Ramazanda sağlam və enerjili qalmağın sirri
Ramazan ayında oruc tutarkən bədənin enerji səviyyəsinin aşağı düşməsi səbəbindən qidalanma və idman rejimi xüsusi diqqət tələb edir.
“BBC news Türkiyə” yazır ki, məşqçi Belal Hafeez və dietoloq Nazim Qureşinin bu mövzuda “Sağlam Ramazan Bələdçisi” adlı kitabı var. Hafeezə görə, Ramazan dua, mənəviyyat və şəxsi inkişaf ayıdır. Qidalanma və idman bu prosesdə vacib rol oynayır, çünki güc balansına və ümumi əhval-ruhiyyəyə təsir edir.
Oruc zamanı sağlam qalmaq üçün vacib məqamlar:
1. Baş ağrılarının əsas səbəblərindən biri susuzluqdur
Qureşi bildirir ki, Ramazanın ilk günlərində baş ağrılarının əsas səbəblərindən biri susuzluqdur. O, iftar və sahur arasında kifayət qədər su içməyi tövsiyə edir. Ən yaxşı üsul, sahura qədər ən azı bir litr su içməkdir. Kofein qəbulunu azaltmaq da baş ağrılarını azalda bilər.
2. Sahurda nə yeməli?
Hafeezin sözlərinə görə, oruc zamanı iftar və sahurda bədəni güclü saxlayacaq qidalara üstünlük vermək lazımdır. Qureşi sahurun əhəmiyyətini vurğulayaraq, protein, sağlam yağlar və kompleks karbohidratlarla zəngin qidalar qəbul etməyi məsləhət görür. Gecədən isladılmış yulaf əla seçimdir, çünki tərkibində süzülmüş qatıq, çia toxumu, meyvə və süd kimi qida elementləri var.
3. Aşırı yeməkdən çəkinmək lazımdır
Hafeez, iftar zamanı həddindən artıq yeməyin düzgün olmadığını bildirir. Xüsusilə qızardılmış və yüksək kalorili yeməklərdən uzaq durmaq vacibdir. Qureşi isə bildirir ki, ağır qidalar ertəsi gün oruc tutmağı çətinləşdirir. Su, xurma və meyvə ilə orucu açmaq, ibadətdən sonra əsas yeməyə keçmək tövsiyə olunur.
4. Yavaş və balanslı yemək tövsiyə edilir
İftar zamanı hər şeyi yemək məcburiyyəti hiss etmək əvəzinə, qida qəbulunu nəzarətdə saxlamaq vacibdir. Hafeez, yavaş yeməyi və süfrədə daha çox söhbət etməyi məsləhət görür. Qureşi isə iftar süfrəsinə salat kimi sağlam qida əlavə etməyi təklif edir.
5. İdmanı düzgün vaxtda etmək faydalıdır
Hafeez deyir ki, bir çox insan iftardan bir-iki saat əvvəl idman edir ki, məşqdən sonra qida qəbul edə bilsin. Ancaq bu, fərdi rejimdən asılıdır. Bəziləri günorta saatlarında məşq edərək gün ərzində enerjili qala bilir. İftardan sonra idman etmək də mümkündür, lakin bu zaman namaz ilə balans qurmaq lazımdır.
6. Güc və stabilliyə fokuslanmaq məqsədəuyğundur
Ramazanda yüksək intensivli məşqlərdən uzaq durmaq, əvəzinə hərəkətlilik, güc və bədənin stabilliyini artırmağa yönəlmək tövsiyə olunur. Hafeez qeyd edir ki, bu dövrdə düzgün idman rejimi ilə bədənə möhkəm baza qurmaq mümkündür. Mütəmadi fiziki aktivliyi olmayanlar üçün Ramazan yeni idman rejiminə başlamaq üçün ideal vaxt deyil, lakin yürüşlər etmək yaxşı seçimdir.
Fidan Fərmanlı,
BSU-nun tələbəsi