Prezidentin Çindən mühüm mesajları
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilib. “Yeni Müsavat”ın xəbərinə görə, sammitə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb. ŞƏT ölkələri “Tiencin Deklarasiya” sını imzalayıb. Deklarasiyada təşkilata üzv olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və mədəni sahələrdə əməkdaşıqla bağlı 10 illik strateji plan nəzərdə tutulur.
Bundan başqa, ŞƏT-ə üzv dövlətlər İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər. Sənəddə əlavə olaraq, üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
ŞƏT ölkələri liderlərinin 25-ci Şura iclasında 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsi də təsdiqlənib.
ŞƏT dövlət başçıları Şurasının 25-ci iclasında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında tədbirdə çıxış edib. İlham Əliyev deyib ki, Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir: “Bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanması tarixi hadisədir və bu Azərbaycan-Çin münasibətlərində yeni səhifə açıb. Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. Orta dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.
Prezident İlham Əliyev Çinə səfər çərçivəsində çoxlu sayda dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib.
Çin Xalq Respublikasının Sədri Si Cinp Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib.
Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə də görüşüb.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü olub. Görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı SOCAR ilə Türkiyənin Botaş şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə üzərindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub. Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də müzakirə olunub və bu xüsusda Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
ŞƏT Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla da görüşüb. Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.
Prezident İlham Əliyevin Tacikistan Prezidenti İmoməli Rəhmon, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də görüşləri olub.
Qeyd edək ki, ŞƏT ölkələrinin dövlət başçıları Şurasının 25-ci iclasında Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. İctimaiyyətin əsas diqqətində olan məsələ Vladimir Putinlə İlham Əliyevin Çində görüşünün olub-olmayacağı idi. Ermənistanın baş naziri Nikol Paşinyanla Vladimir Putin arasında ayaqüstü bir neçə saniyəlik görüş olsa da, Azərbaycan Prezidenti İlham Əliyevlə Putin arasında görüş keçirilməyib.
Öncədən də Kreml rəsmisi Yuri Uşakov bildirib ki, hələlik Putinin İlham Əliyevlə Pekində görüşü nəzərdə tutulmayıb, lakin hər iki lider yubiley tədbirlərində iştirak edəcək.
Uşakovdan fərqli olaraq Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sentyabrın 1-də günün birinci yarısı mediaya açıqlamasında deyib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilərlər.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli öncə bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri özü-özlüyündə dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır və dünya iqtisadiyyatının əsas mərkəzlərindən biri rolunu oynayır: “Ona görə də Azərbaycan həm bu təşkilata üzv olmaq yolundadır, həm də Çinlə dostluq, əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Azərbaycanın davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə müsbət təsir göstərir. Xüsusilə də tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verilən dəstək, Transxəzər nəqliyyat marşrutunun – Orta dəhlizin üstünlükləri təşkilat üçün Azərbaycanı əhəmiyyətli tərəfdaşa çevirir. Azərbaycan Prezidentinin Çinə səfəri növbəti inkişaf perspektivləri üçün və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm perspektivlər yaradır. O ki qaldı Vladimir Putinlə İlham Əliyev arasında Çində görüş olmamasına, bundan itirən Azərbaycan deyil. Əvvəla, bütün dünya gördü ki, Çində Azərbaycan Prezidentinin müxtəlif dövlətlərin və təşkilatların liderləri ilə keçirilən ikitərəfli görüşlərinin sayı Rusiya Prezidentinin keçirdiyi ikitərəfli görüşlərin sayından daha çox oldu. Açıq göründü ki, ölkə liderləri İlham Əliyevlə görüşməyə daha çox maraq göstərirlər. Rusiyanın dünyanın böyük hissəsi tərəfindən qəbul edilmədiyi, qapı arxasında saxlandığı, faktiki tək qaldığı bir zamanda bu ölkənin başçısının Azərbaycan kimi mühüm dövlətin lideri ilə görüşməsi daha çox Rusiyaya lazımdır, nəinki Azərbaycana”.
Politoloq qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında hazırkı gərginliyin müzakirəsi və yumşaldılması üçün görüşün baş tutması müsbət ola bilərdi: “Görüşün tərəflərdən hansının istəməməsi üzündən baş tutmaması barədə dəqiq fikir söyləmək çətindir. Görüşün baş tutmaması o deməkdir ki, münasibətlər üzdə göründüyündən pisdir və bu vəziyyətin düzəlməsi bir beynəlxalq toplantı çərçivəsində qısamüddətli görüşlə mümkün deyil”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”