Cəmiyyət 

Balakəndə baramaçılar yeni ixtiraya imza atıb – DRELLƏ… – REPORTAJ FOTO

May, iyun və iyul ayları Azərbaycanda baramaçılıq mövsümünün qızğın dövrüdür. Ölkəmizdə baramaçılıqla əsasən şimal-qərb və qərb bölgələrində məşğul olurlar. Bu dövrdə kəndlərdə onlarla ailə tut yarpaqları toplayır, ipəkqurdu bəsləyir və barama yetişdirərək məhsulu təhvil verir.

Balakənin Qabaqçöl kəndində yaşayan Saxalovlar ailəsi bu mövsüm 80 qram ipəkqurdu götürüb və iyunun 9-da barama təhvil verib.

Müsahibimiz Zöhrə Saxalova baramaçılıq haqqında fikirlərini bizimlə paylaşıb:

“Bu, əslində 40 günlük prosesdir. Biz mayın 2-də qurdları götürdük, iyunun 9-da təhvil verdik. Bəzən bu tarix bir az irəli, ya da geri ola bilər. Məsələn, havalar soyuyanda, ya da yarpaq çatmayanda. Amma bu dəfə nisbətən normal keçdi. 80 qram götürmüşdük. Əvvəlcə az görünür, amma 1 qramda təxminən 1200-dən çox qurd olur. Onlar böyüdükcə yer də, yarpaq da çatdırmaq çətinləşir.

BARAM.jpeg (72 KB)

Qurdlar böyümə mərhələsində tam 4 dəfə yatıb, oyanır. Hər yatıb oyandıqca qurdlarda böyümə müşahidə olunur.

Bu proses zamanı ipəkqurdları 4 dəfə yatır. 1-ci dəfə yatanda 1 gün, 2-ci dəfə yatanda 2 gün, 3-cü dəfə yatanda 3 gün, 4-cü dəfə yatanda isə 4 gün olmaqla, ümumi 4 dəfə yatır. Oyandıqdan sonra artıq onu tam doyana qədər yarpaqla qidalandırmaq lazımdır. Doyduqdan sonra isə barama hazırlamağa başlayırlar”.

Qurdlar əsasən erkək tut ağaclarının yarpaqları ilə qidalanır. Ailə yalnız öz bağlarından deyil, ətrafdakı bağlardan da yarpaq toplayıb qurdları yemləyir:

“Qonşularımıza əvvəldən baramaçılıqla məşğul olacağımızı dedik. Sağ olsunlar, həm çöldəki ağaclardan, həm də bağlarından yarpaq yığımına icazə verdilər. Yemləməyə yarpaq çox gedir. Amma bu, ağaca da faydalıdır. Əslində ağaclar budanmış olur, növbəti il daha yaxşı yarpaq verirlər”.

Müsahibimiz Zəhra xanım deyib ki, ilk dəfədir baramaqurdu saxlayır. Amma onun ailəsi, qayınanası və qayınatası bu işdə təcrübəlidirlər:

“Mən bu işi ilk dəfə görürdüm, amma evdəkilər əvvəllər də saxlayıb. Onların dediyinə görə, əvvəl daha yaxşı nəticə olurdu. Bu il çox adamda qurd tələf oldu. Bizdə də bir qismi öldü. İsti havalar, qarışqa və quş çox idi. Ona görə nəticə bir az zəif oldu”.

Qurdların yem ehtiyacını qarşılamaq üçün traktorla yem daşınır. Barama əmələ gələndən sonra isə onu tut çubuqlarından ayırmaq böyük zəhmət tələb edir. Əl əməyini əvəzləmək üçün yerli əhalinin maraqlı ixtirası da var. Bunun üçün dreldən istifadə olunur. Baramalar titrətmə üsulu ilə çubuqlardan qısa müddətdə ayrılır. Bu isə yorucu əl əməyinə zərurəti aradan qaldırır:

“Traktorla yarpaqları evə gətirirdik. Əgər o olmasaydı, əllə çətin olardı. Amma barama təmizləmək vaxtı əl ilə çətinlik çəkirdik. Buna görə drel aldıq. Onunla iş xeyli asan oldu. Amma yenə də bu işin çox hissəsi əl əməyidir”.

İpəkqurdu həm temperatur, həm də digər təhlükələr baxımından həssas canlıdır:

“Qurdlar çox nazikdir. Qarışqa dadananda çoxu tələf ola bilər. İpəkqurdu soyuğa davam gətirmir. Ona görə də otaqda ocağı qalayırdıq, istilik olurdu. Amma kəskin isti də, kəskin soyuq da qurdlar üçün əlverişli şərait deyil. Baramalar istidə qaldıqca kəpənək çıxarmağa başlayır. Elə bil uşağa baxırıq, uşaq necə diqqət istəyirsə, bu da elədir”.

BARAM SON.jpeg (72 KB)

Yerli sakinlərin ən çox narazılığı isə baramanın qiyməti ilə bağlıdır. Əldə edilən məhsulun satışı gəlir gətirsə də, əməyə və vaxt sərfiyyatına görə ailələr bundan narazıdır:

“Əziyyət çoxdur. Yarpaq yığmaq, təmizləmək, yem vermək, təmiz saxlamaq. Amma qiymət o qədər yüksək deyil. Kiloqramı 7-11 manat arası dəyişir. Elə buna görə də bir çoxu bu işi ilbəil azaldır. Əgər qiymət bir az artsa, camaat baramaçılıqla daha çox məşğul olar. Ən azından qiymət çəkdiyimiz zəhmətə dəyməlidir. Biz 80 qram ipəkqurdundan 143 kiloqram barama əldə etdik”.

Barama əldə olunduqdan sonra ailə onu təmizləyib təhvil verir. Onların işi bununla yekunlaşır.

“Biz ancaq barama olan mərhələyə qədər baxırıq. Onu təmizləyib təhvil veririk. Daha sonrası – ipək çıxartmaq, satmaq və s. başqalarının işidir. Bizim işimiz bura qədərdir”, – deyə Zəhra xanım bildirib.

İnarə HÜNBƏT,
Musavat.com
Balakən, Qabaqçöl
Fotolar müəllifindir

Daha çox xəbərlər