Müharibəsiz dünya naminə birləşək, silahlara “yox” deyək!
ABŞ-ın birinci xanımı Melaniya Trampın Putinə ünvanladığı məktub dünyada sülhün, müharibələrdən, milli münaqişələrdən, terror aktlarından, insan alverindən əziyyət çəkən uşaqların qorunmasına, təhlükəsizliyinin təminatına beynəlxalq çağırışdır
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşlərinin təşkili bəzi məqamaları ilə daha çox diqqəti çəkdi. Ağ Evdə imzalanan sənədlər illərdən bəri «vasitəçi» simasında, guya bölgədə sabitlik yaratmaq niyyətlərini tısbağa yerişinə bənzər «fəaliyyətləri» ilə davam etdirən beynəlxalq təşkilatların yarıtmaz «səylərinə» verilən qeyri-kafi qiymət oldu. Prezident Donald Trampın vasitəçiliyi ilə sülh istiqamətində əldə edilmiş tarixi nəticə göstərdi ki, səbəb və nəticə qətiyyətli iradədən, səmimi istəkdən asılıdır. Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu bölgəyə sülh vəd edir. Bu görüş Trampın ən böyük xarici siyasət uğurlarından biri kimi tarixə yazıldı. Prezident İlham Əliyevin Donald Trampın Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi təklifi münaqişə bölgələrində, müxtəlif dövlətlər arasında hələ də davam edən müharibələrə son qoyulması naminə göstərilən qətiyyətin layiqincə dəyərləndirilməsidir.
Avqustun 18-də ABŞ Prezidenti Donald Trampın Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü daha bir müharibənin sona çatması naminə atılmış xeyirxah təşəbbüs idi. Həmin görüşdə Prezident Donald Trampın həyat yoldaşı xanım Melaniyanın məktubunu Prezident Vladimir Putinə verməsi humanizm, xeyirxahlıq nümunəsi idi. Məktubun tam məzmunu açıqlanmasa da, Ukraynadakı münaqişə zamanı qaçırıldığı iddia edilən uşaqların taleyi üçün narahat olan ABŞ-ın birinci xanımı ana kimi duyğularını ifadə etmişdi. ABŞ-nin birinci xanımı məktubunda Putindən sülh yaratmaqla uşaqları müharibədən qorumağı xahiş edib. Məktubda qeyd olunur ki, hər bir uşaq sevgi, imkan və təhlükədən uzaq təhlükəsizlik arzusundadır və liderlərin vəzifəsi yeni nəslin ümidini dəstəkləmək, həmçinin hamı üçün layiqli sülhün qayğısına qalmaqdır : «Cənab Putin, siz şəxsən onların melodik gülüşünü geri qaytara bilərsiniz…Siz, cənab Putin, bu vizyonu bu gün qələm zərbəsi ilə həyata keçirə bilərsiniz.»
«The Times”»in yazdığına görə, Rusiya öz xalqına qarşı döyüşmək üçün Ukrayna ərazisindən oğurlanmış uşaqlardan istifadə edir. 2014-cü ildən bəri Ukraynadan zorla qaçırılan, artıq 18 yaşına çatan 35 mindən artıq uşaq hərbi xidmətə yararlı gənc kimi, Rusiya ordusunda xidmət göstərir. Başqa sözlə, manqurtlaşdırılmış, milli-mənəvi dəyərlərindən, vətənpərvərlik hisslərindən məhrum edilən ukraynalı gənclər öz xalqına qarşı vuruşmağa məcbur edilir. Bu məktubu bir qadının, ananın bəşəriyyətin gələcəyi üçün həyəcanı, «sos» siqnalı adlandırmaq olar. Çünki kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq bir xalqın yeni nəslini məhv etmək o millətə qarşı soyqırımdır.
Bəllidir ki, münaqişələrdən, müharibələrdən, dini radikalizmdən, ərzaq çatışmazlığından, yoluxucu xəstəliklərdən ən çox əziyyət çəkənlər qadınlar və uşaqlardır. Hazırda dövlətlər arasında ən təhlükəli, eyni zamanda, insanlığa qarşı bəşəri cinayət adlandırılan silah alverində və insan orqanları ilə bağlı irimiqyaslı ticarətdə uşaqlar daha çox əziyyət çəkirlər. Kimsəsiz, yoxsul ailələrə məxsus, müharibələr nəticəsində valideynlərini itirmiş uşaqların orqanlarının satışından asan yolla qazanılan milyonlar silah alverindən əldə olunan vəsaitləri belə üstələyib. Azərbaycan xalqı bu cür əzabları əsrlərlə yaşadığı üçün bu çağırışlara da ilk qoşulanlar sırasındadır.
Əsrlərdən bəri Azərbaycan xalqına qarşı düşmən siyasəti yeridən daşnakların törətdikləri Xocalı soyqırımı tarixdə bənzəri olmayan vəhşilik, qəddırlıq idi. Sovetlərin 366-cı motoatıcı alayının əsgərləri ilə erməni silahlılarının törətdikləri həmin qətliamda bir gecədə 106-sı qadın, 70-i ahıl, 63-ü uşaq olmaqla 613 günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 487 nəfər əlil oldu. Girov götürülən 1275 nəfər ermənilərin ağılasığmayan zülmünə, təhqirlərə məruz qaldı. 8 ailə bütünlüklə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Bu cür iztirabları, erməni vəhşiliklərini dəfələrlə yaşayan Azərbaycan xalqı milli mənsubluğundan, dinindən asılı olmayaraq bütün insanlara hörmətlə yanaşır, multikultural dəyərlərə sadiqliyini beynəlxalq aləmdə keçirilən yardım aksiyalarının ilk sıralarında olmaqla təsdiqləyir.
