Orucun insan ruhuna və bədəninə təsiri necə izah olunur?
“Orucun əsas hikməti insanı mənəvi yetkinliyə və özünənəzarətə çatdırmaqdır. Allah Quranda buyurur ki, oruc bizə təqva qazandırmaq üçün fərz edilmişdir (Bəqərə, 2:183)”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.
“Təqva mövzusu Quranın ən çox önəm verdiyi məsələlərdəndir. Özünənəzarət insanın yiyələnə biləcəyi ən önəmli bacarıqdır. Bədənə təsirinə gəlincə, oruc bədəni dincəldir, həzm sistemini tənzimləyir, toxumaları yeniləyir və immun sistemini gücləndirir. Günümüzdə tibb elmi də sübut edib ki, oruc tutmaq bədənə çox müsbət təsir edir.
Ruha təsiri isə budur ki, oruc insanı maddi aləmdən çıxarıb, mənəvi dəyərlərə yönəldir. Aclıq hissi insana Qiyamət gününün aclığını, habelə yoxsulların vəziyyətini xatırladır, eqonu tərbiyə edir və insanda səbir, rəhm və paylaşma duyğularını artırır.
Qısacası, oruc həm bədəni sağlamlaşdırır, həm də ruhu saflaşdırır”,-deyə dinşünas əlavə edib.