Kredit faizləri ilə əmanət faizləri arasında uçurum
Ekspertlərə görə, problemin dərinləşməməsi üçün Mərkəzi Bank addımlar ata bilər
Azərbaycanda milli valyutadakı kreditlərlə depozitlər arasındakı marja (faiz fərqi) ilin əvvəli ilə müqayisədə xeyli yüksəlib. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlar göstərir ki, orta kredit və depozit faizləri arasındakı fərq ilin əvvəlindəki 5,91 faizdən iyul ayının sonuna 6.25 faiz bəndinə yüksəlib.
Bu da son 7 ayda bankların faiz marjasının 0.34 faiz artdığı deməkdir. Yəni əgər ilin əvvəlində banklar hər 1 000 manat üzrə kreditdən illik 59.1 manat xalis gəlir əldə edirdilərsə, 7 ayın sonuna mənfəətlilik 62.5 manata yüksəlib. 2025-ci ilin əvvəlində banklar orta hesabla manat kreditlərini 14.66 faizlə verirdilərsə, yeddi ayın sonuna bu, 15.22 faizə qalxıb. Depozitlərdə də eyni tendensiya (artım) davam edərək 8,75 faizdən 8,97 faizə çatıb. Lakin göründüyü kimi, kreditlərdə faiz artımı depozitlərdən daha sürətlə gedib.
Banklar kreditlərdən bu ilin 7 ayında 2 milyard 213 milyon manat faiz gəliri əldə ediblər. Müqayisə üçün onların kreditlərdən faiz gəliri keçən ilin analoji müddətində 1 milyard 770 milyard manat olmuşdu. Bu ilin 7 ayında banklar 717.4 milyon manat depozit faizi ödəyiblər. Bu, keçən ilin eyni dövründə 487.6 milyon manat olmuşdu. Beləliklə, bankların kredit-depozit üzrə fərqdən xalis faiz gəlirləri 1 milyard 290 milyon manatdan 1 milyard 490 milyon manata qədər yüksəlib.
Banker.az qeyd edir ki, bütün bu artımlar Azərbaycan Mərkəzi Bankının 2025-ci ildə dörd ardıcıl iclasda faiz dərəcələrini dəyişməz saxlaması şəraitində baş verib. Tənzimləyici yalnız iyuldan etibarən faizləri 25 baza bəndi endirib. Mərkəzi Bankın sədri Taleh Kazımov da 23 aprel tarixində keçirilən mətbuat konfransda bu məsələyə toxunmuşdu və təsdiqləmişdi ki, kredit və depozitlər arasında faiz yüksəkdir. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar: “Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır”.
Rəsmi məlumata görə, 2025-ci ilin iyul ayında Azərbaycan banklarının kredit portfeli 0.1 faiz və ya 26 milyon manat artaraq 28 milyard 498.2 milyon manat təşkil edib. Kredit portfelinin 52,8 faizi(15 milyard 55.8 milyon manat) biznes kreditləri, 31,6 faizi (9 milyard 2.2 milyon manat) istehlak kreditləri, 15,6 faizi ipoteka kreditlərindən (4 milyard 440.2 milyon manat) ibarət olub.
Eyni dövrdə deposit portfelinin həcmi 36 milyard 650.9 milyon manat təşkil edib. Bu zaman portfelin 58,8 faizi (21 milyard 537 milyon manat) hüquqi şəxslərin, 41.2 faizi (15 milyard 113.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olub.
2025-ci ilin yanvar – iyul aylarında banklar 682.8 milyon manat xalis mənfəət, 1 milyard 85,9 milyon manat əməliyyat mənfəəti əldə etmişlər.
2024-cü ilin eyni dövründə bankların kredit portfeli 1 faiz və ya 265,2 milyon manat artaraq 25 milyard 694.7 milyon manat olmuşdu. Kredit portfelinin strukturunda biznes kreditləri 54.2 faiz (13 milyard 910.1 milyon manat); istehlak kreditləri 30.2 faiz (7 milyard 765.1 milyon manat), ipoteka kreditləri isə 15.6 faiz (4 milyard 19.5 milyon manat) paya malik olmuşdu.
Bu dövrdə bankların depozit portfelinin ümumi həcmi 34 milyard 381,3 milyon manat təşkil edib. Depozit portfelinin 60,3 faizi (20 milyard 720,3 milyon manat) hüquqi şəxslərin, 39,7 faizi (13 milyard 661 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olub.
