Bir qərinə keçdi, soyad sonluğumuz hələ də “ov”-“yev”dir
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 ildən artıq vaxt keçsə də, hələ də ölkə vətəndaşlarının, xüsusən də gənc nəslin 90 faizindən çoxunun soyadının sonluğu rus dilindən gələn “-ov”- “yev”-lə bitir. İnsanlar 34-35, 50-100 il əvvəl olduğu kimi yenə də soyadlarının rus soyad sonluğu ilə bitməsinə razılaşırlar.
Səbəb nədir: insanların tənbəlliyi, yoxsa bürokratik əngəllər? Axı yeni doğulmuş övladının vətəndaşlıq vəziyyətini qeydə aldıran zaman “mənim övladımın soyadını milli üslubda yazın” demək çətin deyil.
Bəs nə mane olur?
Bu sual cəmiyyətimizdə milli kimlik və dil məsələlərinə münasibəti göstərən aktual bir problemin üzərinə işıq salır. Cavab isə çoxqatlı və kompleksdir.
Mütəxəssislər qeyd edir ki, bu məsələnin bir neçə səbəbi var. Onlardan biri adət və vərdişin gücüdür. İnsanların böyük əksəriyyəti uzun illərdir “-ov”-“yev” soyad sonluqlarına öyrəşib. Bu forma artıq bir növ ailə brendi, soy-kök simvolu kimi qəbul olunur. Bir çox ailə üzvü, xüsusilə yaşlı nəsil soyad dəyişikliyinə qarşı çıxır və onu ailə birliyinə təhdid kimi görür. Bu psixoloji və emosional bağlılıq bəzən ənənəyə kor-koranə itaətə çevrilir.
İkincisi isə bürokratik prosedurlar və informasiya çatışmazlığıdır. Yəni rəsmi sənədlərdə soyad dəyişmək texniki baxımdan mümkündür, amma bu proses sadə və sürətli deyil. Bir sıra instansiyalara müraciət etmək, xeyli sənəd toplamaq və vaxt sərf etmək lazımdır. İnsanlar bu prosedurlardan yayınmaq üçün dəyişiklik etməkdən çəkinirlər. Bundan əlavə, bir çox vətəndaş bu barədə hüquqlarından, seçim imkanlarından xəbərsizdir və ya hansı formada müraciət edəcəyini bilmir.
Bəzi insanlar üçün soyad, sadəcə, rəsmi sənəddəki bir yazıdır. Onlar bunun milli kimlik, dil və mədəniyyət məsələsi olduğunun fərqində olmaya bilərlər. Bu da təhsil sistemində və mediada maarifləndirmə işlərinin yetərli olmaması ilə bağlıdır.
Bu baxımdan həm maarifləndirmə işləri gücləndirilməli, həm prosedurlar sadələşdirilməli, həm də milli kimlik məsələsinə cəmiyyətin yanaşması dəyişməlidir. Milli soyad sonluğuna keçid, sadəcə, bir formallıq deyil, milli şüurun göstəricisidir.
Xalid Kazımlı
Mövzu ilə bağlı öz təcrübəsindən danışan əməkdaşımız Xalid Kazımlı deyir ki, bu sahədəki anormal durumun səbəblərindən biri yeni sənəd alan insanların tənbəlliyidirsə, ikinci səbəb bürokratik əngəllərdir: “Mən özüm hələ 30 il öncədən övladlarımın soyadını milli sonluqla yazdırmışam. Ancaq öz soyadım doğum şəhadətnaməsində “ov”la qeyd edilmişdi deyə sonradan bir neçə dəfə müəyyən sənədlər düzəltdirəndə problemlə üzləşdim. Rayon VVAQ-ından arayış alınması, doğum şəhadətnaməsində düzəliş edilməsi lazım gəldi, daha sonra ASAN xidmətə get-gəllər oldu, arxivə müraciət edildi və sair və ilaxır. Bəlkə də bu, zəruri hərəkətlərdir, qanunla problemləri olan şəxslərin asanlıqla yeni sənədlər düzəltdirərək özlərini “təmiz” göstərmələrinə qarşı düşünülüb, amma bezdiricidir. Bu baxımdan bir xeyli insan da özünə iş artırmaq istəmir, inersiya üzrə deyir ki, soyadının sonluğu “ov-yev”dirsə, qoy eləcə də qalsın”.
Sabir Rüstəmxanlı
Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı isə “Yeni Müsavat”a açıqlamasında deyib: “Deyək ki, yaşlı insanların soyadını dəyişməsi müəyyən çətinliklər yaradır. Yəni Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) idarəsinə getməli, şəhadətnamə dəyişdirilməlidir və bunun əsasında bütün digər sənədlər də yenilənməlidir. Amma əslində bunların hamısı mümkündür, sadəcə, tənbəllik edilir. Burada elə də ciddi çətinlik yoxdur. Hər kəs bunu edə bilər. Heç bir vəsait də tələb olunmur. Sadəcə, insanlar istəmirlər – bəziləri tənbəllikdən, bəziləri qəsdən, digərləri isə milli şüurun zəifliyindən. Artıq 30 ildir bu barədə danışırıq və danışmaqdan yorulmuşuq.
Bəs yeni doğulan uşaqlar necə? Onlara hələ doğum şəhadətnaməsi verilir, sənədlər yenicə hazırlanır. 30 ildir bu barədə danışıldığı halda, niyə Ədliyyə Nazirliyinin müvafiq idarələri, VVAQ şöbələri, doğum şəhadətnaməsi verən qurumlar yenə də yeni doğulan uşaqların soyadlarını “-ov”, “yev” sonluqları ilə yazırlar? Bu, ya bilərəkdən edilən bir qəsddir – Azərbaycan xalqının milli şüurunun inkişafının qarşısını almağa yönəlmiş addımdır, ya da, sadəcə, şüursuzluqdur. Başqa izahı yoxdur. Əgər bir millət öz dəyərini, kimliyini qiymətləndirmirsə, istismar və işğal dövrünün qalıqları olan bu soyad sonluqlarından imtina etmirsə, buna heç kim zorla məcbur edə bilməz.
Hesab edirəm ki, günün birində Prezident bu məsələ ilə bağlı ciddi qərar verəcək və problem birdəfəlik həll olunacaq. Əgər bu 30 il ərzində yeni doğulan uşaqlara milli soyad forması verilsəydi, yəni soyadlara uyğun şəkilçi düzgün seçilsəydi, bu gün əhalinin azı 80 faizi “-ov” və “yev”dən azad olmuş olardı. Təəssüf ki, sanki bu proses qəsdən ləngidilir. Dəfələrlə Ədliyyə Nazirliyinin müvafiq strukturları ilə bu barədə danışmışıq. Amma görürük ki, bu gün birinci sinfə gedən uşaqların, yeni doğulan körpələrin soyadları hələ də “-ov” və “-yev”lə bitir. Axı niyə belə edirlər? Yenidən Rusiyanın tərkibinə qayıdacağıqmı?!”