Əsas səhifə 

Azərbaycan – Türkiyə: Strateji tərəfdaşlığın yeni səhifəsi

İğdır–Naxçıvan qaz kəmərinin reallaşması ölkəmizin regional enerji mərkəzi kimi mövqeyini daha da gücləndirəcək və türk dünyasının iqtisadi inteqrasiyasına böyük töhfə verəcək

Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” prinsipi sadəcə şüar deyil, tarixi köklərə, ortaq mədəniyyətə və maraqlara əsaslanan real bir münasibətdir. Bu qardaşlıq bağları əsrlərlə formalaşıb və zamanın sınaqlarından uğurla çıxıb. Bu əlaqələrin gücü bir neçə əsas faktora dayanır. Belə ki, Azərbaycan və Türkiyə eyni etnik-mədəni mənsubiyyətə sahibdirlər. Oğuz türkləri hər iki xalqın əsasını təşkil edir, dilimiz, adət-ənənələrimiz, musiqimiz və mətbəximiz bir-birinə yaxındır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Osmanlı İmperiyasının varisi olan Türkiyə bu müstəqil dövləti dəstəkləyərək diplomatik əlaqələrini genişləndirmişdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər daha da yaxınlaşmağa başlayıb. Türkiyə Azərbaycanın  müstəqilliyini tanıyan ilk ölkə olub.

Bu tarixi və mədəni bağlılıq Azərbaycan və Türkiyənin təkcə qardaş ölkələr kimi deyil, həm də strateji tərəfdaşlar kimi bir-birinə dayaq olmasına zəmin yaradır.  Azərbaycan və Türkiyə regionda və dünyada mühüm geosiyasi aktorlardır. Xüsusilə enerji layihələrində (TANAP, TAP kimi layihələr), hərbi əməkdaşlıqda və siyasi dəstəkdə bir-birlərinin yanında olublar. 2020-ci il Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bu qardaşlığın canlı sübutudur.

İki qardaş ölkənin siyasi və strateji tərəfdaşlığı onların iqtisadi əlaqələrinin inkişafında da özünü göstərir. Xüsusilə enerji sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyənin regionda və dünyada güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 2023-cü ildə 8 milyard ABŞ dolları olub  və bu dinamika yüksələn xətlə davam edir. Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırımları isə artıq 20 milyard dolları ötüb ki, bu da iki qardaş ölkənin iqtisadi inteqrasiyasının nə qədər güclü olduğunu göstərir. Gələcək illərdə bu rəqəmin daha da artacağı gözlənilir.

Azərbaycan regionun ən böyük enerji təchizatçılarından biri kimi Türkiyə vasitəsilə Avropaya enerji ixrac edir. Bu sahədə əməkdaşlığın əsasını strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təşkil edir. 2006-cı ildən etibarən bu layihələr iki ölkə arasındakı iqtisadi əlaqələri daha da dərinləşdirib və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında Türkiyənin tranzit ölkə rolunu oynaması həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır.

Bu əməkdaşlıq 2020-ci ildə tam fəaliyyətə başlayan TANAP Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi ilə daha da güclənib. TANAP Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya nəql etməklə həm regional enerji təhlükəsizliyinə töhfə verir, həm də Avropanın enerji tələbatının diversifikasiyasına kömək edir.  TANAP Azərbaycanın Cənub Qaz Dəhlizi çərçivəsində Avropa bazarlarına çıxışını təmin edən əsas infrastruktur layihələrindən biridir. Bu strateji enerji tərəfdaşlığı yalnız iqtisadi gəlir gətirmir, həm də Azərbaycan və Türkiyənin regional və beynəlxalq miqyasda geosiyasi mövqelərini möhkəmləndirir. Bu layihələr sayəsində hər iki ölkə həm regional güc mərkəzi rolunu oynayır, həm də qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın enerji siyasəti və Türkiyənin tranzit ölkə funksiyası bu iki dövlətin iqtisadi əlaqələrini daha da gücləndirərək gələcəkdə yeni layihələr üçün də geniş imkanlar yaradır.

Bu strateji əməkdaşlığın ən son nümunələrindən biri də enerji sahəsində həyata keçirilən mühüm infrastruktur layihələridir. Bu kontekstdə Azərbaycan və Türkiyə əməkdaşlığında mühüm əhəmiyyət kəsb edən İğdır-Naxçıvan qaz kəmərinin tikintisi xüsusi qeyd olunmalıdır. Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçiriləndə çıxış edən Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bir il yarım bundan öncə Naxçıvanda bu qaz xəttinin təməlinin qoyulduğunu və bu gün isə artıq istifadəyə verildiyini bildirib.

Qeyd edək ki, İğdır–Naxçıvan qaz boru kəməri Azərbaycan – Türkiyə strateji tərəfdaşlığının daha da dərinləşdiyini göstərən mühüm layihələrdən biridir. 2020-ci il dekabrın 15-də Ankarada imzalanan Anlaşma Memorandumu ilə əsası qoyulan bu layihə Naxçıvanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, iki ölkənin iqtisadi və geosiyasi əməkdaşlığını da yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması onun strateji əhəmiyyətinin təsdiqi oldu. Naxçıvanın sosial-iqtisadi inkişaf proqramına daxil edilməsi isə layihənin bölgənin dayanıqlı enerji təminatında mühüm rol oynayacağını göstərir.

2023-cü il sentyabrın 25-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İğdır–Naxçıvan boru kəmərinin təməlqoyma mərasimi iki ölkənin enerji əməkdaşlığında tarixi hadisə oldu. Hər iki lider bu infrastrukturun yalnız enerji təminatına deyil, həm də Azərbaycan-Türkiyə iqtisadi və siyasi münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyini xüsusi vurğuladı.

Bu boru kəmərinin istifadəyə verilməsi Naxçıvana təbii qazın daha təhlükəsiz və səmərəli şəkildə çatdırılmasını təmin edəcək. Layihəyə əsasən gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın qaz tələbatını tam ödəməyə imkan verəcək. Gələcəkdə isə boru kəmərinin ötürücülük qabiliyyətinin iki dəfədən çox artırılması mümkün olacaq. Layihənin idarəçiliyi Azərbaycan Respublikasının  Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçirilir ki, bu da iki ölkənin enerji sektorunda inteqrasiyasını daha da gücləndirir.

Dövlətimizin başçısı İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində çıxışında qeyd edib ki, iki qardaş ölkənin birgə həyata keçirdiyi enerji layihələri, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verib. Məsələn, Türkiyəni Azərbaycanla birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün əlverişli şərait yaradıb: “Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə nitqində “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə olunduğunu, ölkələrimiz arasındakı münasibətlərin müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf etdiyini vurğulayıb və bu əməkdaşlığın enerji sektoruna da müsbət təsir göstərdiyini bildirib.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər