Azərbaycan Şərqlə Qərb arasında tranzit ölkə və etibarlı tərəfdaşdır
Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ümumi inkişaf naminə əməkdaşlıq hazırkı dövrün əsas çağırışlarındandır
Daşkənd şəhərində keçirilən «Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq» mövzusunda yüksəksəviyyəli beynəlxalq konfrans Azərbaycanın xarici siyasət uğurlarının, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yüksələn xətlə inkişafının təqdimatı oldu. Avqustun 20-dək davam edəcək tədbir Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu, Özbəkistan Respublikasının Prezidenti yanında Strateji İslahatlar Agentliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.
Ümumilikdə, Azərbaycanın gələcək üçün xarici siyasətində prioritet məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Dövlət başçısı İlham Əliyev ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu çağırışı etdi ki, bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz, ancaq birlikdə nail ola bilərik.
Təbii ki, Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.
Tarixi Zəfərimizdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də qeyd etdiyimiz kimi, yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son illərdə Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Mərkəzi Asiya dövlətləri ilə yaxın dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirmişdir: «Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir… Biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. …Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik.» 2024-cü ildə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı qeyd etmişdir: «Çox şadam ki, bu səfər tam uğurla – dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram». Eyni zamanda, Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa edilən orta məktəb bu dəstəyin bariz nümunəsidir. Ötən ay Xankəndidə keçirilən İqtisadi əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində tarixi sülh razılaşmasının türk dünyasında yaratdığı yüksək ab-hava cənab İlham Əliyevin həmin ölkələrin dövlət başçıları ilə telefon danışığında da özünün aydın ifadəsini tapdı. Belə ki, Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirdi və buna görə təşəkkürünü bildirdi. Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasında nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırdı və qeyd etdi ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir. Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirildi və bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirildi.
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə də telefon danışığı oldu. Şavkat Mirziyoyev, öz növbəsində, əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırdı, bunun regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd etdi. Ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi vurğulandı. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığında isə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı xüsusi qeyd edildi. Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəngində isə, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini bildirdi. Söylənilən hər bir fikir türk dünyasının birliyinin, gələcəkdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində atılacaq addımlara işıq saldı.
Azərbaycan daim əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğu üçün bütün potensial imkanlardan maksimum istifadə etməyə çalışır. Daşkənd şəhərində «Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq» mövzusunda yüksəksəviyyəli beynəlxalq konfransda da Daşkənd, Bakı və Brüssel arasında əsas əməkdaşlıq istiqamətləri müzakirə olundu. Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı çıxış edənlər bildiriblər ki, iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Qardaş ölkələrin rəhbərləri arasında şəxsi dialoq və müvafiq idarələr arasında əməli əməkdaşlıq bu prosesə kömək edir. Azərbaycan və Özbəkistan əməkdaşlığı, logistika, enerji, təhsil və mədəniyyət sahələrində sistemli irəliləyiş əldə edir. Bu, təkcə ikitərəfli gündəliyi deyil, həm də Mərkəzi Asiya və bütövlükdə Cənubi Qafqaz arasında qarşılıqlı fəaliyyət arxitekturasını gücləndirir.
Bu məqam da xüsusi qeyd olundu ki, Mərkəzi Asiya regionunda bütün dövlətlərin dənizə birbaşa çıxışı yoxdur. Ona görə də marşrutların şaxələndirilməsi və məhsulların dəniz limanlarına çatdırılması üçün qısa, optimal dəhlizlərin seçilməsi vacibdir. Bu məntiq çərçivəsində Özbəkistan Azərbaycanın tranzit imkanlarından fəal şəkildə istifadə edir, Qafqaz regionu istiqamətində və daha sonra Qara dəniz vasitəsilə Avropa bazarına keçid yaradır.
Tədbir Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında məzmunlu dialoq üçün platforma oldu. Reallıq budur ki, son illər Azərbaycanla Özbəkistan arasında qarşılıqlı fəaliyyət formatları – iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə birgə layihələrin sayı durmadan artır. Bu, birdəfəlik qərarların təsiri deyil, ardıcıl və balanslaşdırılmış işin nəticəsidir. Logistika marşrutlarının əlaqələndirilməsi, dəhlizlərin tutumunun artırılması, prosedurların sadələşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması üzrə işlər davam edir. Paralel olaraq, biznes missiyalarına, təhsil və mədəniyyət proqramlarına dəstək verilir. Bütün bunlar davamlılığı və qarşılıqlı marağı artıran praqmatik tədbirlərdir.
Azərbaycanın Avropa ilə əməkdaşlığına gəldikdə isə, dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bunu ümumiləşdirilmiş şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu gün NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edirik. Biz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edirik: «Deməli, bu baxımdan, – qaz kəmərini nəzərdə tuturam, – Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Belə ki, 10 NATO, 10 Aİ üzvü bizdən qaz alır. Biz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir».
Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu davam edəcəkdir.
Yeganə Əliyeva, «İki sahil»