Çinə “qanad açan” toyuqlarımız – Azərbaycanın qazancı
Bu, bizim üçün yeni bazardır; ölkədə gündəlik 300-350 min ədəd toyuq kəsilir, onların ayaqları göndəriləcək
Azərbaycan Çinə toyuq əti ixracına başlamağa hazırlaşır. Bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir. Eyni zamanda Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin dediyinə görə, artıq Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb. O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır.
Xatırladaq ki, bu ilin martından Azərbaycandan ABŞ-a toyuq yumurtasının ixracına başlanıb. Rəsmi statistikaya əsasən, yanvar-aprel aylarında bu ölkəyə 1 milyon 458,51 min dollar dəyərində 15 milyon 810,84 min ədəd süfrə yumurtası ixrac olunub. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinə 2 milyon 393,17 min dollar dəyərində 38 milyon 102,4 min ədəd, Syerra-Leoneyə 50,6 min dollar dəyərində 792 min ədəd yumurta ixracı qeydə alınıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq ölkəmizdə ən dinamik inkişaf edən sahələrdəndir: “Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan quşçuluq sektorunun inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin daim diqqətindədir. Bu diqqət sayəsində quşçuluq təsərrüfatları damazlıq və süfrə yumurtası istehsalında ölkə tələbatını aşaraq, xarici ölkələrə ixraca və ölkəmizə xarici valyuta axınının təmin olunmasına töhfə verməyə başlayıblar.
Dünyada ən ucuz süfrə yumurtası satılan ölkələr arasında ilk beşlikdəyik. Toyuq əti ilə bağlı da regionda ən ucuz qiymətlərin olduğu ölkəyik. Keçən il süfrə yumurtası ixracımız 100 milyon ədədin üzərində olub. O dövrdə Rusiya və Yaxın Şərq ölkələrinə satış edirdik. Bu il isə Yaxın Şərq ölkələrinə və ABŞ-a yumurta ixrac etdik. Bu ilin ötən dövründə 30 milyondan çox yumurta ixrac etmişik. İl sonuna kimi də ixraca davam edəcək”.
Assosiasiya rəhbəri Çinə toyuq ayağı ixracımızdan da danışıb: “Çinə təkcə toyuq ayağı deyil, gələcəkdə toyuq əti ixracımız üçün də sənədləşmə işləri aparırıq. Toyuq ayağı ixracı üçün Çin tərəfindən icazə verilib. Hazırda akkreditasiya işləri gedir. Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır. Hazırda ölkəmizdə gündəlik 300-350 min ədəd toyuq kəsilir. Həmin toyuqların ayaqları göndəriləcək”.
Qeyd edək ki, Azərbaycanda toyuq əti istehlakı ildən-ilə artır. Dövlət Statistika Komitəsinin ərzaq balansı göstəricilərinə əsasən illik adambaşına toyu əti istehlakı 2015-ci ildəki 10,5 kiloqramdan 2023-cü ildə 16,4 kiloqrama qədər artıb. Müvafiq olaraq istehsal 97,2 min tondan 137,5 min tona yüksəlib. Bu məhsul üzrə ölkənin özünütəminetmə səviyyəsi 82 faiz civarındadır.
Rəsmi statistikaya əsasən, Azərbaycandan quş əti ixracı az miqdarda həmişə olub. Lakin 2022-ci ildə ixrac həcmi kəskin artıb. Həmin il 1477 ton, 2023-cü ildə isə 1053 ton quş əti ixracı qeydə alınıb.
Bu məhsulun idxalı 33-38 min ton arasında dəyişir. Bu ilin 4 ayında Azərbaycana 3 milyon 524,71 min dollar dəyərində 2056,13 ton bütöv dondurulmuş toyuq əti, 13 milyon 635,84 min dollar dəyərində 9082,77 ton hissələrə ayrılmış toyuq əti və əlavə məhsulları idxal olunub. Hər iki halda idxalda əsas pay Ukrayna, Rusiya və Belarusa məxsusdur.
Dörd ayda demək olar ki, hamısı Rusiyaya olmaqla 261,17 min dollar dəyərində 176,62 ton hissələrə ayrılmış toyuq əti və əlavə məhsulları ixrac olunub.
