Bərdədə “Qadınların Siyasət Akademiyası” layihəsinin icrası başa çatıb.
Bərdə Qadın Klubu tərəfindən icra edilən və ümumilikdə regionlarda yaşayan 20 qadının cəlb edilməsi ilə həyata keçirilən “Qadınların Siyasət Akademiyası” layihəsi bu ilin fevral ayında yekunlaşıb. Layihə çərçivəsində regionlarda yaşayan qadınların siyasi savadlılığının artırılması, onların sözügedən sahə üzrə vacib olan bilik və bacarıqlara yiyələnməsi və siyasətdə qadın iştirakçılığının artırılması məqsədilə, müxtəlif mövzularda təlimlər, görüşlər keçirilib. Bununla yanaşı, iştirakçıların praktik bacarıqlar əldə etməsi məqsədilə regionlardakı siyasi institutlarla yanaşı, təhsil qurumlarına da öyrənmə səfərləri təşkil edilib.
Layihə rəhbəri Ülviyyə Babayevanın sözlərinə görə, ümumiyyətlə Azərbaycanda bir çox sahələrdə olduğu kimi, siyasətdə də qadın iştirakçılığı çox azdır və xüsusilə regionlardan olan qadınların problemlərinin işıqlandırılması, onların həlli istiqamətlərinin təklif olunması və digər məsələlərdə çox ciddi çətinlikləri ortaya çıxarır, və bir qadının səsinin eşidilməsi baxımından onların siyasətdə təmsil olunması çox vacibdir. Bu layihənin də həyata keçirilməsində əsas məqsəd, regionlarda yaşayan qadınları siyasətdə aktiv şəkildə iştiraka təşviq etməklə, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, və gələcəkdə Azərbaycanda daha çox qadın siyasətçilər görmək üçün yeni kadrlar yetişdirmək olub.
Qeyd edək ki, layihə 7 ay davam edib və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənib.