Ərdoğanın hakimiyyəti yıxılsaydı…
Bu, hansısa sektanın, hərbi hissənin silahlı qiyamı deyildi, on minlərlə insanın təşkilatlandığı, hətta doğru yolda olduqlarına inandıqları, “daha yaxşı Türkiyə üçün silaha sarılanların” çevriliş cəhdi idi
Müasir Türkiyə tarixinin ən dramatik gecəsindən – Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatının (Fətullahçı Terör Örgütü) təşkil etdiyi 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən 9 il ötdü. Bu, əslində çevriliş deyildi, dövlətin içində təşkilatlanmış “paralel dövlət”in Türkiyəni özünə tabe etdirmək istəyi idi. Bunun üçün tanklar küçələrə çıxarılmışdı, F-16-lar havaya qaldırılmışdı, hər şey Türkiyənin qanuni hakimiyyətinin çökdürülməsinə, məhz “paralel dövlət”in nəzarətinə keçməsi üçün planlaşdırılmışdı.
FETÖ-nün, əsasən də orduda milli ideyalara sadiq zabit və generaliteti ləkələyərək (Ergenekon, Balyoz həbslərini yada salmaq kifayətdir) mövqelərini gücləndirmişdi və 15 iyulda çevriliş cəhdi təşkil etməyə imkan tapdılar. Bu, hansısa sektanın, hərbi hissənin silahlı qiyamı deyildi, on minlərlə insanın təşkilatlandığı, hətta doğru yolda olduqlarına inandıqları, “daha yaxşı Türkiyə üçün silaha sarılanların” çevriliş cəhdi idi.
9 il keçib, hələ onlar var, hələ onlar mərkəzsiz, lidersiz olsalar da, özlərini FETÖ-çü sayırlar. Heyrət…
2016-cı ilin 16 iyulunda – Ərdoğan iqtidarına qarşı hərbi çevriliş cəhdinin püskürdülməsini Pensilvaniyadan izləyən Fətullah Gülən və bəzi müxalifət “kontrollü darbe” yalanını ortaya atdılar. Amma bu qanlı çevrilişin Ərdoğanın nəyinə lazım ola biləcəyi haqda indiyədək də ortaya tutarlı arqument qoya bilməyiblər. Ərdoğan “Gülənçiləri” – FETÖ-nü terror təşkilatı elan etmək, hakimiyyətin bütün strukturlarından təmizləmək istəyirdisə, bunun üçün İstanbulun və Ankaranın qana bulanması, vətəndaşlarının qətlə yetirilməsi, hətta öz həyatını risk altına qoyması lazım idimi? Dövlətə sadiq polis, jandarma, MİT, ordu generalları müqavimət göstərdilər, amma xalq küçələrə çıxmasaydı, bu çevrilişin qarşısını almaq mümkünsüz olacaqdı. Türkiyə həmin gecə Ərdoğanı bir daha kəşf etdi, qətiyyətini gördü, təyyarəsinin vurulma riskinə rəğmən Ankaradan İstanbula gəldi, xalqı müqavimətə çağırdı, hadisələrin episentrində qaldı.
Türkiyə bir neçə hərbi çevriliş yaşamış, şahidlik etmiş ölkə idi, amma bu, hərbçilərin “hakimiyyətə əl qoyması” deyildi – bu dəfə dövləti işğal planını gerçəkləşdirmək istəyirdilər. Türkiyə son 100 ildə bu cür xəyanət görməmişdi.
15 iyul hərbi çevriliş cəhdinin məqsədi də, hədəfi də, xarici və daxili qüvvələrin güddüyü maraqlar da o zaman bəlli idi, sonradan üzə çıxanlar da bunları təsdiq etdi. Ərdoğanın hakimiyyətdən getməsini istəyən kənar qüvvələrin mövqeyi o qədər aydındır ki, xüsusi izahat vermək gərək deyil. Bu həngamədə əsas hədəf Ərdoğan idi. Həmin gecə qırğınları durdurmaq üçün istefa versəydi belə, onun hakimiyyətdən dinc getməsinə imkan verməyəcəkdilər, həbs edib, səhəri gözləmədən öldürmək əmrini verəcəkdilər. Çünki FETÖ üçün ən ciddi təhlükə AKP hakimiyyəti yox, Ərdoğanın varlığı idi. Fətullah Gülən Ərdoğanı yaxşı tanıyırdı, görünür, Qərbdəki dairələri də inandırmışdı ki, nə qədər Rəcəb Tayyib iqtidardadır, Türkiyə üzərindən heç bir solaxay planın gerçəkləşməsi mümkün olmayacaq. NATO ölkəsinin ortaq bazası olan İncirlikdən qalxan F-16-ların dövlət orqanlarını, parlamenti bombalaması nə demək idi? Bu gizli hazırlıq Qərb kəşfiyyatının qulağına necə gəlməmişdi?
Həmin uzun gecə Türkiyənin müttəfiqləri olan Qərb paytaxtları gözləmə mövqeyi tutdular. Amerika bu işin içində idi. İngilislərdən başqa Türkiyənin müttəfiqləri Ərdoğana qarşı bu qiyamı dəstəkləməsə də, onun hakimiyyətdən uzaqlaşdırılmasına qarşı deyildilər. Sonra Türkiyə ilə necə davranacaqdılar, bu da bir müəmma. Yalnız qiyamın püskürdülməsi bəlli olduqdan sonra Ərdoğana dəstəklər gəldi. Küçələrdə tankların hərəkətini öz canları bahasına durduranlar, AKP iqtidarının deyil, Türkiyəni müdafiə etdiklərinin fərqində idilər. Ona görə həlak olanlar şəhid, yaralananlar qazi statusu aldılar…
Türkiyə oturuşmuş dövlətdir, zəifləyə, zəif iqtidarı ola bilər, amma əsla ayaq altında qalmaz. Əgər 9 il əvvəl FETÖ qiyamı dövləti ələ keçirsəydi, nələr olacaqdı, demək çətindir. Qarabağ savaşında Türkiyə bizə dəstək verəcəkdimi, Şuşa Bəyannaməsi olacaqdımı, “Bir millət, iki dövlət” tandemi davam edəcəkdimi? Əlbəttə ki, yox…
Nazim SABİROĞLU,
Musavat.com