Cəmiyyət 

Hərrə faciəsi nədir və nə zaman baş vermişdir?

Hərrə faciəsi nədir və nə zaman baş vermişdir?

Kərbəla faciəsindən sonra mədinəli Əhli-beyt tərəfdarlarından bir çoxu bu qiyama qoşulmadıqları və İmam Hüseyni (ə) dəstəkləmədikləri üçün peşman olub qiyam qaldırdılar. Onlara Abdullah ibn Hənzələ başçılıq edirdi. (Abdullahın atası Hənzələ də Ühüd döyüşündə şəhid olmuşdu və “mələklərin qüsl verdiyi” ləqəbi ilə tanınırdı). Yezidin göndərdiyi ordu Mədinə əhalisinin qiyamını amansızlıqla yatırdı. Şəhər kənarında yerləşən Hərrə adlı məkanda şiddətli döyüş baş verdi. Mədinə möminləri nə qədər kəskin müqavimət göstərsələr də, düşmən say çoxluğu ilə onlara qalib gəldi. “Peyğəmbərin hərəmi” adlandırılan Mədinə şəhəri üç gün qətlü-qarətə məruz qaldı. Bu müddət ərzində xalqın canı, malı və namusu xilafət əsgərlərinə halal elan edildi. “Hərrə faciəsi” adlandırılan bu hadisə hicri 63-cü, yəni miladi 683-cü ildə baş verdi. Aralarında səhabələrin də olduğu minlərlə mədinəli qətlə yetirildi; bunların 700 nəfəri elm əhli və Quran qaresi idi. Peyğəmbərin qohumlarından (Bəni-Haşimdən) olan xeyli seyid Yezidin əsgərləri tərəfindən öldürüldü. Şəhərdəki qadın və qızların namusuna təcavüz olundu. Hərrə faciəsi İslam tarixində ən ağır və rüsvayçı qırğınlardan biri kimi məşhurdur.

Daha çox xəbərlər