Gündəm 

Paşinyan bir badalağa ikisini yıxdı

Bir neçə ildir ki, ətrafında qızğın mübahisələr, münaqişələr və fikir ayrılıqları olan Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə son  nöqtə qoyulub. Bir vaxtlar Ermənistanın  düşündüyü, lakin möcüzə kimi görünən variant artıq reallığa çevrilməkdədir. Mətbuatda “Tramp marşrutu” adlandırılan bu nəqliyyat kompleksinə Ermənistanın özünün nəzarət edəcəyi bildirilir. Əslində elə belə də olmalı idi. Hansı məntiqə sığır ki, bir ölkənin ərazisindən keçən nəqliyyat marşrutuna hansısa başqa bir ölkə nəzarət etsin? Vurğulamaq lazımdır ki, belə bir əsassız planı Rusiya irəli sürür və israrla arxasında dururdu. Məqsəd bu yoldan istifadə edəcək ölkələrə təsir və təzyiq mexanizmini öz əlinə keçirmək, kiməsə diktə etmək imkanlarını özündə saxlamaq idi. Lakin Rusiya imperiyasının iddialarından və özbaşınalıqlarından bezmiş dövlətlər ona etibar etmədiklərini bildirdilər. Artıq neçənci dəfədir ki, böyüklü-kiçikli ölkələr Rusiyaya inanmadıqlarını və etimad etmədiklərini açıq şəkildə ortaya qoyurlar. Onu hamıya müxənnətlik etdiyinə görə “etibarsız müttəfiq və təhlükəli tərəfdaş” adlandırırlar.

Vaşinqtondakı məlum sülh sənədlərinin imzalanması mərasiminə İranla Rusiyanın dəvət edilməməsi onlara inamsızlığın ən bariz nümunəsi oldu.

“Sünik bölgəsindən (Zəngəzur) keçən marşrutun təhlükəsizliyini üçüncü ölkə deyil, Ermənistan qüvvələri təmin edəcək”.

Xəbər verilir ki, bu fikri İrəvanda səfərdə olarkən İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, açıq surətdə bildirib ki, Azərbaycanla razılaşmalardan sonra o tərəfdən ölkəsini heç bir təhlükə gözləmədiyi üçün üçüncü dövlətin bu yola nəzarət etməsinə də  heç bir ehtiyac yoxdur. Bu fikir İran prezidentinin xoşuna gəlməyib və öz narazılığını bildirib. Qınayıcı tərzdə deyib ki, İran ən ağır vaxtlarında Ermənistana hər cür yardım edib. “Mükafat” isə göz qabağındadır. Yəni İrana göstərilən inamsızlıqdır.

Baş nazir vurğulayıb ki, Azərbaycanla əsas razılaşmalardan biri regionda nəqliyyat-rabitə yollarının bərpasına aiddir. Bu yol Ermənistan və Azərbaycanla bərabər, ondan istifadə edəcək ölkələrə də yüz milyonlarla dollar mənfəət gətirəcək. Ona görə də yolu başqa dövlətin nəzarətinə vermək yenidən onun asılılığına girmək deməkdir: “Ermənistan ərazisindən keçən rabitə marşrutları Ermənistanın müstəsna yurisdiksiyasında olacaq, təhlükəsizliyi hər hansı üçüncü ölkə deyil, Ermənistan tərəfi özü təmin edəcək”.

Baş nazir Nikol Paşinyan həmin cümlədə dolayısı ilə bu yolda ən çox korporativ marağı olan Rusiyaya və digər narazı ölkələrə öz yerlərini göstərib. Aydın məsələdir ki, Zəngəzur dəhlizinə nəzarəti öz əlində saxlamaq istəyən rəsmi Moskva vəziyyəti öz xeyirinə dəyişmək, Cənubi Qafqazda yenə də söz sahibi, regionda üstün olmaq üçün hansısa yollar axtarırdı. Şübhəsiz, Kremldəki çaşqın vəziyyətə düşən ideoloqlar nəqliyyat dəhlizinin “Tramp yolu” adlandırılmasının mənası olduğunu da başa düşürlər və odur ki, düşündükləri heç bir planı açıqlamağa cürət etmirlər. Qarşılarında hansısa ölkənin deyil, dünyanın supergücünün dayandığının fərqindədirlər. ABŞ-ın hərbi-siyasi qüdrətinin nəyə  qadir olduğunu yaxşı bilirlər. Anlayırlar ki, əgər Prezident Donald Tramp bu məsələyə qol qoyubsa, onunla oynamaq olmaz. Beləliklə, işğalçı Rusiya iki yüz il at oynatdığı meydanı sakitcə təhvil verir. Müttəfiqi İran da onun kimi hərəkət etməkdən başqa çarə görmür. Bir vaxtlar Azərbaycana barmaq silkələyən ayətullahlar, SEPAH-ın generalları, səfirlər, mollalar və digər siyasi tör-töküntülər Zəngəzur dəhlizini özlərinin qırmızı xətti adlandırır, hamını hədələyir, lovğalıqla buraya gələnləri qəbiristanlığa göndərəcəklərini söyləyirdilər. Lakin indi o cəsarətdən əsər-əlamət görünmür, həqarətlər, şantajlar,  böhtanlar eşidilmir, sanki dillərini udublar. Onları qəfil yaxalamış təhlükədən şok keçirir, düşdükləri labirintdən çıxmağın yolunu axtarırlar.

Nikol Paşinyan gözlənilmədən həm Rusiyaya, həm də İrana elə bir tərs badalaq gəlib ki, ondan qurtulmaq mümkün deyil. Özgələrə tor toxuyan bir gün özü düşməlidir. Düşdülər də.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər