Uşaqları yollarda necə qorumalı? – Qazaxıstan Avropa təcrübəsini tətbiq edir
Uşaqların yol təhlükəsizliyi məsələsi dövrümüzün ən aktual problemlərindən biri olaraq qalır. Hər il dünyada yüzlərlə azyaşlı yol qəzalarında yaralanır və ya həlak olur. Avtomobillərin sayının və hərəkətin intensivliyinin ildən-ilə artdığı Azərbaycan üçün bu, xüsusilə aktualdır. Söhbət təkcə statistikadan deyil, bütöv bir nəslin həyatından, gələcəyindən gedir.
Buna görə də, profilaktik tədbirlərin təkcə “yuxarıdan” başlaması deyil, həm də məktəblilərin özlərini cəlb etməsi vacibdir. Uşaqlar təhlükəsizlik hərəkatının fəal iştirakçılarına çevrildikdə, təsir daha davamlı olur.
Oxşar təcrübələr dünyanın digər ölkələrində də keçirilir. Almaniyada məktəblilər məktəblərin yaxınlığındakı keçidlərin tənzimlənməsinə kömək edir, “kiçik yol təhlükəsizliyi zabitləri” Böyük Britaniyada da fəaliyyət göstərir, “Məktəb təhlükəsizliyi patrulu” adlanan qruplar ABŞ və Kanadada bir əsrdən artıqdır uğurla fəaliyyət göstərir, Yaponiya və Çində isə “kiçik polislər” klubları mövcuddur. Nəticə hər yerdə eynidir – uşaq xəsarətlərinin azalması və erkən yaşlardan məsuliyyət mədəniyyətinin formalaşması.
Bu yaxınlarda Qazaxıstanda keçirilən “gənc yol müfəttişləri”nin (GYM) beynəlxalq görüşü region üçün yaxşı nümunə oldu. Burada 200-dən çox məktəbli iştirak edib və seçim mərhələləri nəzərə alınmaqla layihə iki mindən çox uşağı əhatə edib. İştirakçılar arasında Qırğızıstandan olan uşaqlar da olub, onlar yüksək səviyyəli hazırlıq və yol hərəkəti qaydalarına dair biliklər nümayiş etdiriblər.
Təşkilatçılar ümid edir ki, gələn il azərbaycanlı uşaqlar da belə tədbirlərdə iştirak edə biləcəklər. Bu, regional əməkdaşlığın gücləndirilməsi və uşaqların təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi istiqamətində mühüm addım olacaq.
Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aktoti Boranovanın sözlərinə görə, qəzalar nəticəsində dünyasını dəyişən uşaqların sayı hələ də kifayət qədərdir. “Lakin son illər bu rəqəmlərin azalması tendensiyası müşahidə olunur. Belə tədbirlərin keçirilməsində məqsəd təhlükəsizliyin tam təmin edilməsi, ilk növbədə, uşaqların yol hərəkəti qaydalarını bilmələridir”.
Bu tədbir ölkəmiz üçün də aktualdır: qaydaları bilmək və məktəblilərin profilaktik təşəbbüslərə cəlb edilməsi həqiqətən də həyatları xilas edir. Yeni məktəb mövsümünün yaxınlaşdığı ərəfədə bu, xüsusilə də aktualdır.
Musavat.com