Qoşulmama Hərəkatına sədrliyi müddətində bir neçə «ilklərə» imza atan Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda «Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması»na həsr olunmuş konfransda bu kimi hallara qarşı elliklə mübarizənin yolları açıqlanmışdır. COVID19-la mübarizədə də humanizm siyasətinə sadiqliyini bəzi ölkələrin yürütdüyü «vaksin milliyyətçiliyi»nin yolverilməz adlandırmaqla bildirən Prezident İlham Əliyevin çağırışları
Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılmasına yardım kimi dəstəkləndi. Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə təsisatın fəaliyyətində ilk olaraq Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının, Qadınlar Platformasının yaradılmasında məqsəd qadın, ana, uşaq hüquqlarının təmin olunması, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılmasının daim diqqət mərkəzində saxlanılması idi. Azərbaycanın təşəbbüsü ilə Fransa, Niderland kimi digər ölkələrin müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərə milli azadlıqarı uğrunda mübarizələrinə dəstək naminə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasında da məqsəd zorakılığa, təzyiqlərə məruz qalan qadınlara, uşaqlara edilən zorakılığın, istsmarın qarşısının alınmasıdır.
Çox təəssüf ki, aparılan danışıqlara baxmayaraq hələ də davam edən Rusiya-Ukrayna, İsrail – HƏMAS müharibələrindən əziyyət çəkən, dağıdılan tikintilərin altında qalanların, xəstəliklərdən, aclıqdan əziyyət çəkənlərin əksəriyyəti körpələr, analardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında uşaqlar arasında kəskin qida çatışmazlığı hallarının sayında görünməmiş artım olduğunu açıqlayıb. Təxmini də olsa 36,5 milyondan çox uşaq qaçqın taleyi yaşayır. Yuxarıda qeyd olunduğu kimi, müdafiəsiz azyaşlılar insan alverinin qurbanına çevrilirlər. Münaqişə, zorakılıq və digər böhranlar nəticəsində qaçqın düşmüş uşaqların sayı İkinci Dünya müharibəsinin bitməsindən sonrakı dövrdəkindən də yüksək səviyyəyə çatıb. Müharibələr nəticəsində evlərini tərk etməyə məcbur qalan, xarici ölkələrdə sığınacaq axtaranlar arasında azyaşlılar daha çox əziyyət çəkirlər. Yaranan həyəcanverici vəziyyət, azyaşlıların narkotik alverinə cəlb olunması, qaçqın uşaqların təhsildən kənarda qalması gələcəyimizə vurulan zərbə, milli-mənəvi dəyərlərin itirilməsidir.
Beynəlxalq səviyyədə baş verən insan alverinin qurbanlarının 34 faizini uşaqların təşkil etməsi bütün xalqları düşündürməlidir.
Son 10 ildə dünya üzrə sayı iki dəfədən çox artan qaçqınların üçdə birini uşaqlar təşkil edir. Bu kateqoriyadan olan uşaqların üçdə birindən çoxu (36 faiz və ya 3,9 milyon) Saharadan cənubda Afrika ölkələrində, dörddə biri (25 faiz və ya 2,6 milyon) Avropa və Mərkəzi Asiyada, daha 1,4 milyon insan və ya 13 faiz isə Orta Şərqdə və Afrika qitəsinin şimal hissəsində yaşayır.
Yaranan vəziyyətin qarşısının alınması üçün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) iştirakçı dövlətlərin hakimiyyət orqanlarını Qaçqınlar üzrə qlobal saziş və Miqrasiya üzrə qlobal saziş çərçivəsində götürülmüş öhdəliklər də daxil olmaqla, bütün qaçqın uşaqların hüquqlarına dair öhdəliklərinə məsuliyyətlə yanşmağa çağırıb. Fondun hesabatlarında qeyd olunduğu kimi, insan alverinə məruz qalanların təxminən 34 faizini asan «ov»un qurbanları olan uşaqlar təşkil edir. Sərhədi valideynləri, yaxınları olmadan keçən uşaqların taleyi daha acınacaqlı olur. İnterpolun hesablamalarına görə, Avropaya gələn, miqrant həyatı keçirməyə məcbur qalan hər 9 uşaqdan biri itkin düşmüş sayılır. Əslində, isə onlar insan alveri ilə məşğul olanların tələsinə düşən, şəraitin, müharibələrin qurbanları olan «itkinlərdir.»
Aclıqdan, ərzaq çatışmazlığından, xəstəlikdən körpə yaşlarında həyatdan köçən uşaqlar da çoxluq təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) açıqlamasına görə 2025-ci ilin iyul ayında 5 yaşa qədər təqribən 12 min uşaqda kəskin qida çatışmazlığı aşkar edilib. Qəzzada 2023-cü ilin oktyabrından sonra öldürülən uşaqların sayı 16.500 nəfər olub. Öldürülənlərdən 916-sı bir yaşa qədər, 4,365 nəfəri 1-5, 6101-i 6-12, 5124-ü isə 13-17 yaş aralığında olan uşaqlardır.
Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna, İsraillə HƏMAS arasında davam edən müharibələrin dayandırılması, terror aktlarının qarşısının alınması istqamətində göstərdiyi səylər, xanım Melaniya Trampın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub planetimizin müxtəlif bölgələrində törədilən müharibə cinayətlərinin, terror aktlarının qarşısının alınmasına çağırış, humanizm nümunəsidir.
«Uşaqlara qarşı zorakılığa «yox» deyək» çağırışı hər zaman, bütün dövlətlərin sosial siyasətində, gələcək üçün nəzərdə tutulan strategiyasında aktuallığını qorumalıdır. Çünki rəngindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq uşaqlar planetimizin gələcəyidir.
Xuraman İsmayılqızı, “İki sahil”