Peşə məktəbində 5 min manatlıq təhsil haqqı – dəyişən nədir?
Ekspert: “Yaxın iki-üç ildə peşə məktəblərinə müraciət edənlərin sayı azalacaq”; təhsil gələcəyi qurmaqdır, onu pula satmaq yox”
Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib ki, bəzi bölgələrdə təhsil haqları fərqlidir: “Peşə təhsilində bəzi ixtisaslar var ki, onların təhsil haqqı 5 min manatdır. Bunun baha olduğunu düşünə bilərlər, ancaq səbəbləri var. Belə ki, beynəlxalq sertifikatlar, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”.
Təhsil haqqının artımı keyfiyyət dəyişikliyinə necə təsir edəcək?
Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda peşə təhsili sahəsində təhsil haqlarının artımı son illərdə cəmiyyətin diqqət mərkəzinə çevrilib: “Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktorunun məlum izahının arxasında nə konkret mexanizm, nə ictimai hesabat, nə də proqnozlaşdırılmış sosial nəticə təhlili var. Bu dəyişiklik, əgər müstəqil şəkildə qiymətləndirilsə, həm maddi, həm də sosial ədalət baxımından ciddi suallar doğurur. Təhsil sisteminin ən aşağı və bünövrə pilləsi olan peşə təhsilinin kommersiyalaşdırılması, əksinə, ölkənin iqtisadi dayanıqlığına təhdid yaradır”.
Ekspert bildirir ki, peşə təhsili ilk növbədə əmək bazarının orta və aşağı ixtisaslı kadrlarla təmin olunmasını hədəfləyir: “Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 4-cü maddəsinə görə, təhsilin məqsədi və prinsipləri sırasında sosial ədalət, əlçatanlıq və inklüzivlik əsas yer tutur. Qanunun 25.2-ci bəndində isə bildirilir ki, dövlət təhsilin müxtəlif formalarına çıxış imkanlarını təmin etməlidir. Lakin reallıqda tətbiq olunan bu qiymət siyasəti qanunvericiliyin ruhuna ziddir və peşə təhsilini, xüsusilə aztəminatlı ailələrin övladları üçün əlçatmaz edir. Çünki bu təhsil formasının əsas hədəf qrupu məhz maddi imkanları məhdud olan gənclərdir. Onlara 5 min manatlıq təhsil haqqı təklif etmək təkcə təhsil deyil, həm də sosial imkanların inkarıdır.
Statistikaya baxsaq, Azərbaycan üzrə orta aylıq əmək haqqı 2024-cü ilin sonunda 986 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə 200 minə yaxın aztəminatlı ailə var və bu ailələrin əksəriyyəti regionlarda yaşayır. Onların bir övlad üçün ildə 5 min manat təhsil haqqı ödəməsi real deyil. Bu da o deməkdir ki, bu “yenilənmiş” peşə təhsili modeli cəmi 10-15 faiz imtiyazlı sosial təbəqəyə xidmət edəcək. Halbuki dünya təcrübəsi əksini göstərir: məsələn, Almaniyada peşə təhsili pulsuzdur və tələbə hətta oxuyarkən təcrübə məkanından əməkhaqqı da alır. İsveçrə və Finlandiyada peşə təhsilinin əksər hissəsi dövlət və işəgötürən tərəfindən qarşılanır. Polşada dövlət peşə məktəbləri üçün təhsil pulsuzdur, yalnız bəzi özəl ixtisaslar ödənişlidir. Bu ölkələrdə peşə təhsili sosial müdafiənin, yoxsulluğun azaldılmasının və iqtisadi ixtisaslaşmanın əsas vasitəsidir. Azərbaycanda isə peşə məktəbləri getdikcə ya boşalır, ya da sosial bərabərsizliyin simvoluna çevrilir.
Müsbət tərəfi odur ki, bəzi ixtisaslarda beynəlxalq sertifikatların tətbiqi, müasir avadanlıqlarla təchiz olunmuş siniflər və əmək bazarına çıxışı sürətləndirən proqramlar planlaşdırılır. Amma bu keyfiyyət artımı yalnız bəzi mərkəzi peşə liseylərində və pilot proqramlarda müşahidə olunur. Digər məktəblərdə isə nə maddi-texniki baza yenilənib, nə müəllimlər ixtisasartırma keçib, nə də kurikulumlar real sektora uyğunlaşdırılıb. Belə bir qeyri-bərabər mühitdə təhsil haqqının artırılması yalnız mövcud bərabərsizliyi daha da dərinləşdirəcək. Sual yaranır: hansı əsasla eyni təhsil sistemində bir məktəbdə 5 min manat, digərində isə 300 manat ödəniş tələb olunur?”
Kamran Əsədov digər mühüm problem olan şəffaflıq və ictimai hesabatlılıqdan danışıb: “Təhsil haqqının hansı hesablamaya əsasən müəyyən edildiyi ictimaiyyətə açıqlanmır. 5 min manatlıq ödənişin neçə faizi dərsliyə, neçə faizi müəllimə, neçə faizi infrastrukturun yaxşılaşdırılmasına yönəldilir? Bu sualların heç birinə Elm və Təhsil Nazirliyi və ya Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi cavab verməyib. Nə qiymət modeli, nə sosial ödəniş mexanizmi, nə də subsidiya proqramı hazırlanıb. Yəni qiymət artımı əsaslandırılmayıb, marifləndirmə işi aparılmayıb, ictimai iştirak təmin olunmayıb.
Əgər proses bu şəkildə davam edərsə, yaxın 2-3 ildə peşə məktəblərinə müraciət edənlərin sayı azalacaq, əmək bazarında texniki və funksional bacarıqlara malik orta ixtisaslı kadr qıtlığı daha da dərinləşəcək. Eyni zamanda bu təhsil forması, sadəcə, “bahalı ixtisas məktəbi” imicinə bürünəcək və gənclərin etimadını itirəcək. Peşə təhsili sosial ədalət, iqtisadi inkişaf və gənclərin rifahı üçün vasitə olmalı idi, indi isə təkcə ödəniş vasitəsinə çevrilib.
Əgər həqiqi islahat niyyəti varsa, bu zaman təhsil haqqı artımı paralel olaraq sosial müdafiə proqramları, subsidiya və təqaüd modelləri, şəffaf hesabatlar və real keyfiyyət göstəriciləri ilə müşayiət olunmalıdır. Əks halda, bu sistemin “islahatı”, sadəcə, qiymət artımı kimi yadda qalacaq və təhsil deyil, imkanlar üzərindən seleksiya yaradacaq. Təhsil hamı üçün əlçatan və keyfiyyətli olmalıdır. Bu prinsipə zidd olan hər addım uzunmüddətli sosial və iqtisadi fəsadlara yol açacaq. Təhsil gələcəyi qurmaqdır, onu pula satmaq yox”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”