Gündəm 

Ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artır – TƏHLİL

Dövlət başçısı İlham Əliyev Mingəçevirdə «8 Noyabr» Elektrik Stansiyasının açılış mərasimində onu da əlavə etdi ki, Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, – halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, – və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.» Dövlət başçısı İlham Əliyev bu günlərdə Mingəçevirdə «8 Noyabr» Elektrik Stansiyasının açılış mərasimində onu da qeyd etdi ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.

Təkcə son illərdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası bunu bir daha sübut edir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələrinin uğurlu sonluqla başa çatması  dünyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı, növbəti  layihələrə, yeni körpülərin qurulmasına stimul verir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi  onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb.

Ölkəmizlə həm  ənənəvi enerji, həm də  bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar» və «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji zonası» üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji zonası» konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

Dövlət başçısı İlham Əliyev «8 Noyabr» Elektrik Stansiyasının açılış mərasimində bu məqama da xüsusi diqqət yönəltdi ki, bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də  əgər belə demək mümkündürsə öz raketlərini göndərməyi də unutmamışdı. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Cənab İlham Əliyevin bunları qeyd etməkdə məqsədi  bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti olduğunu bildirməkdir.  İndi isə biz sülh şəraitində yaşayırıq. Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.

Azərbaycan ötən il iqlim konfrasına ev sahibliyi ilə dünyanın diqqətində oldu. Bu tədbirlərə ölkəmizin ev sahibliyini şərtləndirən amillər sırasında ölkəmizin sabitlik diyarı, təhlükəsiz ölkə kimi nüfuz qazanması, tanınması da  böyük rol oynayır.  Azərbaycan COP29-a ev sahibliyi etməklə bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya təqdim etdi. Enerji diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən həmin tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. Azərbaycan bir daha nümayiş etdirdi ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. Çıxışlarında «Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi» söyləyən cənab İlham Əliyev onu da  qeyd edir ki, bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq: «Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər… Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik…Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.» Prezident İlham Əliyev bildirir ki,  bu tədbiri  çox böyük uğur adlandırmaq olar. Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.

Onu da qeyd edək ki, 2022-ci ilin  dekabr ayında  Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirilmişdi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək  yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Cənab İlham Əliyev bildirir ki,  bu layihə çərçivəsində  ən azı  4 qiqavat yaşıl enerjini Avropaya nəql edə biləcəyik. Bu da əlavə töhfəmiz olacaq.

Səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, əlbəttə, görüləcək işlər çoxdur. TANAP,  TAP genişlənməli,  digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır.  Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli,  komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq çox önəmlidir. Bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxarır.

Göründüyü kimi, hər dövrün öz  çağırışı vardır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu enerji diplomatiyamızın mühüm uğurudur. İkitərəfli əməkdaşlıq əlaqələrinin yeni priortetlər üzrə inkişafı beynəlxalq səviyyədə əlaqələrin inkişafına geniş imkanlar açır. «8 Noyabr» Elektrik Stansiyasının açılış mərasimindəki çıxışlarda da bu reallıqlar xüsusi qeyd edildi ki, Azərbaycan öz strateji mövqeyi, təbii ehtiyatları və ardıcıl enerji siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Təbii qaz təchizatçısı kimi rolu və infrastrukturun modernləşdirilməsi sahəsindəki səyləri Azərbaycanı qlobal enerji əməkdaşlığında əsas oyunçulardan birinə çevirib.

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər