İrəvanda “iylənmiş dövlət”i yenə ortaya çıxardılar
Nikol Paşinyanın sülh nağılları danışdığı bir vaxtda sülhə ağır zərbə vura biləcək eksperimentlər dövriyyəyə buraxıldı; Ermənistanda separatçılara kənardan “zəhər verən kərtənkələlər” var
Ermənistanda keçiriləcək seçkilərə bir il qalmış siyasi hərarət artmaqdadır. Baş nazir Nikol Paşinyanın kilsəyə hücumu, həmçinin onu təhdid edən siyasi müxalifəti zərərsizləşdirməklə bağlı tədbirləri belə radikalları dayandırmır.
Ermənistan rəsmiləri Azərbaycanla sülh arzularına and içərkən, respublikanın paytaxtında aşağıda qeyd edəcəyimiz qəribə paralel hadisələr baş verir. Belə ki, İrəvanda mövcud olmayan “artsax”ın yeni “dövlət naziri” təyin edilib – Njde İskəndəryan. Üstəlik, qondarma təyinat haradasa gizli yerdə deyil, beynəlxalq arenada hakimiyyətləri dialoqdan, sabitlikdən, sabah da Bakı ilə sülh sazişi imzalamağa az qala hazır olmaqdan həvəslə danışan ölkənin paytaxtı İrəvanın tam mərkəzində baş tutub. Heç kimə sirr deyil ki, “artsax”dan yalnız kağız parçaları, simvollar və İrəvandakı bir neçə fəal qalıb. Bu səbəbdən Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyan yenidən “prezident”liyə namizədliyini irəli sürməkdən imtina edib. Şahramanyanın Ermənistan hakimiyyətinin təzyiqləri nəticəsində namizədlikdən geri çəkildiyini yazır. “Beləliklə, prezident seçkiləri üçün müəyyən edilmiş müddət pozulub. Hazırkı “prezident”in səlahiyyət müddəti mayın 21-də başa çatdığı üçün son tarix mayın 31-i idi. Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərindən sonra qondarma qurum birdəfəlik ləğv edilib. Həmin vaxt qondarma qurumun “başçısı” Samvel Şahramanyan özü də bu həqiqəti təsdiqləyən sənədə imza ataraq, “qurumlar”ın 2024-cü il yanvarın 1-dən etibarən fəaliyyətini rəsmi şəkildə dayandırdığını bəyan etmişdi.
Burada əsas məsələ, bu informasiyaların hansı məqsədlə dövriyyəyə buraxılması və kimin maraqlarına xidmət etməsidir. Görünən odur ki, İrəvanda məskunlaşmış separatçı “rəhbər”lər, Ermənistanın bəzi siyasi dairələrinin dəstəyi ilə ləğv olunmuş rejimi süni şəkildə dirçəltməyə, onu siyasi və hüquqi cəhətdən “canlı” kimi təqdim etməyə çalışırlar. Bu informasiyaların əsas məqsədi daxili erməni auditoriyasına yönəlib. Ermənistan hakimiyyətinə müxalif olan dairələr – xüsusilə də “Qarabağ klanı” ilə bağlı qruplar – cəmiyyətə belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya “artsax” hələ də yaşayır”, onun strukturları fəaliyyət göstərir və s.
S.Şahramanyanın bir neçə maddə üzrə istintaqa cəlb edilməsi onun geri çəkilməsinə səbəb oldu. Amma heç şübhə yoxdur ki, Paşinyan Şahramanyanı separatçı fəaliyyətinə görə deyil, növbəti ildə onun özünə seçkilərdə meydan oxuya biləcəyinə görə küncə sıxıb. Əks təqdirdə, baş nazir İrəvandakı separatçıların ofisini bağlayardı, revanşistləri susdurardı. Beləliklə, Nikol Paşinyanın sülh nağılları danışdığı bir vaxtda sülhə ağır zərbə vura biləcək eksperimentlər dövriyyəyə buraxıldı. Sözsüz ki, Ermənistanda boy qaldıran separatçılara kənardan “zəhər verən kərtənkələlər” var… Onların məqsədi həm Azərbaycana təzyiq göstərməkdir, həm də Paşinyanı cəzalandırmaq.
Bu arada məlum olub ki, separatçıların yaratdığı “artsax” caz “orkestr”i Moskvada iki konsert verəcək. “Orkestr” 14 iyunda “Moskva caz festivalı-2025″də iştirak edəcək. 15 iyunda isə Aleksey Kozlovun caz klubunda səhnəyə çıxacaq. Məlumdur ki, separatçıların yaratdığı bu “orkestr” Moskvada müvafiq icazə olmadan səhnəyə çıxa, konsert verə, hansısa festivala qatıla bilməz.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, köhnə “artsaxçılar” evcik-evcik oynayırlar, amma bunun arxasında ciddi adamların və ciddi qüvvələrin olması şübhə doğurmur: “Ola bilər rəsmi İrəvan bunları dəstəkləmir və maliyyələşdirmir, amma onları maliyyələşdirən və “kabinet” üzvlərinə maaş verənlər də var. Bunlar həm də Ermənistandakı Qarabağ klanını ayaqda saxlamaq üçün səy göstərirlər. Fikrimcə, “artsaxçılar”ın fəallaşması həm də Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Qarşıda seçkilər var və bunlar əvvəlcə daxili revanşa nail olmaq istəyir. Paşinyan hakimiyyətini devirmək və “ölü canlar”dan birini “diriltmək” planları da istisna olunmur”.
S.Məmmədov şübhə etmir ki, Serj Sərkisyanın fəallaşması da bununla bağlıdır: “Əlbəttə, xarici qüvvələr də bu məsələdə öz rolunu oynamaqdadır. Rəsmi İrəvan sülhdən danışmaqla Ermənistanı dünyaya “sülhpərvər dövlət” kimi təqdim etməkdədir. Daxildə isə revanşist qüvvələr fəallaşmadadır. Ola bilsin ki, bu qüvvələr gücünü əvvəlcə daxildə sınasınlar, “kapitulyant” adlandırdıqları Paşinyana qarşı yeni aksiyalara start versinlər”. Ekspert şübhə etmir ki, istənilən halda Ermənistanda separatçıların fəallaşması yaxşı heç nə vəd vermir: “Ona görə də bizi sülh müqaviləsi bağlamaqla bağlı şərtlərimizdə israrlı olmağımızda tam haqlıyıq. Ərazi iddiası Ermənistanın Konstitusiyası ilə yanaşı, qanunvericiliyindən, dərsliklərindən, konsepsiya sənədlərindən də çıxarılmalıdır. Əslində sülh müqaviləsinin müddəaları içərisində Ermənistanın daxildə separatçı qüvvələrin yaranmasına imkan verməmək kimi öhdəliyinin də olması zərurəti var. Düzü, mən müqavilə layihəsi ilə tanış deyiləm, amma belə şərt olması və Ermənistan dövləti üzərinə belə öhdəliyin də qoyulması vacibdir”.
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə də əmindir ki, baş verənlərin seçkilərlə birbaşa əlaqəsi var: “Ermənistanda separatçı qrupun dirilməsi əsasən seçkilər ərəfəsində müşahidə olunur. Müxalifət və kilsə bundan istifadə etməyə çalışır. Nikol Paşinyan deyir ki, ölkəsində Qarabağ hərəkatına icazə verməyəcəyəm, amma onlar özlərinə yeni “dövlət naziri” təyin edir. Baş nazir obyektivdirsə, Qarabağ separatçılarını həbs etməli və onların fəaliyyətinə icazə verməməlidir. Bu, Ermənistanın sülh mövqeyinə ziddir. Nikol Paşinyan ötən gün qeyd etdi ki, Zəngəzurda müharibə olarsa, Qarabağ separatçılarını göndərəcək. Görürük ki, Paşinyan onları hədələyir. Amma, “artsax” deyənlər müqavimət göstərir. Rusiya da burada maraqlıdır. Çünki separatçıların orkestri Rusiyaya konsert verməyə gedirsə, deməli, burada Kreml də maraqlıdır”.
M.Əsədullazadənin fikrincə, 2026-cı il seçkiləri öncəsi Ermənistanda siyasi vəziyyət böhranlı keçəcək: “Amma Paşinyan Azərbaycana qarşı separatizmə icazə verməməlidir. Digər məsələlər isə bu ölkənin daxili işidir. Ermənistan da müxalifətin də əsas planı “artsax” məsələsini gündəmdə saxlamaq və seçki prosesində onlardan istifadə etməkdir. Bu məsələ digər ölkələrin də marağındadir. Xüsusilə Kreml tərəfindən müxalifətə aktiv şəkildə “artsax” məsələsini gündəmdə saxlamaq təlimatının verildiyini istisna etmirəm”. Ekspert Ermənistanda gərginliyin baş verməsinin an məsələsi olduğu qənaətindədir: “Proseslərin gedişi göstərir ki, Ermənistanda siyasi qarşıdurma da gözlənilir. Paşinyana qarşı silaha əl atıla bilər, Rusiya da burada maraqlıdır. Görünən odur ki, Paşinyan separatçılara və müxalifətə qarşı sərt tədbirlərə əl atmasa, onun üçün proseslər arzuolunmayan gedişata gətirib çıxara bilər”. Politoloq rəsmi Bakının məsələ ilə bağlı atmalı olduğu addımlardan da bəhs etdi: “Azərbaycan Paşinyandan tələb etməlidir ki, Ermənistanda “artsax” oyunlarına tam son versin, bitirsin bu məsələni! “Artsax” məsələsi həm Paşinyanın siyasi hakimiyyəti, həm də Ermənistan üçün təhlükəlidir. Ermənistan müxalifəti və kilsə “artsax” şinelində gizlənib, onu devirmək üçün hərəkətə keçir”.
E.PAŞASOY,
“Yeni Müsavat”