Cəmiyyət 

Qida israfının qarşısını necə ala bilərik?-MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Qida israfı qlobal miqyasda ciddi sosial, iqtisadi və ekoloji problemlər yaradır. Statistikaya nəzər salsaq dünyada istehsal olunan bütün qidaların təxminən 30-40%-i israf olunur. Bu təkcə maddi itkilərə səbəb olmur, həm də su, enerji və təbii resursların boş yerə sərf olunmasına gətirib çıxarır. Qida tullantılarının azaldılması həm fərdi, həm də cəmiyyət səviyyəsində vacib bir məsələdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, insanlar ehtiyaclarından artıq qida almağa meyllidirlər. Bu, adətən tələsik və plansız alış-verişin nəticəsində baş verir. Bunun qarşısını almaq üçün yalnız ehtiyacımız olan məhsulları almalıyıq. Ac olduğumuz zaman çalışaq ki alış-verişə getməyək. Bu hal lazımsız və həddindən artıq qida almağa gətirib çıxarır. Böyük həcmdə qida almaqdansa, az miqdarda və mütəmadi almaq daha məqsədə uyğundur:

Qida israfının qarşısını necə ala bilərik?-MÜTƏXƏSSİSDƏN AÇIQLAMA“Bəzən insanlar artıq miqdarda yemək bişirir və onu israf edirlər. Bunun qarşısını almaq üçün yeyə biləcəyimiz qədər yemək hazırlamalıyıq. Artıq qalan yeməkləri düzgün saxlayıb və növbəti gün üçün istifadə edə bilərik. Artıq qalmış çörəkdən qırıntılar hazırlamaq, tərəvəzlərdən şorba etmək olar. İstifadə edilməyən, amma yararlılıq müddəti keçməmiş məhsulları ehtiyacı olan insanlarla bölüşmək qida israfının qarşısını almağın ən humanist üsullarından biridir.
Restoranlar və marketlər qida tullantılarının əsas mənbələrindən biridir. Onlar artıq qalan yeməkləri ehtiyacı olanlara bağışlaya bilər. Kiçik porsiyalar təklif edərək müştərilərin artıq sifariş verməsinin qarşısını ala bilər. Müştəriləri qalan yeməkləri evə aparmağa təşviq edə bilər. Bəzi hallarda artıq bir çox müştərilər restoranlarda artıq qalmış qidaları paketləyərək evə aparırlar. Əslində bu yaxşı haldır.
Hər sahədə olduğu kimi qida israfına qarşı mübarizədə maarifləndirmə mühüm rol oynayır. İnsanlar bu məsələnin ciddiliyini dərk edərək bu istiqamətdə fərdi və kollektiv tədbirlər görməlidirlər. Məsələn, məktəblərdə və iş yerlərində maarifləndirmə kampaniyaları aparıla bilər. Sosial mediada qida israfı ilə bağlı məlumatlar paylaşa bilərik.
Qida israfına qarşı mübarizə həm fərdi, həm də cəmiyyət səviyyəsində davamlı səylər tələb edir. Düzgün planlaşdırma, şüurlu istehlak vərdişləri və sosial məsuliyyət qida tullantılarının azalmasına və resursların daha effektiv istifadəsinə gətirib çıxara bilər”.

Daha çox xəbərlər