Gündəm 

Bəşəri dəyərlərə söykənən dəstək

Azərbaycan dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edib. Hətta Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Ukraynaya belə bir tövsiyə də vermişdi: heç vaxt işğalla barışmamaq.  Bununla da dövlətimizin başçısı Azərbaycanın tarixi dostluğa sadiq qaldığını, həmçinin həyata keçirdiyi siyasətində bəşəri dəyərlərə söykəndiyini bir daha bəyan edib. Rəsmi Bakının Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyi bu gün də dəyişməz olaraq qalır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan torpaqları işğal altında olanda Ukrayna bizim ərazi bütövlüyümüzü tanıyıb.

Azərbaycan bu dəstəyi yalnız sözdə deyil, əməlində də göstərir. Belə ki, rəsmi Bakı işğaldan əziyyət çəkən Ukraynaya humanitar yardımların göndərilməsini təşkil edir. Bu isə o deməkdir ki, dövlətimizin xarici siyasət kursunda humanist dəyərlərə sadiqlik xüsusi yer tutur. Elə ölkəmizin Afrikadan Asiyaya, Avropadan Latın Amerikasına qədər müxtəlif regionlarda humanitar təşəbbüsləri ilə fərqlənməsi də bunu bir daha sübut edir. Təkcə bir faktı xatırladaq ki, Azərbaycan pandemiya dönəmində Ümumdünya Səhiyyə Təşki­latına 10 milyon ABŞ dolları məbləğində yardım ayırmışdı.

Prezident İlham Əliyev avqustun 11-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanın Energetika Nazirliyinə vəsait ayrılmasına dair sərəncam imzalayıb.  Artıq Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət yükün növbəti hissəsi 10 yük avtomobilindən ibarət karvanla avqustun 15-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir.  Yardımın ümumi dəyəri 2 milyon ABŞ dollarıdır. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib. Göründüyü kimi, göndərilən humanitar yüklər sırf gündəlik həyatın bərpasına, insanların ən zəruri ehtiyaclarının ödənilməsinə xidmət edir. Şübhəsiz, bu da insanların gündəlik həyatının normallaşmasına xidmət edir. Bir də qeyd edək ki, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək, sadəcə, yardımların həcmi ilə ölçülməməlidir. Burada əsas məsələ ölkəmizin beynəlxalq müstəvidə nümayiş etdirdiyi mövqedir.  Ukraynada müharibədən əziyyət çəkən uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması da davam etdirilir. Xatırladaq ki, ümumilikdə 300-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.  Bu il ərzində yeni qrupların da ölkəmizə göndəriləcəyi planlaşdırılır.

Amma bu kim addımlar Rusiyanın bəzi dairələrində heç də birmənalı qarşılanmır. Belə ki, bu ölkə istəyir ki, Azərbaycan onun işğalçı hərəkətlərinə, cinayətlərinə göz yumsun. Artıq Azərbaycan o dövlətlərdən deyil ki, iqtisadi və hərbi təzyiqlərlə Rusiyanın aşırı tələblərini yerinə yetirsin. Elə Rusiyanın Azərbaycanın Ukraynadakı neft obyektlərinə zərbələr endirməsi, diaspor təşkilatları üzvlərinin bizneslərini məhv etmək istəməsi də bundan qaynaqlanır.  Halbuki 2022-ci ilin fevral ayında Azərbaycanla Rusiya arasında Moskvada strateji müttəfiqlik haqqında sənəd imzalanıb.

Yeri gəlmişkən, yanvar ayından etibarən Ukrayna Trans-Balkan marşrutu vasitəsilə Azərbaycandan ilk qaz nəqli sınaqlarını həyata keçirib və əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsini planlaşdırdığını açıqlayıb. Lakin bu dövrdə Rusiya Ukrayna ərazisində SOCAR-a məxsus neft anbarlarını və qaz kompressor stansiyalarını hədəfə alan bir neçə hava hücumu həyata keçirib. Məsələn, avqustun 18-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub. Qeyd edək ki, Rusiya avqustun 8-də Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum etmişdi. Bundan başqa, Rusiya Kiyevdə Azərbaycan səfirliyinin ətrafına da raket zərbələri endirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində yazıb ki, Rusiya Odessada Azərbaycanın dövlət neft şirkətinin neft infrastrukturu obyektlərinə qəsdən hücum edib. Bununla belə, prezidentlər İlham Əliyev və Volodimir Zelenski arasındakı səmimi dialoq və qarşılıqlı etimad enerji resurslarının bölgədə sabitlik və inteqrasiya amili olaraq qalmasını təmin edir.

Onu da bildirək ki, Azərbaycanın bu mövqeyi Ukraynada da yüksək qiymətləndirilir. Məsələn, avqustun 16-da Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə növbəti dəfə təşəkkür edib. Ukraynanın xarici işlər naziri, həmçinin Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılmışdır. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır. Ötən illər ərzində Azərbaycan-Ukrayna əlaqələri hərtərəfli inkişaf edərək yüksək nəticələr əldə olunmuşdur. Bu vaxta kimi Azərbaycanla Ukrayna arasında 160-dan çox müxtəlif sahələri əhatə edən dövlətlərarası və hökumətlərarası sazişlər və müqavilələr imzalanmışdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər