İynə ucunda ölüm – tibbi personalın səhvi, yoxsa…
Həkimlər qeyd edir ki, ölüm səbəbi ciddi araşdırılmalıdır; “Xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girə bilər, həkim məsuliyyətsizliyindən də…”
Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb. Hadisə rayonun Viyən kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü İmran Məmmədovun hərarəti yüksək olub və vurulan antibiotikdən sonra halı pisləşib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası İ.Məmmədovun həkiməqədər ölüm faktını qeydə alıb. Belə görünür ki, kənd sakini allergiyanın ən güclü forması olan anafilaktik şokdan dünyasını dəyişib. Buna tibbdə “İynə ucunda ölüm” də deyilir.
Bəs bu cür faciəvi hallardan necə qaçmaq olar? Yüksək hərarət zamanı xəstəyə antibiotik vurmaq olarmı? Konkret halda məsuliyyət kimin üzərindədir – tibbi personalın, yoxsa? Hansı hallarda xəstəyə antibiotik vurula bilməz?
Xatırladaq ki, tanınmış jurnalist Fərahim İlqaroğlunun anası Bahar Qasımovaya da yoxlanılmadan sistem köçürülmüş, sonra vəziyyəti pisləmiş və həyatını itirmişdi.
Bundan əlavə, zaman-zaman uşaqlara vurulan antibiotiklər nəticəsində ölüm hallarının olduğunun şahidi olmuşuq.
Adil Qeybulla
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, xəstəyə antibiotik vurulmadan öncə ciddi şəkildə müayinə olunmalıdır: “Ümumiyyətlə, xəstənin vəziyyəti dərindən araşdırılmalıdır. Xəstənin allergiyası, hər hansı irsi xəstəliyi varmı, yanaşı xəstəlikləri, dərmanlara reaksiyası ciddi şəkildə yoxlanmalıdır. Ondan sonra xəstəyə cərrahi müdaxilə etmək və ya antibiotiklərdən istifadə etmək lazımdır. Xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girə bilər, həkim məsuliyyətsizliyindən də ölə bilər. Ümumiyyətlə, xəstəxana şəraitində xəstənin dünyasını dəyişməsi tibb işçilərinin səhvi ucbatından da ola bilər. İstər xəstəxanada, istərsə də ev şəraitində dünyasını dəyişən adam mütləq araşdırılmalı, ölüm səbəbi bilinməlidir. Ölüm səbəbini bilmədən həkimi günahlandırmaq düzgün deyil. Tibb işçiləri pasiyentlərin allergik tarixçəsini diqqətlə öyrənməli və tibbi müdaxilələrdə daha diqqətli olmalıdırlar”.
Vaqif Qarayev
Həkim-pediatr Vaqif Qarayev bizimlə söhbətdə deyib ki, antibiotiklər mütləq həkim göstərişi ilə edilməlidir: “Bəzən görürsən, telefonla ya qonşu, ya da tibb bacısının məsləhəti ilə edirlər. Ya da aptekdə işləyənləri həkim sayırlar, onlardan soruşurlar. Hər zaman aptekdə diqqət edirəm, alıcı deyir, uşağın qızdırması var, əczaçı isə antibiotik çıxarır. Tamamilə yanlışdır. Qızdırmanın səbəbini bilmədən bu qədər antibiotik vurmaq olmaz. Kor-koranə valideynlər uşaqlarına antibiotik verirlər. Düzdür, bəzi həkimlər də antibiotikə çox meyllidir. Amma təbabətin öz qayda-qanunu var. Müayinə olunmalıdır, qanın ümumi müayinə göstəricilərinə mütləq baxılmalıdır. Qanın ümumi analizi çox sadə analizdir. Ancaq oradakı göstəricilərdən həkim qənaətə gəlir ki, virus başqadır, bakteriya başqa. Bakterial infeksiya analizdə göstərir. Əgər göstəricilər yuxarıdırsa, biz mütləq antibiotiklər təyin etməliyik. İkincisi, tibb tələb edir ki, antibiotiklər ancaq xəstəxana şəraitində vurulsun. Əgər antibiotik təyin ediriksə, deməli, bu uşaqda ciddi problem var. Deməli, o, xəstəxana şəraitində, tibbi personalın nəzarəti altında olmalıdır. Amma bizdə bunun əksini görürük. Bir qayda da var. Antibiotiklər həkim resepti əsasında buraxılmalıdır. Aptekin ixtiyarı yoxdur ki, müştəriyə reseptsiz antibiotik versin. Bizdə aptekdə heç soruşmurlar da. Valideyn həkimdən telefonla soruşub yazır. Satıcı da telefondakı yazıya baxır, sonra dərmanı verir. Bu düzgün deyil”.
Nəticə olaraq bildirək ki, həkimlər hər hansı antibiotik və ya dərman preparatı vurulmadan əvvəl xəstənin allergik tarixçəsini öyrənməli, əvvəllər həmin preparata qarşı reaksiyası olub-olmamasını soruşmalıdır. Əgər əvvəllər bu dərmanı qəbul etməyibsə və allergik reaksiyalar keçmişi varsa, həssaslıq testi (dəri testi) aparılmalıdır. Bununla belə, təcili yardım vasitələri hazır olmalıdır: dərman vurulan yerdə adrenalin, kortikosteroidlər və antihistamin preparatlar, həmçinin oksigen və reanimasiya avadanlıqları hazır vəziyyətdə olmalıdır. Ümumiyyətlə, tibbi personal təlimli olmalıdır: anafilaktik şoka qarşı necə davranmalı olduqları ilə bağlı praktiki biliklərə sahib olmalıdırlar. Həkimlər qeyd edir ki, antibiotiklər yalnız bakterial infeksiyalara qarşı effektivdir. Əgər hərarət viral infeksiya səbəbindəndirsə (məsələn, qrip, koronavirus və s.), antibiotik təyin edilməsi məqsədəuyğun deyil və zərərlidir. Hərarətin səbəbi müəyyən olunmadan antibiotik vurmaq tövsiyə edilmir. Əgər antibiotik həkim göstərişi olmadan, sadəcə, təcrübəyə əsasən vurulubsa, allergik reaksiya riski nəzərə alınmayıbsa, təcili yardım və ya ilkin tibbi yardım zamanı protokollara əməl edilməyibsə, bu zaman məsuliyyət birbaşa tibbi personalın üzərinə düşür. Əgər tibb işçisi dərmanı həkim təyinatı ilə və bütün qaydalara uyğun vurubsa, amma xəstənin əvvəlcədən məlum olmayan allergiyası olubsa, o zaman məsuliyyət həkimlə və sistemlə bölüşür, çünki belə halları bəzən proqnozlaşdırmaq çətin olur. Allergik anamnez varsa (məsələn, penisilinə qarşı keçmişdə reaksiyalar olubsa), viral infeksiya diaqnozu varsa, hamiləlik və ya laktasiya dövründə bəzi antibiotiklər kontrendik edir. Qaraciyər və ya böyrək funksiyaları pozulubsa, müəyyən antibiotiklər istifadə olunmamalıdır.