Gündəm 

Həyat Laçına yenidən qayıdır

44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr birgə Bəyanatına əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu qan tökülmədən azad edildi.  2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.

Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür.

İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Baş plan çərçivəsində “15 dəqiqəlik şəhər” konsepsiyası tətbiq olunmaqla həm ekoloji, həm də sosial baxımdan müasir həyat standartları yaradılır. Yeni evlər, məktəblər, xəstəxanalar, turizm və mədəniyyət obyektləri ilə Laçın təkcə yerli sakinlər üçün deyil, həm də beynəlxalq qonaqlar üçün cazibə mərkəzinə çevrilir.

Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub. 2024-cü ildə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də əhəmiyyətli hadisədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın şəhərinin MDB-nin mədəniyyət mərkəzinə çevrilməsi bu bölgəmizin bir tərəfdən regional mədəniyyətə mövcud, həm də potensial töhfəsini xarakterizə edən faktorlardandır. Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər. Eyni zamanda bu, həm də birmənalı şəkildə Azərbaycanın haqq işinin və əldə etdiyi zəfərinin region tərəfindən qəbul edilməsidir.

2025-ci ilin mayında istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin həm strateji təhlükəsizlik, həm də iqtisadi və turizm inkişafı baxımından imkanlarını qat-qat artırıb. Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı təkcə Laçını deyil, Şuşa və Kəlbəcəri də dünyaya bağlayır.

Laçın indi qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır. Laçının yeni dövrü başlayıb. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bir sözlə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub və bu layihələr mərhələlərlə həyata keçirilir. Bütün bunlar onu göstərir ki, füsunkar gözəlliyə sahib Laçın rayonu qısa müddətdə bərpa edilərək dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

Anar Məmmədov,

Milli Məclisin deputatı

Daha çox xəbərlər