Budapeştdə futbol dərsi keçdilər! – deputat “Qarabağ”ın qələbəsindən danışdı
Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda əlamətdar qələbə qazanıb. Qurban Qurbanovun komandası Macarıstanın paytaxtı Budapeştdə “Ferensvaroş”u 3:1 hesabı ilə məğlub edib.
Oyunu ilə hər kəsi heyran edən Musa Qurbanlının vurduğu qol, soyuqqanlı geri dönüşü və komandanın ruhuna xüsusi vurğu edən Mustafanın göstərdiyi performans “Qarabağ” komandasının həm iradə, həm məsuliyyət, həm də Azərbaycan ruhunu bir arada nümayiş etdirə bilməsini göstərdi. Avropada qələbə qazana bilməyən millimizə də mesaj açıqdır – belə komanda ilə hər şey mümkündür!
Deputat Fazil Mustafa komandanın möhtəşəm qələbəsini yüksək qiymətləndirib və onları “futbolda dərs keçənlər” adlandırıb:
“Bu nə komanda! Bu nə möcüzə! Soyuqqanlı geri dönüş! Budapeştdə futbol dərsi keçdilər!”
Fazil Mustafa xüsusilə Musa Qurbanlının vurduğu qolun sevindirici olduğunu vurğulayıb və əlavə edib ki, bu qollar arasında azərbaycanlı futbolçunun imzası çox önəmlidir. O, Azərbaycan futbolunun çətin şəraitində Qurban Qurbanovun komandada gülüstan yaratma bacarığını xüsusi qeyd edib:
“İmtiyaz, pul hər şey ola bilər, ancaq iradə və məsuliyyət olmasa, bunlar bir işə yaramaz. “Qarabağ”dan sonra Azərbaycan futbolunda ən azı 6 sıra boşdur. Avropada bir qələbə qazana bilməyən millimizə göstərdi ki, elə milli komandamız da “Qarabağdır!”
Deputat həmçinin komandanın əcnəbi futbolçularını da tərifləyib:
“Buradakı əcnəbi futbolçular bəzi milli oyunçularımızdan daha çox Azərbaycan ruhu ilə oynayırlar. Bir sözlə, hamısına halal olsun!”
Xatırladaq ki, Ağdam təmsilçisinin heyətində qolları Yankoviç, Medina və Musa Qurbanlı vurub. Meydan sahiblərinin yeganə qolunu isə Varqa adına yazdırıb. Bu nəticə ilə “Qarabağ” cavab oyununa böyük üstünlüklə çıxacaq. Qarşılaşma avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, “Qarabağ” tarixində bir neçə dəfə avrokubokların qrup mərhələsində mübarizə aparıb, lakin Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün bu dəfə pley-off sınağından uğurla keçməlidir. İlk oyundakı qələbə isə təmsilçimizin bu məqsədə bir addım da yaxınlaşdığını göstərir.
Sultan Məmmədli,
Musavat.com