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə qadınların rəhbər vəzifələrə irəli çəkilməsi və onların qərar qəbuletmə proseslərində iştirakı üçün mühüm addımlar atılmışdır. Qızların təhsili ilə bağlı dövlət proqramları icra olunmuş, ali məktəblərdə qadınların təmsilçiliyi yüksəlmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz hərtərəfli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycan qadınının nüfuzunu yüksəltməkdə mühüm rol oynayır. Onun parlaq liderliyi, xeyirxahlıq missiyası, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsimizin dünyada təbliği istiqamətində gördüyü işlər nümunəvi və təqdirəlayiqdir.
Mehriban xanım Əliyeva ölkənin “yumşaq güc” siyasətinin ən bariz təzahürlərindən biri olaraq, humanitar layihələri və diplomatik təşəbbüsləri ilə Azərbaycanın beynəlxalq arenada dostlarının sayını artırır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının əsas təmsilçisinə çevrilmiş, ölkəmizi dünya miqyasında tanıdan genişmiqyaslı layihələrə imza atmışdır. Bu fondun həyata keçirdiyi sosial və xeyriyyəçilik tədbirləri müxtəlif ölkələri və qitələri əhatə edərək, Azərbaycan xalqının humanist və yüksək dəyərlərə malik olduğunu bir daha nümayiş etdirir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan çoxsaylı mühüm layihələr Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə verir. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının mərhəmət və xeyirxahlığını, yüksək intellektual potensialını və əxlaqi dəyərlərini dünyaya nümayiş etdirən mühüm bir örnəkdir.
Azərbaycan qadını tarixin müxtəlif dövrlərində vətənpərvərlik nümunəsi göstərməklə, qəhrəman övladlar yetişdirməklə bərabər, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizələrdə həm ön cəbhədə, həm də arxa cəbhədə müstəsna xidmətlər göstərmişlər. Tarixi Zəfərimizin qazanılmasında Azərbaycan qadınlarının özünəməxsus yeri və mühüm rolu vardır.
Müasir dövrdə Azərbaycan qadını milli-mənəvi dəyərlər sistemini qoruyaraq cəmiyyətin bütün sahələrində fəal iştirak edir və xalqımızın inkişafına töhfə verməyə davam edir.
Ölkəmizdə 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram kimi qeyd olunur və bu gün Azərbaycan qadınlarına dərin ehtiramın ifadəsidir. Müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanan, elm, mədəniyyət, incəsənət, səhiyyə, təhsil və digər sahələrdə ölkəmizin inkişafına töhfə verən qadınlar dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Dövlətimiz tərəfindən onların əməyi yüksək qiymətləndirilərək, bir çox fədakar qadınlar fəxri adlara layiq görülür, orden və medallarla təltif edilirlər. Bu təltiflər Azərbaycan qadınının zəhmətinin, istedadının və cəmiyyətimizin rifahı naminə göstərdiyi əvəzsiz xidmətlərin təqdir edildiyinin bariz nümunəsidir.

Daha çox xəbərlər