Kremlin Azərbaycana qarşı isteriyası – Moskva tarixi dərsləri unudur
Azərbaycanla Ermənistanın barışıq istiqamətində atdığı real addım və bu tarixi hadisənin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə baş verməsi rəsmi Kreml üçün şok effekti yaratdı.
Azərbaycan üzərində siyasi, iqtisadi və hərbi-texniki təzyiq rıçaqlarına malik olmayan Moskva, bütün prokreml təbliğat kanallarında anti-Azərbaycan isteriyasına start verdi. Ardınca isə Rusiyanın müxtəlif bölgələrində Azərbaycan diasporunun nümayəndələrinə qarşı təzyiq və təqiblər başladı.
Eyni zamanda, Ukraynada Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus enerji infrastrukturuna yenidən raket zərbələri endirildi.
Əgər Kreml düşünürsə ki, bu yolla Azərbaycanı, onun rəhbərliyini və xalqını qorxuda bilər, o zaman onlar böyük səhv edirlər. Görünür, “rus torpaqlarının toplayıcıları” İkinci Qarabağ müharibəsinin dərslərini mənimsəməyiblər və Azərbaycan cəmiyyətinin xarici təhlükə qarşısında güclü konsolidasiyasını hələ də lazımi şəkildə qiymətləndirmirlər. Bu səbəbdən də 3,5 il əvvəl Ukrayna ilə bağlı etdikləri kimi, yenidən strateji səhvə yol verirlər.
Moskvanın xoşuna gəlsin və ya gəlməsin, Cənubi Qafqazda status-kvo artıq dəyişib. Bu regionun lider dövləti Azərbaycandır və onun arxasında Türkiyə, Pakistan və İsrail kimi güclü müttəfiqlər dayanır. Kreml bu prosesi dayandıra bilməz. Ermənistan artıq Azərbaycanın şərtlərini qəbul edib və indi Zəngəzur dəhlizi Rusiya sərhədçilərinin deyil, ABŞ-ın nəzarətinə keçəcək. Bu isə Kremlin qəbul etməkdə çətinlik çəkdiyi reallıqdır. Yaxın gələcəkdə Ermənistanla Türkiyə arasında barışıq prosesi başlayacaq və nəticədə Rusiya hərbi infrastrukturunun, o cümlədən Gümrüdəki hərbi bazanın, Ermənistandan çıxarılmasının şahidi olacağıq.
Azərbaycan İkinci Qarabağ müharibəsindən bu günə qədər bütün cəmiyyətin xarici düşmən qarşısında nümayiş etdirdiyi misilsiz birliyi ilə seçilir. Bu konsolidasiyanın bənzəri postsovet məkanında yoxdur və Kremlin hazırkı rəhbərliyi bunu dərindən anlamalıdır.
Azərbaycan Rusiyayla qarşıdurma istəmir, amma Kremlin özünə qarşı bu cür hörmətsiz davranışlarını da cavabsız qoymaq niyyətində deyil. Rəsmi Bakının bütün addımları güzgü effekti prinsipi ilə olacaq.
Rusiyanın isə Ukrayna cəbhəsində bataqlığa düşdüyü, sərhədlərinin ətrafında mövqelərini itirdiyi aydındır. Moskva tarixdən dərs almaq əvəzinə eyni səhvləri təkrarlayır və SSRİ-nin aqibətini yaşamağa doğru irəliləyir. Beləliklə, Kreml mövqelərini yalnız Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada itirməkdə davam edəcək.
Amerikalı filosof Corc Santayananın dediyi kimi: “Tarixin dərslərini unudanlar, onu təkrar yaşamağa məhkumdur.”
Ramiz YUNUS,
Xəzər Universitetinin professoru