“Moskva görüş istəmir: Ali səviyyəli dialoq bəhanədən başqa bir şey deyil”
Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanın XİN rəhbəri ilə birgə mətbuat konfransında mühüm bəyanatlar səsləndirib.
Lavrov Vladimir Putinin Volodimir Zelenski ilə yalnız ali səviyyədə müzakirə olunacaq məsələlərin tam hazırlandığı halda görüşə razılıq verəcəyini bildirib. Nazirin sözlərinə görə, hazırda ekspertlər və nazirlər mümkün görüş üçün müvafiq tövsiyələr hazırlayır. O əlavə edib ki, əgər Ukrayna ilə saziş imzalamaq gündəmə gələrsə, Kiyev tərəfdən imza atanların legitimliyi ciddi sual altında olacaq.
Lavrovun bəyanatından hansı nəticəni çıxarmaq olar? O, Ukrayna ilə saziş imzalanarsa, niyə Kiyev tərəfdən imza atanların legitimliyinin sual altına düşəcəyini deyir? Bu cür bəyanatlar sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloqun fikrincə, Rusiya rəhbərliyi Ukrayna ilə birbaşa görüşmək istəmir:
“Lavrovun“Ukrayna tərəfindən imza atanların legitimliyi sorğulanacaq” ifadəsi faktiki olaraq göstərir ki, Moskva hətta Ukrayna prezidenti Zelenskinin legitimliyini də öz şərtlərinə bağlayır. Yəni, şərtlər daxilində Zelenski Rusiyanın irəli sürdüyü şərtləri qəbul edirsə, o zaman onun legitimliyi də qəbul oluna bilər. Bu isə göstərir ki, Rusiya yalnız torpaq məsələləri ilə kifayətlənmir, digər məsələləri də şərt kimi irəli sürür. Əks arqument Ukrayna tərəfindən də səslənə bilər. Ukrayna rəhbərliyi Putini legitim hesab etməyə bilər. Faktiki olaraq, Ukraynada artıq bu mövzu müzakirə olunur və Putinin prezident statusunun tanınmaması barədə fikirlər səsləndirilir”.
Zeynal Əmrəliyev həmçinin vurğulayb ki, görüşdə hansı məsələlərin müzakirə olunacağı barədə səslənən fikirlər, “ali səviyyəli məsələlər müzakirə olunacaq” kimi ifadələr, əslində bəhanədən başqa bir şey deyil:
“Faktiki olaraq Rusiya məsələni uzatmağa çalışır və çalışır ki, Ukrayna ilə dialoq baş verməsin. Əslində, bu, əvvəldən görünən mövqedir. Alyaska görüşünə Rusiya rəhbərliyinin getmək istəməsinin əsas məqsədi müharibənin hazırki vəziyyətini uzatmaqdır. Rusiya, Qərbdən Ukraynaya daha çox dəstəyin verilməsinin və özünə sanksiyaların tətbiq edilməsinin qarşısını almaq üçün bu cür addımlardan istifadə edir. Məqsəd odur ki, Qərbdən təzyiq olmasın, Ukrayna cəbhəsində isə rahat şəkildə müharibə apararaq özünün müəyyən etdiyi əraziləri ələ keçirsin və sonra Ukraynanı kapitulyasiya masasına oturtsun. Rusiya tərəfindən irəli sürülən şərtlər də göstərir ki, Moskva öz istəklərində heç də səmimi deyil”.
Xalidə Gəray
Musavat.com