M.Həsənli bildirir ki, təsərrüfatlar toyuq əti istehsalını da sürətlə artırırlar və tezliklə bu sahədə də ixraca nail olmağı hədəfləyirlər. Lakin bu sahədə qarşıda duran bəzi çətinliklər var: “Bunlardan biri avadanlıqlarla bağlıdır. Hazırda quş əti istehsalçıları avadanlıq və texnologiyaların idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmindən yararlana bilmirlər, çünki bu dəstək onlara şamil olunmur. Qlobal bazarlarda son illərdə gedən bahalaşma şəraitində quş əti istehsalçıları avadanlıq və texnologiyaları yeniləmək üçün tələb olunan yüksək məbləğli investisiya qoyuluşlarını özləri həyata keçirə bilmirlər. Xüsusilə də bu gün quşçuluq təsərrüfatları köhnə və yaxud ikinci, üçüncü əl işlədilmiş kəsim avadanlığı ilə işləyirlər. Ölkəmizin özünü tam şəkildə quş əti ilə təmin etməsi, ixracın təmin olunması üçün digər problemlərlə yanaşı bu problemin də həll olunması çox vacibdir. Yəni yetişdirilən quş mütləq sonucda kəsilərək istehlakçıya çatdırılmalıdır. Ancaq bu gün həm ölkəmizdə, həm digər ölkələrdə tələblər və normalar getdikcə yüksəldiyindən və dəyişdiyindən əldə olan texnologiya geri qalır və buna cavab vermir. Buna görə də biz kəsim avadanlıqlarının da dövlət subsidiyası mexanizminə daxil edilməsini xahiş etmişik”.
Quşçuluq təsərrüfatlarının daha bir problemi ölkəmizdə elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində tətbiq olunan yeni tariflərdən qaynaqlanır: “Əvvəllər bütün kənd təsərrüfatı istehsalçılarına digər biznes sahələrindən fərqli qoşulma sistemi və tarifləri tətbiq olunurdu. Bu, digər biznes sahələri ilə müqayisədə daha aşağı rentabelli, həmçinin çoxsaylı risk faktorlarından asılı olan kənd təsərrüfatı istehsalçıları üçün mühüm güzəşt demək idi. Lakin ölkədə tətbiq olunan yeni qanunverici baza, ona müvafiq olaraq Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2024-cü ilin 3 may tarixində qəbul etdiyi “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” qərar kənd təsərrüfatı istehsalçıları ilə digər biznes sahələri üçün eyni tariflər tətbiqini nəzərdə tutur. Yeni tariflərə əsasən 600 kVt-lıq bir transformatorun qoyulması üçün quşçuluq təsərrüfatının 102-175 min manat arası qoşulma haqqı ödəməsi tələb olunur. Bundan əlavə, quşçuluq təsərrüfatları elektrik şəbəkəsinə qoşulma üçün texniki şərt almağa 70-100 min manat arası rüsumu ödəməli olurlar. Bu, quşçuluq təsərrüfatları üçün çox böyük maliyyə yükü yaradır. Elektrik şəbəkəsinə qoşulmaq üçün ödəniləcək bu vəsait istehsal olunan məhsulun maya dəyərinə oturmaqla onu yüksəldir. Buna görə də kənd təsərrüfatı istehsalçılarının elektrik təchizatı şəbəkələrinə qoşulması tariflərinin digər biznes sahələrindən fərqləndirilməklə, daha aşağı tariflərin tətbiq olunması son dərəcə vacibdir”.
Assosiasiya sədrinin sözlərinə görə, ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir: “Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, “kənd təsərrüfatı təyinatlı” adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına zərbə vurur. Həmin planların həyata keçirilməməsi Azərbaycanda toyuq ətinə artan tələbatın qarşılanmasında çətinliklərə və qiymət artımlarına yol aça bilər. Buna görə də hökumətdən biz quşçuluq təsərrüfatlarının istehsalı artırması üçün zəruri olan torpaq sahələrinin ayrılması prosesinin sürətləndirilməsi üçün addımların atılmasını xahiş etmişik”.
M.Həsənli bildirir ki, istehsalın genişləndirilməsi, daxili tələbatın tam təmin edilməsi üçün sahibkarlar öz üzərlərinə düşəni etməyə həmişə hazırdırlar: “Azərbaycanda istehsal olunan yumurta, toyuq ətinin keyfiyyəti kifayət qədər yüksəkdir. Bizim məhsullarımızı əgər ABŞ-da, Körfəz ölkələrində rahatlıqla alırlarsa, demək, keyfiyyət göstəriciləri həmin ölkələrin tələblərinə uyğundur. Xüsusi qeyd edim ki, Körfəz ölkələri keyfiyyət, qida təhlükəsizliyi məsələlərinə çox yüksək önəm verirlər. Ora idxal olunan hər bir ərzaq məhsulu çox ciddi araşdırılır, yoxlanılır. ABŞ-da da həmçinin. Biz yumurtada olduğu kimi, ətdə də yüksək keyfiyyət standartlarına əməl edirik. Qeyd etdiyimiz məsələlər həllini taparsa, qısa müddətdə daxili tələbatdan da artıq həcmdə istehsalı təmin etmək, ixraca hədəflənmək mümkün olacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”