Paşinyan İrəvanda türkiyəli jurnalistlərə nə deyib? – erməni hiyləsi, yoxsa…
Ermənistan baş naziri Nikol Paşinyan dünən İrəvanda türkiyəli jurnalistlərə müsahibə verib. Bu barədə o, özü Facebook səhifəsində bildirib. “Hraparak” erməni nəşri isə öz mənbələrinə istinadla bu xüsusda yazıb ki, Paşinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, ilkin şərt olmadan sərhədlərin açılması, həmçinin “soyqırımın” tanınması mövzusuna yenidən baxılması və Meqri (Qərbi Zəngəzur) vasitəsilə, dəmiryolu ilə maneəsiz yük daşımalarını təmin etməyə hazır olması haqda danışıb.
Qeyd edək ki, Paşinyanın Türkiyə media mənsublarını ölkəyə dəvət etməyə hazırlaşması haqda hələ ötən ilin oktyabrında onun ofisi məlumat yaymışdı. Hələ ki, müsahibənin tam mətni yayılmayıb, bununla belə, faktın özü qarşılıqlı etimadı yaxşılaşdırmaq yönündə kövrək addım sayıla bilər. Hər necə olmasa, qardaş ölkə KİV-i İrəvanın Bakı və Ankara ilə böyük sülhü necə təsəvvür eləməsi haqda bu dəfə Paşinyanın özündən bilgi və məlumat almaq imkanında olub.
Ancaq Nikol Vovayeviçin söz oynatmaq ustası olduğu da unudulmamalıdır. Odur ki, müsahibədə onun nə söyləməsindən asılı olmayaraq, Ermənistan rəhbəri üçün sözdən işə keçməyin vaxtı çoxdan çatıb. Söhbət ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu konstitusiyanı dəyişməkdən (üst-üstə 190 min kv km-lik bir ərazidən!) gedir. Bunsuz bütün sülh səyləri, o sırada sərhədlərin açılması yönündə cəhdlər iflasa məhkumdur…
Yəni Paşinyanın ümid etdiyi kimi, Türkiyə ilə sərhədlərin ilkin şərt olmadan açılması istisnadır. Şərt var və bəlli. Üstəlik, qardaş dövlət rəsmiləri ən yüksək səviyyədə bəyan ediblər ki, Ermənistan yalnız Azərbaycanla anlaşdıqdan sonra Türkiyə ilə sərhədlərin açılmasına ümidlənə bilər.
Hətta qondarma “soyqırımı” məsələsində hansısa güzəşt də Ankara üçün yetərli deyil. İkinci yandan, həmin məsələ “Dağlıq Qarabağ” kimi Ermənistan konstitusiyasında milli prioritetlər sırasında yer alıb. Deməli, quru vədlər, qulağa xoş gələn ritorika kifayət deyil, olmayacaq. Biz hələ 1915-ci il hadisələrinin obyektiv araşdırılması üçün Türkiyə və erməni mütəxəssislərindən ibarət ortaq təhqiqat qrupunun yaradılması ilə bağlı Ankaranın təklifinin hələ də havada qalmasını demirik.
Bəlkə Paşinyan Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına nail olmaqla iki qardaş ölkə arasında soyuqluq yaradacağını zənn edir. Xam xəyaldır. Əsas səbəbi yazdıq. Bundan əlavə, Azərbaycan və Türkiyə artıq illərdir “erməni mövzusu”nda ortaq, cilalanmış mövqeyə sahibdir…
Əməli işdən biri də erməni cəmiyyətində hələ də güclü olan Türkə aşırı nifrətin səngitmək, xalqlar arasında kin-nifrət, düşmənçilik səhifəsini çevirmək üçün real işlərin görülməsidir. Yeri gəlmişkən, 2023-cü ilin aprelində İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində, Nikol Paşinyanın gözü önündə Azərbaycan bayrağı yandırılmışdı. Həmin təxribatçı olaya Paşinyan heç bir reaksiya verməmiş, onu pisləməmişdi.
Bir il sonra – 2024-cü ilin aprelində isə baş nazir İrəvanın mərkəzində “Nemezis” terrorçularına abidə kompleksi qoydurdu. Onun rəsmi nümayəndəsi – hakim partiyanın üzvü açılışda çıxış edərək, Türkiyə və Azərbaycan ictimai-siyasi xadimlərini qətlə yetirmiş daşnak-quldurları qəhrəman qismində vəsf elədi. Bakı və Ankaranın abidəni sökmək çağırışları qulaqardı edildi…
Yaxud Ermənistanın sürətlə silahlanması və altdan-altdan müharibəyə hazırlaşması necə olsun? Azərbaycan və Türkiyə ən yüksək səviyyədə qonşu ölkəyə torpaq iddialarının olmadığını bəyan edibsə, – hərçənd Ermənistanın tarixi Türk torpaqlarında qurulduğu danılmaz faktdır, – o zaman bu həşir nə?! Kimin başının altına yastıq qoymaq istəyirlər? Nədən konstitusiya referendumunu bu ilə də yox, gələn ilə nəzərdə tutulur? Bu astagəlliyin səbəbi nədir? Nəhayət, Paşinyan hansı əsasla “Ermənistan konstitusiyasında heç bir ölkəyə ərazi iddiası yoxdur” deyib dirənir, Bakıdakı xuntaçılar üzərində məhkəməni “tamaşa” adlandırır, istintaq altında olan ermənilərə guya psixotrop dərmanların yeridildiyini ərz edir?
Bu qəbil sualların hamısının cavablarını Azərbaycanda da, Türkiyədə də yaxşı bilirlər. O səbəbə Nikol tam əmin ola bilər: hər iki paytaxtda yalnızca əmələ qiymət veriləcək və ona uyğun da davranış sərgillənəcək. Erməni sülhü seçəcəksə sülhü, ağılsızlıq edib müharibəni seçəcəksə, müharibəni alacaq…