Qarabağ və Şərqi Zəngəzur sakinlərinə qucaq açır
Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb
Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramını uğurla icra edir. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülür.
Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur.
Düşmən əsarətindən azad edilmiş ərazilərə əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə tez-tez səfərlər edir və bu səfərlər çərçivəsində kəndlərin, yeni müəssisələrin, təhsil, səhiyyə ocaqlarının, fabkrik və zavodların, parkların əsasını qoyur. Torpaqlarımızı işğaldan azad etdiyimiz son bir neçə ildə bu ərazilərin yenidən qurulması və bərpası ilə bağlı böyük layihələr icra olunur. 180 min hektardan çox ərazilər minalardan təmizlənib, Beynəlxalq Hava limanlarıı istifadəyə verilib. Avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulması prosesi sürətlə davam etdirilməkdədir. Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası”, Zəngilanda “Dost Aqropark” və s. müəsissələrin fəaliyyətə başlaması həm məşğulluq məsələlərin həll olunmasına, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunmasına yol açır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin, kənd və qəsəbələrin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar yenidən qurulur. Dövlət başçısının tapşırığının icrası ilə gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin sayəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın müxtəlif ərazilərindəki yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları davamlı olaraq ata-baba yurdlarına yola salınırlar.
Artıq 5-ci ildir ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fond tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. 2026-cı ilin sonunadək Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.
Bu günlərdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə-235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə-199 nəfər köçürülüb. hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır. Böyük qürur və sevinc hissi ilə demək olar ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış uğurla davam edir.
Zahid Rza, “İki sahil”