Avropa İttifaqının kəşfiyyatçıları Bakıda necə ifşa olundu – növbəti addımların anonsu
Azərbaycanın başkəndi növbəti böyük tədbirə evsahibliyi edir. XII Qlobal Bakı Forumunda dövlətimizin və xalqımızın maraqlarını ifadə edən bəyanatlar verilir, bölgəni təhdid edən çevrələrə xəbərdarlıqlar ünvanlanır, rifah və daimi sülh üçün yol xəritəsi nişan verilir. Əvvəlki forumların bəzilərində davamlı şəkildə iştirak etmişəm. O zaman Qarabağ işğaldaydı və beynəlxalq status almış bu Forum həqiqətlərimizin yayılması baxımından çox önəmli platforma idi. İndi torpaqlarımız azaddır, amma hələ də yerində olmayanlar, cızığından çıxa(arıla)nlar var və deməli, deyiləsi sözlər də var.
Son zamanlar Ermənistanın növbəti təhlükəli oyunlara başlaması və hətta yeni müharibə tədarükü görməsinin qarışlığında Azərbaycan rəhbərliyinin 13 mart xəbərdarlıqları həm İrəvandakıların, həm şərti sərhədlərimiz boyunca – başqa söz yazmağa tərbiyəmiz imkan vermir – əllərində binokl hərlənənlərin, həm də Ermənistan rəhbərliyinin boynuna çatı salıb, sürüyənlərin qulaqlarında sırğa olmalıdır! 30 il ərzində Azərbaycanın sülhə yönəlik çağırışlarını qulaqardına vuranlar, hətta yeni ərazi eşqinə düşənlər ağıllı davranmadılar, onları normal mövqe sərgiləməyə imkan vermədilər və məsələləri Dəmir Yumruq həll etdi.
Görünür dərs olmayıb, yenidən baş qaldırırlar. Bu dəfə Azərbaycan dövlətinin irəli sürdüyü şərtləri icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırmağa çalışırlar. Üstəlik, fürsət düşən kimi hərbi təxribat törədirlər, necə ki, ötən həftə Gorus istiqamətində silahlar işə düşdü. Nədənsə Avropa İttifaqının binoklluları “yatan vaxta” düşdü erməni təxribatçıların tətiyi çəkməsi, bu barədə nə danışdılar, nə danışdılar. Amma Azərbaycan Prezidenti İlham Əliyev onların iç üzünü növbəti dəfə açdı, özü də Bakı Forumunda.
Sitat: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”. Bu, artıq tam ifşa çıxışıdır, Avropa İttifaqını rəzil edən faktdır. Bu, Azərbaycan dövləti səviyyəsində verilən qiymətdir. Beynəlxalq hüquq adına ləkə gətirənlərin fiaskosudur. Azərbaycan Prezdenti heç zaman təsadüfən söz demir, özü də beynəlxalq tədbirdə, bütün dünyanın gözü qarşısında! Yəni özünüzə nə bərli-bəzəkli ad qoyursunuz-qoyun, xeyri yoxdur, sizin dabbaqda gönünüzə bələdik. Prezident onluğa vurub: “Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır”.
Bəli, Brüsselin yarımsilahlıları mülki missiya deyil, kəşfiyyatçı dəstələrdir. Onların bu faktın qarşılığında əks arqumentləri yoxdur. Varsa, sübut eləsinlər ki, belə deyil. Dünyadakı 200-ədək dövlətin başqa hansında eyni statuslu, eyni məqsədli missiya var? Heç Ukraynanın özündə belə bənzər fəaliyyəti mövcud deyil Avropa İttifaqının. Ermənistandakı casus şəbəkəsinə isə Kanadanın timsalında NATO ölkəsi də daxildir.
Azərbaycanla Ermənistan arasında gərginlik yox, hücum planı masada mövcud deyil ki, Aİ-nin kəşfiyyatçıları hər gün Laçın, Zəngilan, Qubadlı, Naxçıvan…tərəflərə gəlib, saatlarla dayanır, nələrəsə baxır, müzakirə edir, barmaqları ilə hansısa yüksəkliyi, ya məntəqəni göstərir, erməni hərbçilərlə bu barədə danışırlar. Bu davranışın bir adı var: avropalı kəşfiyyatçılar Ermənistan ordusunun Azərbaycanla şərti sərhədin hansı hissəsindən daxilimizə sızmağın mükünlüyünü araşdırır, vizual görüntülər keçirir, binokllarla dərinliklərimizə baxır və hücum planı hazırlayırlar!
