Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Çinin dostluq və hərtərəfli əməkdaşlığını xüsusi vurğulayıb, iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını isə tarixi hadisə adlandırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “İki sahil”ə bildirilib ki, Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etməsi hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq edir. Son illərdə iki ölkə arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. 2024-cü ilin yanvarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. O cümlədən, Azərbaycanın Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün müraciət edib. Eyni zamanda, Çinin “Huawei” şirkəti isə regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında aktiv iştirak edir.
Azərbaycan Çinin “Bir kəmər Bir yol” layihəsini, Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib və tərəflər uzun illər öncədən bir sıra enerji, nəqliyyat layihələrində yaxından əməkdaşlıq edir. Şübhəsiz ki, Azərbaycan-Çin münasibətləri Azərbaycan-ŞƏT münasibətlərinə də öz töhfəsini verəcək və gələcəkdə əlaqələrin daha da şaxələnməsinə şərait yaracaq. Əslində Avrasiya məkanında mühüm nəqliyyat-logistika qovşağı olan, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycanla əməkdaşlıq ŞƏT ölkələri üçün daha vacibdir. Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, BTC, BTQ, TAP, TANAP kimi layihələrin əsas təşəbbüskarlarından və aparıcı dövlətlərindən olan Azərbaycan Respublikası ŞƏT üzvlərinin müxtəlif bazarlara çıxışı, enerji ixracatı baxımından önəmli tərəfdaşdır. Bu mənada, bütün dövlətlərə və təşkilatlara sülhpərvər, bərabərhüquqlu əməkdaşlıq mövqeyi ilə yanaşan Azərbaycan dövləti ŞƏT üzvlərinin də tərəqqisində əhəmiyyətli rol ala bilər. Təbii ki, belə əlaqələrin formalaşması həm Azərbaycan üçün, həm də digər tərəflər üçün qarşılıqlı səmərəli olar.
Xüsusilə, Çin və digər ŞƏT üzvləri ilə iqtisadi münasibətlərin aparıcı vasitələrindən biri də nəqliyyat əlaqələridir. Çinin beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. Dövlət başçısının da qeyd etdiyi kimi: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”. Məhz, dövlət başçılarının dostluq münasibətlərindən qaynaqlanan ölkələrarası münasibətlərin bariz nümunəsidir ki, Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrut olan Orta Dəhlizlə 2022-ci ildən sonra, Azərbaycan vasitəsilə, yükdaşımaların həcmi təxminən 90 faiz artıb.
“ŞƏT plyus” görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması yük daşımaları imkanlarını genişləndirəcək, yük axını intensivliyini daha da artıracaq. Hər zaman sülhü, çoxtərəfli əməkdaşlığı dəstəkləyən Azərbaycan Respublikasının təşəbbüsü ilə reallaşacaq Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin aparıcı tərkib hissəsinə çevriləcək. Artıq,qeyd edilən istiqamətlərlə yanaşı, Şimal-Qərb, Cənub-Qərb istiqamətlərində də daşımalara imkan yaranacaq.
Bütün bunlar Azərbaycanın Çin üçün, Çinin də Azərbaycan üçün əhəmiyyətli tərəfdaş olduğunu sübut edir. Dövlət başçısının “ŞƏT plyus” görüşündə səsləndirdiyi “Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk” fikirlər isə Azərbaycan-Çin münasibətlərinin mühüm strateji tərəfdaşlığa əsaslandığını bir daha təsdiq edir.