Zəngəzur dəhlizi üçün 2 ŞOK SSENARİ
“Tramp yolu”nun paritet əsasda ABŞ-Rusiya idarəçiliyinə verilməsi mümkündürmü? – iki rəy
“Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, yəqin ki, Alyaskada Putin-Tramp sammitindən sonra işlənib hazırlanacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan News.am-in müxbirinə müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib. Onun iddiasına görə, başqa məsələlərlə paket çərçivədə müəyyən razılaşma mümkündür: “Məsələn, dəhlizin paritet əsasda Rusiya-Amerika idarəçiliyinə verilməsi mümkündür. Yaxud Ukrayna ilə bağlı razılığa gəlmək alınmasa, o zaman qarşıdurma ssenarisi üstünlük təşkil edəcək. Amma bu, hansı formada həyata keçiriləcək, bu barədə az sonra hökm vermək olar”, – Aleksandrov əlavə edib.
Bu arada erməni politoloq Stepan Danielyan mətbuata açıqlamasında deyib ki, “Zəngəzur dəhlizi layihəsi çərçivəsində Ermənistanın Sünik rayonuna (Qərbi Zəngəzur – red.) giriş-çıxışda Azərbaycan tərəfində Azərbaycan nəzarət-buraxılış məntəqələri qurulacaq və bütün əməliyyatları Azərbaycan gömrükçüləri həyata keçirəcək”. Danielyana görə, Azərbaycan gömrükçüləri məlumatları toplayaraq Ermənistana ötürəcək, İrəvan isə “heç bir nəzarət həyata keçirməyəcək”.
“Ermənistan tərəfi ərazisinin bu hissəsindən keçən azərbaycanlılara qarşı heç bir tədbir görməyəcək”, – o vurğulayıb.
Məgər Rusiyanın Zəngəzur dəhlizi məsələsinə mövqeyi yəni hələ aydın deyil? Dəhlizin paritet əsasda Rusiya-Amerika idarəçiliyinə verilməsi mümkündürmü? ABŞ buna razılaşar?
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi indiyə qədər bəlli deyil: “Buna görə də rəsmi mövqe Tramp-Putin görüşündən sonra işlənib hazırlanacaq. Bu açıqlamadan belə çıxır ki, Moskva Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyə malik deyil. Ancaq bu, bir qədər inandırıcı səslənmir. Rusiya hər zaman belə bir mövqeni ifadə edir ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təhlükəsizlik missiyasını həyata keçirməlidir. Bu mövqedə hər hansı dəyişiklik olduğu barədə məlumat verilməyib. Amma indi isə görünür ki, ABŞ-ın və Cənubi Qafqazın iki dövlətinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyindəki üst-üstə düşən məqamları nəzərə almaq məcburiyyətində qalıb. Əvvəllər heç bir halda Birləşmiş Ştatların Zəngəzur dəhlizində mövcudluğunu qəbul etməyən rəsmi Moskva indi artıq ABŞ-la paritet əsasında Zəngəzur dəhlizinin idarəçiliyini həyata keçirə biləcəyini politoloqun dili ilə ictimailəşdirir. Bu da o halda baş verə bilər ki, Alyaskada Putin-Tramp danışıqlarında müsbət tendensiya qorunub saxlansın və kompromis əldə edilsin. Yox, əgər Alyaska danışıqları heç bir nəticə verməsə, bu, qarşıdurma mühitinin daha da genişlənməsi anlamına gəlir. Belə çıxır ki, müxtəlif istiqamətlər üzrə, eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə Vaşinqton-Moskva toqquşması baş verə bilər. Burada artıq Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı məsələlərdə Moskvanın təzyiqləri arta bilər. Yəni Alyaska danışıqlarının nəticələri Zəngəzur dəhlizi ilə bağlı proseslərə də müsbət və ya mənfi təsir edə bilər fikri rusiyalı politoloqun dili ilə mesaj verilmiş oldu. Amma Rusiyanın mövqeyində müəyyən yumşalma elementləri Alyaska görüşündən az əvvəl müşahidə olundu. Rusiya baş nazirinin müavini Aleksey Overçukun ”Rusiya, Ermənistanın Azərbaycanla “Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəkləyir” bəyanatı bunu göstərdi. Rusiya-ABŞ əməkdaşlığının yeni bir istiqamətinin Zəngəzur dəhlizində ola biləcəyini və ya mümkün olmadığını zaman göstərəcək. Alyaska görüşünün nəticələrini gözləmək lazımdır”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, prezident Putinin prezident Trampla Alyaskada görüşünə saatlar qalmış Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun “Rusiya Ermənistanın Azərbaycanla ”Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəkləyir” bəyanatı ilə çıxış etməsi bir çox rus və erməni siyasi ekspertlərini şoka salan açıqlama oldu: “Rusiya baş nazirinin bəyanatı təbii ki, təsadüfən məhz dünən verilməyib və şübhəsiz ki, birbaşa Vladimir Putinin mövqeyidir. Putinin istəyi olmadan Overçukun o cür açıqlamanı dilə gətirməsi mümkün deyildi. Bu açıqlama Kreml sahibinin Ağ Ev sahibi ilə Zəngəzur dəhlizinin açılması və ”Tramp yolu” adlandırılması məsələlərində bazarlığa hazır olduğunu Alyaska görüşündən əvvəl mesaj vermək üçün idi. Əgər Tramp Putinə Ukrayna məsələsində güzəştlərə getsə, Rusiyanın Zəngəzur dəhlizi və dəhlizin Amerika şirkəti tərəfindən işlənməsinə, ABŞ-ın bölgədə müəyyən qədər möhkəmlənməsinə bundan sonrakı mərhələdə loyal yanaşacağı, bu məsələlərə görə Ermənistanı sıxışdırmayacağı gözləniləndir. Rusiya 8 avuqstda Vaşinqtonda imzalanan ABŞ-Azərbaycan-Ermənistan razılaşmalarından, şübhəsiz ki, razı qalmayıb. Sadəcə olaraq narazılığını və qəzəbini Alyaska görüşünə kimi mümkün qədər pərdələmək, nümayiş etdirməmək taktikasını seçdi. Buna görə də Kreml susmağa, narazılığını sadəcə hansısa siyasi ekspertlərin, Zatulin kimi şəxslərin dili ilə çatdırmağa üstünlük verdi. Alyaska görüşündə Trampla anlaşma mümkün olmayacağı halda yəqin ki, yaxın günlərdən etibarən Rusiyanın sərt üzünü göstərməyə başladığına şahidlik edəcəyik. Zəngəzur dəhlizinin ABŞ-ın patronajlığı ilə açılmasının qarşısını almaq, 8 avqust Vaşinqton raızlaşmalarının həyata keçməsinə mane olmaq, sülh prosesini əngəlləmək, bütün bu addımlarla Amerikanın Cənubi Qafqazda möhkəmlənməsini dayandırmaq variantı seçiləcək”.
Dəhlizin paritet əsasda Rusiya-Amerika idarəçiliyinə gəlincə, politoloq hesab edir ki, Putinin Trampla görüşündə bu variantı da müzakirəyə çıxarması istisna deyil: “Lakin bu varianta ABŞ-ın müsbət münasibət bildirəcəyi inandırıcı deyil. Bu məsələdə də Amerikanın mövqeyi Putinlə Ukrayna məsələsində danışıqların nəticələrindən müəyyən mənada asılıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”