Gündəm 

Ermənistanın altındakı “saatlı bomba” – Bakı və Ankaranın bu xəbərdarlığı düz oxunmasa…

Ermənistanın baş naziri Nikol Paşinyan radikal-revanşist müxalifətə qarşı ritorikanı sərtləşdirib. Söhbət özəlliklə Xocalı hərbi caniləri – sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın başçılıq elədiyi “Qarabağ” klanı və onun ətrafına toplaşmış qüvvələrdən gedir.

Bəllidir ki, Köçəryan-Sərkisyan xunta rejimi düz 20 il (1998-2018) hakimiyyətdə olub. Robert Köçəryan hətta Ermənistan konstitusiyasına ziddə olaraq, orada 10 il yaşamadığı halda 1998-ci ildə qanunsuz şəkildə prezident seçkilərinə qatılıb və “qalib” gəlib. 20 illik dövr isə işğal altındakı Azərbaycan torpaqları ilə yanaşı, Ermənistanın özünün də xüsusi acgözlüklə talanması kimi yadda qalıb…

Diqqətçəkicidir ki, Nikol Paşinyan bu gün keçmiş hakimiyyətin legitimliyini bir daha sual altına alaraq, onların səylərinin ölkənin müstəqilliyini məhv etməyə yönəldiyini söyləyib. Sitat: “Seçkiləri saxtalaşdıran uzurpatorlar, sizə hakimiyyəti verənlərin bunu hansı məqsədlə etdiyini unutmayın və danışın. Siz bunu deməyəcəksiniz, amma mən deyəcəyəm. Onlar sizi hakimiyyətə gətirəndə məqsəd Ermənistanın heç vaxt müstəqil dövlət olmaması, ümumiyyətlə, bir dövlət kimi varlığını itirməsi idi. Ermənistanın formal dövlət kimi mövcudluğunun sona çatmasını, bir gün ona buraxılma əmri verilməsini və onların bu əmri itaətlə yerinə yetirməsini istəyirdilər”…

Sirr deyil ki, Köçəryan-Sərkistan cütlüyünə “hakimiyyət verən” Rusiya olub. “Qarabağ” klanını hakimiyyətə elə Moskva gətirib – 1998-ci ildə Levon Ter-Petrosyanı iqtidardan salmaqla. Yəni Nikolun “daşı” hara, kimin bostanına atdığı ortada.

Maraqlıdır ki, iqtidar-müxalifət gərginləşməsi fonunda Ermənistanda Rusiya ordusunun hərəkəti qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya hərbi texnikasının ölkə daxilində irəlilədiyi görünür. Hələlik belə bir hərəkətliliyin səbəbi və məqsədi haqda rəsmi açıqlama verilməyib…

Əslində Ermənistanın formal suverenliyi və ərazi bütövlüyünə ən böyük təhdid ordakı rus hərbi kontingentindən qaynaqlanır, nəinki Türkiyə və ya Azərbaycandan. Bir nov “saatlı bomba” kimi. Çünki yeri gələndə həmin hərbi kontingent erməni ictimai rəyini vecinə almadan məhz Rusiyaya sadiq adamın hakimiyyətini dəstəkləyir və dəstəkləyəcək. Deməli, Ermənistan Rusiya orbitində qaldıqca onun Bakı və Ankara ilə barışığı, dinc yanaşı mövcudluğu həmişə müşkül olacaq.

Təsadüfi deyil ki, bir çox rusiyalı türkofob ekspertlər, ictimai-siyasi xadimlər və diplomatlar daima ermənilərin “ən zəif yeri”ndən basaraq, hayları Türk amili ilə qorxutmağa, onların xəstə şüurundakı “qəddar, vəhşi Türk” mifinin qalmasına çalışırlar. Əks halda, gerçəkdən ölkədə rus hərbçiləri saxlamağın, sərhədləri rus İvanın qorumasının anlamı olmazdı…

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib ki, Azərbaycan və Türkiyənin qonşu ölkəyə, ümumiyyətlə, heç bir dövlətə torpaq iddiası yoxdur, yetər ki, Ermənistan qonşularına qarşı konstitusion ərazi iddiasından əl çəksin. Əksinə, ermənilərin dərin ağlı olsaydı, bilərdilər ki, kapitulyant ölkəyə, lap elə Paşinyanın dediyi, sərhədləri beynəlxalq səviyyədə tanınmış “real Ermənistan”a ən etibarlı zəmanəti yalnız Ankara və Bakı verə bilər.

İstisna deyil ki, hazırda bunu ən yaxşı dərk edən erməni Nikol Paşinyandır. Hər necə olmasa, onun “real Ermənistan” məsələsində nə dərəcədə səmimi olduğu, nə qədər qabağa getmək istədiyi bu il tam dəqiqləşəcək. Bu xüsusda mübaliğəsiz demək olar, 2025 Ermənistanın dövlətçiliyi baxımından həlledici ildir. Keşkə, rəsmi İrəvan bu dönəmin öz xalqından ötrü nə dərəcədə taleyüklü olduğunu anlasaydı, Bakı və Ankaranın sülh çağırışlarını və xəbərdarlıqlarını düz oxusaydı…

Daha çox xəbərlər