Ehsan israfına son qoyulur, bəs bahalı məzar daşı?
Deputat: “Qəbir daşlarının standart olması qanunla tənzimlənməlidir”
Deputat Fazil Mustafa yas mərasimlərində ehsanın sadələşdirilməsini təqdir edib və bahalı məzar daşları mövzusunu gündəmə gətirib. Onun sözlərinə görə, Azərbaycanda birbaşa yas mədəniyyətsizliyi var: “Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyəti varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin. Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm. Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır. Yas mərasimlərini qarın doyuzdurma prosesindən təmizləmək lazımdır. Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə, lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın”.
Hazırda məzar daşı ölü yiyəsi üçün ən əsas xərclərdən biridir. Ən ucuz məzar daşı 500-800 manatdır. Amma əksəriyyət dəbdəbəyə qaçır və bahalı qəbir düzəltdirir. Halbuki İslamda bəyənilən addım deyil. Hətta din buyurur ki, məzar daşı kiçik olmalı və itməlidir. Amma Azərbaycanda büstlər, heykəllər qoyduranlar var. Bu da böyük xərc tələb edir, üstəlik, bəhsə çevrilir, yəni imkanı olmayanlar məcbur qalır ki, ayaqlaşsın. Bu ənənəyə son qoymaq üçün təbliğat aparmaq çıxış yoludurmu, yoxsa insanların məzar daşı seçiminə qarışmaq düzgün deyil?
Ceyhun Məmmədov
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Deputat təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda həm toy məclislərində, həm də yas mərasimlərində israfçılıq ən yüksək səviyyədədir: “Bu israfçılıq təkcə yas mərasimlərinin dəbdəbəli təşkil olunmasında özünü göstərmir, həm də insanların bahalı qəbir daşları ilə yarışa girməsində aydın görünür. Əslində 500-800 manatlıq standart məzar daşları kifayət etdiyi halda, insanların əksəriyyəti qiyməti 7-10 min manat arasında dəyişən mərmər daşlarına üstünlük verir.
Bu gün Azərbaycanda milyonlarla, hətta milyardlarla vəsait qəbir daşlarına sərf olunur. Halbuki bunun ölüyə heç bir faydası yoxdur. Təəssüf ki, həyatda ikən valideyninə dəyər verməyən bəzi insanlar onların vəfatından sonra bahalı məzar daşı qoymaqla təsəlli tapmağa çalışırlar”.
Millət vəkili həmçinin qeyd edib ki, əslində bu məsələ ilə bağlı müəyyən normativ aktlar mövcuddur: “Mən vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışanda belə bir qanun layihəsinin hazırlanmasına başlamışdıq. Sənəddə qəbir daşlarının və qəbirlərin hansı formada olmalı olduğu göstərilmişdi. Sonradan həmin sənəd təsdiqləndi. Hesab edirəm ki, ümumiyyətlə, bu sahədə hüquqi sənədin mövcudluğu və müəyyən tənzimləmələrin olması çox vacibdir.
Yas mərasimləri ilə bağlı isə iki yol var: birincisi inzibati tədbirlər, ikincisi isə insanların könüllü şəkildə bu qaydalara əməl etməsi. Təəssüf ki, insanlar çox vaxt könüllü deyil, məcburi qaydaları daha tez anlayırlar.
Bu gün ölkənin böyük maliyyə vəsaiti bahalı daşlara sərf olunur. Ona görə də mütləq şəkildə bu məsələni tənzimləmək lazımdır. Qəbir daşlarının qoyulmasına müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Artıq insanlar qəbirlərin üzərində ev tipli tikililər, çardaqlar, oturacaqlar, hətta şkaflar qururlar. Bütün bunların qarşısı alınmalıdır. Qəbir yerləri standart olmalıdır. Necə ki, dövlət qəbiristanlıqlarında bu məsələ konkret qaydalarla tənzimlənib, eləcə də bütün qəbiristanlıqlarda bu standartlara əməl edilməlidir.
Təəssüf ki, insanlar bəzən boğazlarından, övladlarının dolanışığından kəsərək bu addımları atırlar. Halbuki bu gün dünyada milyonlarla insanın pula, ərzağa, suya ehtiyacı olduğu bir vaxtda belə dəbdəbə və israfçılıq qəbuledilməzdir”.
Kənan Rövşənoğlu
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə qeyd edir ki, bahalı daşlar, mərmər, qranit başdaşı son 100 ildə ortaya çıxmış adətlərdəndir və bunun dinlə əlaqəsi yoxdur: “Ancaq ümumiyyətlə, dəbdəbəli məzar daşları antik dövrdən qalma bir ənənədir, nüfuzlu ailələr, varlı, tanınan şəxsiyyətlərin sərdabə mədəniyyəti olub. Romada, Qədim Yunanıstan, hətta Misirdə olub.
Sərdabə qəbirlər müsəlman ölkələrində də var, ailə qəbir yeri kimi istifadə olunur, oarda bir neçə cəsəd dəfn olunur. İndi də bir çox xristian ölkələrində, xüsusilə də katoliklərdə bu var. Bizdə isə sərdabə məzarlar geniş yayılmasa da, daha çox bahalı başdaşı qoymaq ənənəsi var. Bu bir növ zənginlik göstəricisidir. Yəni daha zəngin ailələr və ya özünü zəngin göstərənlər dünyadan köçənləri üçün belə bahalı daşlar qoyurlar. Əlbəttə, bu cür məişət adətlərinin dini əsası yoxdur, xalqın öz adətidir. Bunu zamanla maariflənmə ilə aradan qaldırmaq olar”.
Kənan Rövşənoğlu həmçinin vurğulayıb ki, Azərbaycan xalqı İslamdan əvvəl də qəbirlərinə təkcə dünyadan köçən adamın dəfn edildiyi yer kimi deyil, həm də bir tarix, o yerə bağlılıq işarəsi kimi yanaşıb: “Qədimdən bizdə kurqan qəbirlərin olması bizim xalqda qəbiristanlıq ənənəsinin güclü olduğunu göstərir. Yəni bu məsələdə hədəf lazımsız xərc, israf olan bahalı başdaşı olmalıdır, nəinki qəbir. Əsas məqsəd israfın aradan qalxmasıdır. Dediyim kimi, qəbir ənənələri xalqlara görə dəyişir, İslam dini qəbirlə bağlı konkret konsepsiya təqdim etməyib. Ana xətt israf və dəbdəbədən uzaq, orta xətdir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”