Cəmiyyət 

Kardiologiyada inqilab – Azərbaycanda da süni ürək varmı…

Cərrah: “Ürək dəstək cihazları ona görə tətbiq edilmir ki…”

Avstraliyada ürək çatışmazlığından müalicə alan xəstə süni ürəklə 100 gün yaşayıb. Bu dünya tibb tarixində ilk dəfə baş verib. Belə ki, 2024-cü ilin noyabrında 40 yaşlarında olan şəxsə 6 saatlıq əməliyyatla “BiVACOR” süni ürək transplantasiya edilib. Əvvəlki ABŞ sınaqlarında bu texnologiya ilə müalicə olunan xəstələr adətən 27 gün ərzində donor ürək alırdı. Lakin Avstraliyadakı xəstə 100 gün süni ürəklə yaşayıb. Sidneydə keçirilən uğurlu əməliyyatdan sonra xəstə donordan real ürək transplantasiyası ilə sağlığına qovuşub.

Əməliyyatı həyata keçirən cərrah professor Paul Jansz bu tibbi uğuru “illərdir üzərində çalışdıqları bir xəyalın reallaşması” kimi qiymətləndirib, Professor Chris Hayward isə BiVACOR-un ürək çatışmazlığının müalicəsində beynəlxalq inqilab yaradacağını bildirib. “BiVACOR” adlanan süni ürək Avstraliyanın Queensland əyalətindəki Dr. Daniel Timms tərəfindən hazırlanıb və dünyada ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır. Bu cihaz maqnit levitasiya texnologiyası ilə işləyərək, sağlam insan ürəyinin qan axışını təqlid edir və inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr üçün “körpü müalicəsi” olaraq nəzərdə tutulub.

Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığı ilə mübarizə apararkən, yalnız 6 min nəfər uyğun donor ürək tapır. “BiVACOR” orqan donorluğuna alternativ bir həll olaraq diqqət çəkir. Avstraliya hökuməti bu texnologiyanın inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramı başladıb. Azərbaycanda, cərrahi kardiologiyada da bu təcrübədən istifadə olunurmu? Olunmursa, niyə?

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək Pravda.az

Qeyd edək ki, Azərbaycanda süni ürək implantasiyası sahəsində müəyyən təcrübə mövcuddur. 2019-cu ilin fevral ayında Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu qoyulmuş 55 yaşlı xəstəyə süni ürək implantasiyası uğurla həyata keçirilib. Əməliyyatı ürək-damar cərrahı Anar Əmrah və komandası icra edib. Bu əməliyyat zamanı xəstəyə çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare cihazı implantasiya edilib. Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir. Qeyd edək ki, dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan süni ürək mexaniki bir pompadır. Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

Lakin hazırda Azərbaycanda BiVACOR süni ürək texnologiyasının tətbiqi barədə məlumat yoxdur. Ekspertlərə görə Azərbaycanda BiVACOR texnologiyasının tətbiq edilməməsinin səbəbi, bu cihazın hələ sınaq mərhələsində olması və ümumi istifadəyə icazə verilməməsi ilə əlaqədar ola bilər. Məsələn, Avstraliyada BiVACOR süni ürəyi implantasiya edilən xəstə 100 gün bu cihazla yaşadıqdan sonra donor ürək transplantasiyası ilə sağlığına qovuşub. Azərbaycanda süni ürək implantasiyası sahəsində təcrübə olsa da, BiVACOR kimi yeni texnologiyaların tətbiqi üçün əlavə tədqiqatlar və sınaqlar tələb oluna bilər. Bu cür innovativ texnologiyaların ölkəmizdə tətbiqi, tibb sahəsində beynəlxalq təcrübənin izlənilməsi və uyğun şəraitin yaradılması ilə mümkün ola bilər.

Eldar Bağırov • Mərkəzi Gömrük Hospitalı 2

Eldar Bağırov

Ürək-damar cərrahı Eldar Bağırov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ürək transplantasiyası olunmayan xəstələrə ürək dəstək cihazı tətbiq edilir. Bunların növü çoxdur.  Əvvəllər Türkiyədə işlədiyim zaman digər növlərindən istifadə etmişdik. Açığı indi bunun tətbiq olunub-olunmadığından xəbərsizəm. Azərbaycanda bundan hələ ki tətbiq edilmir. Çünki bu çox bahalı prosedurdur. İcbari Tibbi Sığortanın ”Xidmətlər Zərfi”ndə də yoxdur. Ümumiyyətlə, ürək dəstək cihazları Azərbaycanda tətbiq edilmir. Çünki burada xəstəyə ciddi nəzarət olmalıdır.  Çox maliyyə tələb olunur. Bizim şəraitdə yəqin ki sığorta da bunu qarşılamaz. Ona görə tətbiq edilmir. Bu uzun müddətli bir mərhələdir”.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanda ürək transplantasiyası (ürək köçürülməsi) da hələlik praktik olaraq həyata keçirilmir. Bunun bir neçə əsas səbəbi var. İlk olaraq Azərbaycanda orqan donorluğu sistemi hələ tam formalaşmayıb. İnsanların çoxu orqanlarını bağışlamağa hazır olmur və bununla bağlı həm hüquqi, həm də dini-etik baxışlar mövcuddur. Həmçinin, beyin ölümü diaqnozunun dəqiq qoyulması və hüquqi prosedurlar da yetərincə inkişaf etməyib. Ürək transplantasiyası yüksək ixtisas və texniki infrastruktur tələb edir. Hərçənd ki, Azərbaycanın ürək-damar cərrahları peşəkar və beynəlxalq təcrübəyə malikdir, ürək transplantasiyası üçün lazım olan şərait və davamlı donor sistemi hələ yaradılmayıb. Azərbaycanda ürək transplantasiyası mümkün olmadığı üçün, buna ehtiyacı olan xəstələr adətən Türkiyə, Almaniya və ya digər ölkələrə göndərilir. Orada həm donor tapmaq, həm də əməliyyat etmək baxımından daha geniş imkanlar mövcuddur. Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB orqan transplantasiyası ilə bağlı qanunvericilikdə dəyişikliklər, maarifləndirmə kampaniyaları və infrastrukturun qurulması istiqamətində işlər görür. Bu, gələcəkdə ürək transplantasiyasının Azərbaycanda tətbiqinə zəmin yarada bilər.

Daha çox xəbərlər