Aylardır davam edən bu həyasızlığın başqa adı yoxdur! Bu, açıq-aşkar Azərbaycan ərazisinə müdaxilə cəhdidir. Bu, psixoloji təhdiddir. Sözsüz ki, sərhədçilərimizə və hərbçilərimizə hər hansı təsir göstərə bilməzlər, qəhrəmanlarımız onları yarandığına peşman edər. Amma axı, bölgədə həm də mülki sakinlərimiz yaşayır, onlar uzun həsrətdən sonra öz yurdlarına qayıdıblar, sakit, təhlükəsiz şəraitdə yaşayırlar. Avropa İttifaqının hərbi-kəşfiyyat dəstələri 30 il ərzində Ermənistanın işğalından məşəqqətlər çəkmiş dinc insanlarımıza qarşı təhdidlərə son qoymalıdır!
Əminik ki, Aİ missiyasının həyasız davranışları rəsmi qurumlarımız tərəfindən ciddi araşdırılır və müvafiq tədbirlərlə bağlı müzakirələr gedir. Fikrimcə, artıq bu özbaşınalıqlara və təhdidlərə son qoyulması üçün Brüsselə xəbərdarlıq edilməsinin vaxtı çatıb! Ukraynanı fəlakətlərlə üz-üzə qoyan Avropa İttifaqının ayrı-ayrı dövlətləri, xüsusilə də Makron Fransası bu gün Ermənistan üzərindən öz oyunlarını həyata keçirməyə çalışır.
Əgər Brüssel Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında birbaşa əməkdaşlığın yaranmasından və sərhədlərin dəqiqləşdirilməsinə başlanılmasından sonra da bölgədən əl çəkməməklə, həm kəşfiyyatçıların saylarını, həm də onların Ermənistanda qalma müddətini artırmaqla mənfur istəklərini gerçəkləşdirməyə çalışırlar. Kəsəsi, Minsk Qrupunun dirilməsi mümkün deyilsə, heç olmasa Aİ-nin timsalında hansısa “vasitəçi”nin varlığının qəbul edilməsinə çalışırlar. Çox təhlükəli oyunlara baş vurublar. Hər gün Azərbaycan əsgərlərinin qarşısında səf tutan kəşfiyyatçılar qarşı tərəfdən tətiyin çəkilməsini çox arzulayırlar, erməni təbliğatının çırağını yandırmaq və Aİ-nin hərbi qüvvələrinin sayını növbəti dəfə artırmaq üçün…
Artıq Prezident çox sərt formada sözünü dedi. Bundan əvvəl ötən il, Belçikanın Azərbaycandakı səfirini qəbul edərkən Aİ missiyası haqda xəbərdarlığını etmişdi, bu heyətin Azərbaycanla razılaşdırılmadan Ermənistana göndərildiyini vurğulamışdı, həmçinin missiyanın vaxtının uzadılmamasını məsləhət görmüşdü. Yenə də qulaq asmadılar və 2027-ci ilədək bu kəşfiyyatçılar Ermənistanda qalacaq. Deməli, hələ azı iki il əsəblərimizlə oynayacaqlar, hər an təxribat törətməyə çalışacaqlar. Yəqin ki, Prezidentin son xəbərdarlığının ardınca rəsmi qurumlarımız, Xarici İşlər, Müdafiə, Dövlət Sərhəd Xidməti Brüsselə ünvanlı xəbərdarlığını ünvanlaya bilər ki, kəşfiyyatçılarınızı yığışdırın, Azərbaycanı təxribata çəkməyə çalışmasınlar, yoxsa baş verənlərə görə bütün məsuliyyət Ermənistanla yanaşı, bu missiyanın da üzərinə düşəcək! Yeni Aprel döyüşlərinin ssenarisini hazırlayan elə həmin bu kəşfiyyatçılardır!