Gündəm 

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti

Bu, artıq fərdlərin yox, bütöv bir sistemin həyata keçirdiyi çirkin planın təzahürüdür

Azərbaycan xalqı tarix boyu rus imperiyasından və sovet sistemlərindən əziyyət çəkib. 1920-1930-cu illərdə SSRİ repressiyaları zamanı Azərbaycan xalqının tanınmış ziyalıları, alimləri, xalq şairləri güllələnərək, sürgün edilərək fiziki və mənəvi olaraq məhv edilib. Bu, sadəcə, bir elitanın yox edilməsi deyildi – bu, xalqın yaddaşına, irsinə, düşüncəsinə qarşı yönəlmiş ideoloji soyqırımı idi. 1988-ci ildə Azərbaycan xalqı ayağa qalxıb “xalqlar həbsxanasından”- SSRİ-dən ayrılmaq istəyini dilə gətirəndə rəsmi Kreml erməni separatizmini alovlandırdı, Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirdi, özü də işğalçı ölkənin arxasında durdu, təcavüzü dəstəklədi, erməniləri silahlandırdı. Daha sonra 1990-cı ilin 20 Yanvar gecəsində sovet ordusunun Bakıya yeridilərək yüzlərlə günahsız mülki vətəndaşı qətlə yetirməsi, 1992-ci ildə Xocalı soyqırımı zamanı Ermənistanın arxasında dayanaraq azərbaycanlılara qarşı törədilən kütləvi qırğın, bütün bu cinayətlər rus hərbi-siyasi sisteminin azərbaycanlılara qarşı yürütdüyü amansız siyasətin davamı oldu.

Rusiyanın son dövrlər Azərbaycana qarşı atdığı addımlarında da qonşuluq münasibətinə yaraşmayan hərəkətlər özünü göstərir. Ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasını heç birimiz unutmamışıq. Onu da yaxşı xatırlayırıq ki, Rusiya hələ də bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Moskva nə öz günahını etiraf edib, nə də bu işdə əli olanları cəzalandırıb. Bu ilin fevralında Azərbaycanın bəzi media resurslarına yönələn kütləvi kiberhücumun da arxasında Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupunun dayandığı da məlumdur. Bir müddət əvvəl millət vəkili Azər Badamovun Rusiyada başına gətirilənlər də yaddan çıxa bilməz. Rəsmi tədbirdə iştirak üçün Rusiyaya gedən Azər Badamov Moskvada hava limanında saxlanılıb və ölkədən deportasiya olunub. Dəhşət doğuran daha bir fakt: iyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ümumilikdə, 50-yə yaxın azərbaycanlı həmin əməliyyat çərçivəsində saxlanılıb. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərdi. Məlumdur ki, Ukrayna ilə müharibədə canlı qüvvə problemi yaşayan Kreml rəhbərliyi miqrantları döyüşə cəlb etmək üçün müxtəlif qeyri-insani vasitələrə əl atır. Narkotiklərlə, uydurma cinayətlərlə, ailə üzvlərinin taleyi ilə təhdid olunan miqrantlar məcburən razılıq verir. Müharibəyə göndərilənlər aldadılır, vəd olunan kompensasiyalar verilmir, geri döndükdən sonra isə yenidən təzyiqlərə məruz qalaraq cəbhəyə göndərilirlər. Bu siyasətin hədəfi yalnız miqrantlar deyil. Eyni zamanda, milli mənsubiyyətinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar da təqib və ayrı-seçkiliklərdən yan keçə bilmir. Bu hallar artıq lokal xarakter daşımır – ölkənin müxtəlif bölgələrində oxşar hadisələr yaşanır. Bəzi yüksək vəzifəli şəxslər isə bu siyasəti icra etməklə özlərini qəhrəman kimi göstərməyə çalışırlar. Bu reallığı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin verdiyi açıqlamalar və statistik rəqəmlər də təsdiqləyir – onun etirafları arxasında acı həqiqətlər dayanır.

Rusiya isə öz şovinist siyasətindən əl çəkməyərək qanunsuz əməllərini davam etdirməkdədir. Xəbər verdiyimiz kimi, avqustun 7-dən 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib. Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub. Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb. Qeyd edək ki, neft bazasına hücumdan əvvəl, avqustun 6-da Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına zərbə endirmişdi. Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu. Bundan əvvəl də, Rusiya tərəfindən oxşar hücumlar təşkil edilib. Məsələn, iyulun 10-da Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşmüşdü. Bütün bunlar onu göstərir ki, Rusiya hər fürsətdə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmağa çalışır. Bu isə Kremlin Bakıya qarşı düşmənçilik siyasətinin əyani göstəricisidir.

Rusiya nəzərə almalıdır ki, bu gün Azərbaycan dövləti və xalqı heç bir təhdid və şantaj qarşısında sarsılmayacaq qədər möhkəmdir. Azərbaycan hədə-qorxu dili ilə danışılacaq ölkə deyil və hər bir dövlət bunu nəzərə almalıdır. Rəsmi Bakı bütün məsələlər üzrə öz mövqeyini kifayət qədər açıq şəkildə bildirir və axıradək eyni mövqedə qalır, sözünün üstündə durur. Bu gün başlatdığı haqsız müharibə ilə təklənən, sanksiyalara məruz qalan və uçuruma doğru yuvarlanan Rusiya hökuməti Azərbaycanla münasibətləri korlamaqdansa, öz səhvlərindən dərs çıxarmalı və münasibətləri normallaşdırmağa cəhd etməlidir.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər