“İrəvan sülh deyil, qisas arzusundadır”- Türkiyəli generalla MÜSAHİBƏ
Musavat.com -un həmsöhbəti Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauzdur.
– Yücel bəy, Ermənistan həm atəş açır, həm sülh deyir. Hansına inanırsız?
– Anadoluda belə bir ifadə var: Yalançı, sözünə güvənilməyən insanlar haqqında deyirlər ki, bir Allahın dediyinə inanaram, başqa heç nəyə. Bu o deməkdir ki, şəxsin bütün kəlmələri yalandır. İndi biz Ermənistanın hansı sözünə inanaq ki. Səhər bir söz deyirlər, axşam ayrı. Antalyada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyir ki, sülhün zamanını və yerini təyin edək. Növbəti gün Ermənistan mövqelərə atəş açır. Açığı, onların “sülh quşu” olduğuna inana bilmirəm. Ermənistan ilk olaraq üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli və Azərbaycanın tələblərini nəzərə almalıdır. Ermənistanın sülh istəməsi ilə bağlı niyyətini görmürəm. Sülh istəyən dövlət İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı günü atəş açmaz. Əgər sülh istəyirsə, sərhədə Avropa İttifaqının müşahidəçilərini niyə yığır? Bir yandan ABŞ ilə iş birliyi edir, digər yandan Zəngəzurda İranla hərbi təlim edir. Məgər bunlar dostanə addımlardır? Bu mənada Ermənistanın heç bir sözünə inanmıram.
– Avropa İttifaqı da İrəvana hərbi-siyasi dəstəyi artırır. Brüsselin məqsədi nədir?
– Avropa İttifaqı qızışdırıcı mövqedədir. İstismar etməyə, özünün köləsinə çevirməyə yeni yer axtarır. Avropada öz problemlərini həll edə bilməyən dövlətlər Qafqazda ədalətdən, haqdan uzaq bir şəkildə Ermənistanı qıcıqlandırır, ona “daydaylıq” edir. Ermənistan regionda Avropanın maşasıdır. Bununla da Ermənistanda revanşizm duyğularını bəsləmiş olurlar.
– Bəli, Ermənistanda hələ də separatçı qruplar yığıncaqlar keçirir, “artsax” mübarizəsindən dəm vururlar. Yeni müharibə gözlənilirmi?
– Onlar 2020-ci ildən əvvəlki statuslarına dönmək üçün fürsət gözləyirlər. Sülhün olmaması üçün əllərindən gələni edirlər. Azərbaycana qarşı həm siyasi, həm də hərbi fəaliyyətlər göstərirlər. Ermənistanda belə bir yol tutulması Azərbaycanın səbrini daşıra bilər. Lakin yeni müharibə ehtimalını düşünmürəm. Çünki Ermənistan haqsız durumda olduğu üçün heç kim sonuna qədər onun arxasında durmayacaq.
– Türkiyə-İsrail arasında Bakıda görüş oldu, gərginlik azalacaqmı?
– Türkiyə-İsrail arasında Bakıda görüş keçirilməsi təbii ki, gərginliyi, qarşı-qarşıya gəlməməyi, çatışma ehtimalını azaltmağa yönəlib. Suriyada İran və Rusiyanın boşluğu tam olaraq doldurulmayıb. Bu baxımdan İsraillə Türkiyə arasında gərginliyin yaşanma riski var. Hər iki tərəf gərginliyi azaltmaq üçün addım atacaqlarını bildirdi. Çünki Suriyanın düzəninin yenidən formalaşdığı bir dönəmdə Türkiyə və İsrail arasında gərginliyin yaranması davam edən Üçüncü dünya müharibəsi prosesinin Orta və Yaxın Şərqdəki qığılcımı olar.
– Türkiyə – Ermənistan normallaşma prosesi Bakısız sürətlənə bilərmi?
– Bu prosesi Azərbaycan-Ermənistan prosesindən kənarda görmürəm. Azərbaycanla mövcud problemlərini həll etmədən, sülh müqaviləsini bağlamadan Türkiyə ilə barışmaq, problemləri həll etməyə çalışırlar. Bu, Ermənistanın bir oyunudur. Türkiyə heç bir zaman Ermənistanla sərhədləri açacaq qədər normallaşmanı Azərbaycanın koordinasiyası olmadan etməyəcək. Ermənistanın 4 qonşusu var, onlardan biri Azərbaycan, digəri Ermənistandır. Ermənistan bu iki dövlətlə halallaşmadan Afrika ölkəsi mövqeyində qalmağa davam edəcək.