Siyasət 

Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı “emalatxana”da hazırlanmışdı?

“46 ildir ki, başlayan, zaman-zaman da real müharibə təhlükəsi yaradan İran-İsrail qarşıdurması tam yeni bir mərhələyə keçdi. Bir çoxları bunu raket müharibəsi, bəziləri münaqişənin alovlanması və digərləri də başqa adla adlandırsa da, reallıq odur ki, İranda hazırki rejimin hakimiyyətə gəlməsindən sonra Israil və onun müttəfiqləri ilə İran arasında baş verən hadisələrin rəngi heç vaxt bu qədər tünd olmamışdı”.

Bunu Muaavat.com-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O bildirib ki, dünya miqyaslı yeni müharibənin və ya müharibələrin hesabına da olsa, dünyanı yenidən bölüşdürmək və yeni nizamı dizayn etmək istəyənlərin israrları göz önündədir:

1598355216_xeyal-b-eshirov-2.jpg (24 KB)

“Dünyanın idarəetmə sükanının aid olduğu “Yaxın Şərq” regionu qaynayır və temperatur o dərəcədə qalxıb ki, onun istiliyi ətraf regionlarda da açıq şəkildə hiss olunmaqdadır. Bu regionlardan biri də Cənubi Qafqazdır ki, ordan da baş verənləri hər mənada görmək, duymaq və hiss etmək mümkündür.

Cənubi Qafqazla bağlı məkrli planlarının beş il öncə pozulduğunu görüb yeni yollar axtaranlar da sevinclərini və aktivliklərini gizlətmirlər. Çünki, birbaşa bizim regionda olmasa da, qonşuluğumuzda sular bulanıb, necə deyərlər ara qarışıb və məzhəb itib, at izi iti izinə qarışıb və bunu Azərbaycana qarşı yeni hücum üçün əsl məqam hesab edənlər üçün də yeni imkanlar yaranıb.

Həmin o bulanma prosesinin bizim ərazilərimizə və həm də ümumilikdə regionumuza keçməməsi üçün bir neçə il öncədən özünün sərhəd bəndlərini möhkəmlədən Azərbaycana qarşı da, paralel olaraq yeni proses başladıldı. İsraillə İranın qarşılıqlı raket və digər hava hücumları ilə eyni zamanda bəzi qüvvələrin Azərbaycana qarşı çirkin informasiya müharibəsi də yeni mərhələyə keçdi. Bəziləri Azərbaycanı İrana hücum etmək üçün İsrailə öz ərazilərindən istifadə imkanları yaratmaqda, digərləri azərbaycanəsilli kəşfiyyatçıları İrana yerləşdirməkdə, bir çoxları da, nə qədər gülünc olsa belə quru sərhədlərimizi bağlamaq kimi suveren hüququmuzu həyata keçirməkdə bizi ittiham etməyə başladı”.

Politoloq bildirib ki, İranla İsrail bir-birilərini raket və dron yağışına tutarkən antiazərbaycan qüvvələr də Azərbaycanı yalan və dezinformasiya yağışına tutmaqda idilər:

“Bəs reallıq nədən ibarətdir və baş verənlərin Azərbaycana hansı təsirləri var. İlk öncə qonşusunda yanğının və alovun çıxmasını istəmək ən ağılsız və ən səhv yanaşmadır, çünki, alov və yanğın nə qonşu tanıyır, nə də ki, sərhəd. Digər tərəfdən də, müharibə olmasın deyə 30 il təmkin nümayiş etdirən, ən son çıxış yolu kimi müharibə etmək məcburiyyətində qalsa belə aylarla və illərlə davam edə biləcək müharibəni cəmi 44 günə sığışdıran, müharibədən dərhal sonra bir daha qarşıdurma olmasın deyə 3+3 formatı da daxil olmaqla, Zəngəzur dəhlizi, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar, geniş quruculuq bərpa işləri və çoxsaylı digər işləri görən Azərbaycanın bu beş illik əziyyətini yeni bir müharibə ilə təhlükə altına düşməsini necə istəyə bilər?!

Digər tərəfdən də, necə oldu ki, keçən bu 12 günlük qarşıdurma zamanı İranın müvafiq qurumları tərəfindən ifşa edilən kəşfiyyatçılardan birinin yadına düşmədi desin onu Azərbaycan “emalatxanası”nda hazırlayıblar? Və yaxud hücumlar zamanı bir-birilərinin ərazilərindən uçan quşları belə saymaq üçün texniki imkanların mövcud olduğu hazırki dövrdə Azərbaycandan bir dronun və digər vasitənin uçduğunu göstərmək niyə kiminsə ağlına gəlmədi?!

O ki qaldı sərhədlərin bağlanmasına, bu addımını və onun üçün mövcud olan əsasları Azərbaycan heç gizlətmir də, digər tərəfdən isə bunun çox böyük təxribatların qarşısını aldığını hər birimiz də görməkdəyik. Bir çox dövlətlərdən fərqli olaraq, bağladığımız sərhədlərin humanitar məqsədlər üçün həmişə açıq olduğunu da artıq dəfələrlə nümayiş etdirdik.

Cənub qonşumuzun bütün Qərblə yarım əsrlik qarşıdurmada olması ilə yanaşı, şimal qonşumuzun da, uzun illərdir ki, Ukrayna mövzusunda həmin Qərblə müharibə aparması faktoru Azərbaycanın əsas dövləti hesab olunduğu Cənubi Qafqaz kimi kiçik bir regionu Panama və Süveyş kanalları və ya Bosfor və Dardanel, Cəbəllütariq və ya Hörmüz boğazı qədər əhəmiyyətini artırdığını görməmək mümkün deyil. Bütün dünya üzrə siyasi, iqtisadi və enerji proseslərinin ən böyüklərinin baş verdiyi və ən çoxunun mübadiləsinin getdiyi iki regionun, Asiya ilə Avropanın, Şərqlə Qərbin ən təhlükəsiz və ən qısa birləşmə yolu olan Cənubi Qafqaz üçün bundan əhəmiyyətli nə ola bilər ki?! Təbii ki, heç nə! Müharibə isə bu vəziyyətlə daban daban zidd bir hadisədir!

Kim nə deyirsə desin, 2020-ci ilin 44 günlük müharibəsindən və 2023-cü ildə keçirilən qısa müddətli antiterror tədbirlərindən başlayaraq 2025-ci ilin 13 iyun tarixinə qədərki dövr həm Cənubi Qafqaz, həm də onun əsas dövləti olan Azərbaycan üçün ən əlverişli dövrdür. Şərq-Qərb dəhlizinin üzərində yerləşməsi və sabitlik və təhlükəsizlik zolağı olması bütün dünyanın iqtisadi, enerji və nəqliyyat maraqlarının bir çoxunu bizim regionumuza yönləndirmələri həm xalqımız üçün, həm də dövlətimiz üçün ən önəmli məqamdır”.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər