Biz 30 illik işğalı unutmamalıyıq
Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirilən çağırışlarla diqqətdə olur. Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirildi. Ölkə Prezidenti forumda çıxış etməklə yanaşı, iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Cənab İlham Əliyev hər bir çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ölkəmizin regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistana etdiyi sülh təklifinə yönəldir. Ölkə Prezidenti forumda bir daha bu reallıqları diqqətə çatdırdı ki, müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə uyğun apardıq. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.
Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz: “Beləliklə dedik ki, – və mən bunu dəfələrlə demişəm, – intiqamımızı döyüş meydanında alacağıq. Normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi”. Bu məqam da forum iştirakçılarının diqqətinə çatdırıldı ki, Ermənistan özünün dırnaqarası dostlarından pis məsləhətlər aldı. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi. Bu proses hələ də davam edir. Baxmayaraq, dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar.
Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil: “Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır”. Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasında irəli sürülən şərtə – Minsk qrupunun buraxılması məsələsinə də diqqəti yönəltdi. “Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur” söyləyən cənab İlham Əloyev bildirdi ki, Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur: “Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir.
Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi”.
Bu reallıq da diqqətə çatdırıldı ki, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini istəyir və Ermənistana təklif etdiyi sülh müqaviləsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu çağırışı da etdi: “Biz 30 illik işğalı unutmamalıyıq”.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri