Uşaqlar niyə imtahanda stress yaşayır?
Stress – şəxsin neqativ hadisə olacağı düşüncəsinin yaratdığı narahatlıq halıdır. Gündəlik həyatımızda stress yaradan bir çox situasiya ilə qarşılaşırıq. Uzunmüddətli və intensiv stress beyin və digər bioloji sistemlərin strukturuna və inkişafına mənfi təsir göstərir. Bu isə nəticə etibarilə öyrənmə, davranış, fiziki və zehni sağlamlıqla bağlı problemlərə yol aça bilər. Xüsusilə stressin beynin inkişafının həssas dövrlərində yaşanması təhlükəli nəticələrə səbəb ola bilər.
Stress çətin fiziki və ya emosional vəziyyətə qarşı bədənin normal reaksiyasıdır. Bizdə əsəb, həyəcan və ya narahatlıq hissi yaradan istənilən hadisədən qaynaqlana bilər. O, həm də tələblərin öhdəsindən gəlmək üçün mövcud resursların kifayət etmədiyi hallarda ortaya çıxır.
İmtahan stressi isə, imtahandan əvvəl və ya imtahan zamanı bacarıqların səmərəli istifadəsinə mənfi təsir göstərən narahatlıq halıdır. Bu stress forması, ümumi stressə bənzəsə də, yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Belə hallar əsasən qəbul imtahanları, buraxılış imtahanları və summativ qiymətləndirmə kimi vəziyyətlərdə müşahidə olunur. Yəni, bizdə narahatlıq yaradan istənilən qiymətləndirmə prosesi imtahan stressinə səbəb ola bilər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, uşaqların imtahanlardan zəif nəticə əldə etməsi bəzən qorxu ilə əlaqələndirilir:
“Lakin mən düşünürəm ki, imtahanlar şəffaf şəkildə aparılır. Oxuyan və hazırlaşan uşaq yüksək bal toplayır. Kimsə yüksək bal toplayırsa, onun balı az yazılmır. Uşağın stres keçirməsi həm ailə, həm də şagirdin özü ilə bağlıdır. Əgər uşaq psixoloji baxımdan həssasdırsa, təbii ki, stress yaşayacaq. Hər bir uşaq həyəcanlanır, çünki hər bir imtahan məsuliyyət deməkdir. İmtahan zamanı həyəcan yaşamaq tamamilə normaldır. Əslində, heç bir stress və həyəcan keçirməmək bu hallarda anormal sayılır. Müəllimlər uşaqların psixoloji vəziyyətini bilirlər və onlara uyğun yanaşırlar. Uşaqlar müəllimlərinə müraciət edir, stressin idarə olunması və imtahana psixoloji hazırlıq yollarını öyrənirlər.”
Psixoloqun fikrincə, ümumiyyətlə imtahan öncəsi dövrdə valideyn–uşaq münasibəti fərqli tənzimlənməlidir. Uşaq məsuliyyət hissini dərk etməlidir:
“Uşaqlar illərlə müəllim yanına hazırlaşmağa gedirlər, ailə bu hazırlıq üçün ödəniş edir. Bu, təkcə uşaq üçün deyil, valideyn üçün də stress yaradır. Bu, tamamilə normal haldır. Bir uşağın bir neçə müəllimə gedib hazırlaşması ailə üçün az xərc deyil. Hazırda Azərbaycanda orta aylıq maaş 400–500 manat civarındadır. Belə olan halda həm ailədə, həm də uşaqda stressin olması başadüşüləndir. Amma bu stressin idarə olunması uşağın məsuliyyət hissindən və hazırlıq səviyyəsindən asılıdır. Bilgisi olan uşaq özünə güvənəcək və bu həyəcanın öhdəsindən gələcək. Bundan əlavə, sınaq imtahanlarının keçirilməsi də uşağın stres və həyəcanı ilə baş etməsi üçün kifayət qədər təsirlidir. Bu proses uşağın suallara və imtahan şəraitinə uyğunlaşmasına kömək edir.”

