Cəmiyyət 

“Boşanmaların 70 yox, 90 faiz təşəbbüskarı qadınlardır”- Sosioloqdan qalmaqallı açıqlamalar

Boşanmaların çoxalması və Aliment Fondunun yaradılması məsələsi yenidən gündəmdədir. Bir gün öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, Aliment Fondunun yaradılması çox zəruridir:

“Ona görə ki, borcluların 70%-dən çoxu işsiz, gəliri olmayan şəxslərdir. Bu insanlara sanksiya tətbiq etməklə uşaqların rifahını, onların davamlı olaraq maddi tələbatını ödəməsinə nail ola biləcəyik? Bu barədə düşünməyə dəyər”.

Şöbə müdiri qeyd edib ki, boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır: “Bunun səbəbi nədir? Məişət zorakılığı faktları var. Boşanma proseslərində 70 faiz xasiyyətin uyğun gəlmədiyini əsas gətirirlər. Görünür burada daha dərin səbəblər var”.

Həqiqətən də boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır? Bəs Aliment Fondunun yaradılması ətrafında niyə fikir ayrılığı yaranır?

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

“Taliyə xanım rəqəmi xeyli azaldıb. Çünki burada rəqəm 90 faizdir. Bunu Mediasiya Şurasının nümayəndələri də, vəkillər də dəfələrlə rəsmi olaraq bəyan ediblər. Ailə institutunun dağılmasının əsas səbəbkarı qadınlardır, yəni 90 faizi. Digər 10 faizi, kişilərin narkomaniyaya, alkoqolizmə, qumara qurşanması ilə bağlıdır. Psixi problemi olanlar da var ki,  qadınlara şiddət, zorakılıq göstəriblər. Amma bunlar da azlıq təşkil edir. Son dövrlərdə qadınlar üzərində aparılan təbliğat kampaniyaları  öz nəticəsini verməkdədir. Seriallar, şoular, psixoloqlar vasitəsilə qadınlara iyirmi ildir ki, təbliğatlar aparılır. Ailə lazım deyil, əsas karyeradır, əsas əyləncədir. Həyatını özünə həsr et. Əksər qadınlar seriallarda gördüyü zəngin həyatı yaşamaq istəyirlər. Burada artıq dözümsüzlük meydana gəlir, sadə həyatla qane olmurlar. Bu kimi səbəblər ailələrin dağılmasına gətirib çıxarır. Ümumən boşanmaların 90 faizi mənəvi-psixoloji səbəblərdəndir. Burada böyük ölçüdə xəyanət faktorunun da rolu var, dözümsüzlük, eqoizmin də rolu var. 10 faiz hallarda sosial-iqtisadi səbəblərin rolu var.

Ümumiyyətlə, mənəvi, əxlaqi deqradasiya və sosial-iqtisadi problemlər-kapitalizm sistemində keçəndən sonra hər iki sahədə ciddi tənəzzül gedir. Mənəvi dəyərlərimiz məhv edildi. Müasirlik təbliğatı, yeni dəyərlər, azadlıq adı altında bütün mənəvi dəyərlərimiz, milli mədəniyyətimiz nə vardırsa, məhv edildi. İnteqrasiya, qadın azadlığı, gender bərabərliyi kimi uydurma sözlərlə bu xalqa mənəvi terror etdilər. Artıq mənəvi dəyərlər məhv edilir”.

O ki qaldı Aliment Fondu ilə bağlı məsələyə, sosioloq deyib ki, bu sahədə son dövrlərdə çox ciddi problemlər müşahidə olunur:

“Azərbaycanda maaşlar çox aşağıdır, aliment verməyə imkan vermir. Minimum maaş 400 manatdır. Ortalama əmək haqqı da 600 manatdır. Yaşayış minimumu da uşaqlar üçün 230 manatdır. Təsəvvür edin, 2-3 uşağa aliment verəcək bir atanın maaşı buna çatmaz. Yəni heç bir ata, nə də ana övladına aliment verməkdən imtina etmir. Yalnız məcbur qaldıqda bunu ödəməyə bilər. Buna səbəb isə onun işsiz olması və ya çox aşağı, hətta özünü dolandırmağa belə yetməyən maaş alması səbəbilə ola bilər. Belə bir mexanizm yoxdur ki, dövlət vətəndaşı ac qoyub, əlindəki pulu alıb aliment kimi köçürsün. Təbii ki, bunu ata öz istəyi ilə sərbəst şəkildə edə bilər amma bunu dövlət etməməlidir. Çünki hər vətəndaşın minimal ehtiyacları, yaşamaq hüququ var. Dövlət də bunu təmin etməlidir. Kimlər ki, qəsdən aliment vermir, dövlət ondan ala bilər, hüquqi şəxsdirsə vergi tutula bilər və s. Amma işsizlik səbəbindən və ya maaşın az olması səbəbindən alimenti ödəyə bilməyənlərə dövlət dəstək olmalıdır, sonradan o şəxslər işlə təmin olunduqdan sonra maaşından hissə-hissə uzun müddətə tutmaq olar”.

Daha çox xəbərlər