Dünya 

Xəzər dənizi ekoloji fəlakət astanasındadır – Tokayev

Suyun səviyyəsinin azalmasının qeydə alındığı Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxındır. Musavat.com xəbər verir ki, bunu Qazaxıstan prezidenti  Kasım-Jomart Tokayev Çinin Tyantszin şəhərində keçirilən ŞƏT Plus formatında keçirilən sammitdə deyib. Onun sözlərinə görə, problem Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) formatında məsləhətləşmələr üçün prioritet ola bilər: “Bu gün belə bir təmsilçi forum çərçivəsində diqqətinizi çox incə, lakin ciddi bir mövzuya yönəltmək istərdim. Bu, Xəzər dənizi ətrafında acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır. Bu problem ŞƏT çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər”.

Tokayev xatırladıb ki, o, əvvəllər Qazaxıstanın paytaxtında ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib: “Bu yaxınlarda BMT-nin Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzinin açılışı olub. Bu, bizim çoxtərəfli diplomatiya prinsiplərinə möhkəm sadiqliyimizi təsdiqləyir. Fürsətdən istifadə edərək, mən bütün tərəfdaşları BMT-nin tərəfdaşlığı ilə 2026-cı ilin aprelində Astanada Regional Ətraf Mühit Sammitinin keçirilməsi barədə qərar barədə məlumatlandırıram”.

Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalması bütün sahilyanı dövlətlərə təsir edir. Suyun səviyyəsinin aşağı düşməsi Rusiyanın üç regionunda bir anda sahil xəttinin konturunda əhəmiyyətli dəyişikliyə səbəb olub. Həştərxan vilayətində Volqa deltasında dəyişikliklər baş verib, yeni adalar yaranıb, Kalmıkiyada bir sıra adalar yarımadaya çevrilib, Dağıstanda dəniz sahilləri bir neçə kilometr geri çəkilib, Aqraxan körfəzi demək olar ki, yox olub. Qazaxıstanda da müvafiq idarələr və alimlər Xəzər dənizinin dayazlaşması probleminə diqqət çəkiblər. Xəzər dənizi Qazaxıstanın  ticarət və dəniz donanması üçün yeganə böyük su hövzəsidir; ölkənin Dünya okeanına çıxışı yoxdur.

 

Musavat.com

Daha çox xəbərlər