2024-cü ilin yanvar-iyul aylarında banklar 682.8 milyon manat xalis mənfəət, 1 milyard 16 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, bankların bazar siyasəti, kredit siyasəti mövcud şərtlər və konyuktura əsasında formalaşır: “Bura həm iqtisadiyyatın tələbi strukturu, həm də eyni zamanda requlyativ qurumun həyata keçirdiyi siyasətin çərçivələri aiddir. Bundan əlavə, mövcud sosial-iqtisadi çağırışlar da belə siyasətin parametrlərinin müəyyənləşməsində ciddi rol oynayır. Bugünkü şərtlər daxilində deposit faizləri ilə kredit faizləri arasında fərqi artıran müxtəlif faktorlar var. Düşünürəm ki, onlardan birincisi banklara münasibətdə həyata keçirilən prudensial çərçivə siyasəti, sərt tənzimləmə mexanizmlərinin artırdığı xərclərdir. Çünki Azərbaycan bazarında 2024-cü ilin əvvəlindən etibarən portfelin əhəmiyyətli genişlənməsi də müşahidə olunur. Yəni çox kredit verib çox gəlir əldə olunmaması məsələsi iqtisadiyyatın törəməsi olara ortaya çıxıb. Bir tərəfdən, banklar çalışırlar kredit portfeli genişlənsin, bunun üçün addımlar atırlar. Hətta son aylarda həyata keçirilən siyasət həm də portfelin genişlənməsindən doğan narahatlıqların bu və ya digər nəzarətdə saxlanmasına hesablanıb. Banklara qarşı tələblər artır, onların bir çoxu əlavə xərclənməyə səbəb olur. Məsələn, ehtiyat normalarının artırılması bankların daha çox vəsaiti ehtiyata yönəltməsinə səbəb olur. Bank kredit vermək üçün daha çox vəsaiti ehtiyat norması kimi faktiki olaraq gəlir gətirmədən Mərkəzi Bankda saxlayır. Həmin vəsaiti əhalidən depozitə götürən bank məcburdur ki, krediti daha yüksək faizlə versin ki, depozitlərə görə ödənişləri həyata keçirə bilsin.
Başqa bir faktor seçimlərlə bağlıdır. Banklar əvvəllər vəsaitləri daha risksiz sahələrdə yerləşdirmək imkanı əldə edirdilər. Bu, xüsusilə də son bir ilə qədər banklar üçün əlverişli şərtlər idi. Maliyyə Nazirliyinin qiymətli kağızları bu baxımdan əlverişli yatırım idi. İndi bu imkan yoxdur.
Daha bir məsələ kredit portfelinin genişlənməsi fonunda iqtisadi risklərin artmasıdır. Bankların həm müştəri sayı artır, həm də kredit portfeli. Mövcud risklər fonunda verilən hər yeni kredit bank üçün riski daha da artırır. Xüsusilə də istehlak kreditlərinin artması fonunda artan risklər istər-istəməz kredit faizlərində əksini tapır.
Müəyyən xarici amillər də var ki, banklar üçün proqnozlaşdırmanı çətinləşdirir. Bura ilk növbədə yeni ABŞ administrasiyasının həyata keçirdiyi tariff siyasətinin qlobal və yerli iqtisadiyyata təsirləri aiddir. Belə proqnozlaşdırmanın aparıla bilməməsi banklar üçün əlavə risklər formalaşdırır. Belə risk faktorları da bankların kredit faizlərində əksini tapır”.
Ekspertə görə, Mərkəzi Bank tərəfindən ortamüddətli dövrdə kredit faizlərinin aşağı salınması üçün müəyyən addımlar ata bilər: “Lakin nəzərə almaq lazımdır ki, getdikcə artan kreditlər istehlak bazarına daxil olaraq əlavə inflyasiya riskləri formalaşdırdığına görə Mərkəzi Bankın manevr imkanlarını daraldır. Tənzimləyici hazırkı şərtlər daxilində istehlak kreditlərinin artmasından doğan narahatlıqları neytrallaşdırmağa çalışır, bunun üçün şərtlər ağırlaşdırılır. Bu da son nəticədə risk və xərc artımı kimi kredit faizlərinə təsir edir. Buna görə də Azərbaycanda hazırda kredit faizlərinin azaldılması istiqamətində real addımların atılması mümkün deyil. Bank likvid vəsaitlərini real bazarda yerləşdirmək üçün yetərincə imkanlara sahib olmalıdır. Belə olmadıqda məcburdur ki, az vəsaiti daha yüksək faizlə yerləşdirsin. Ümumiləşdirdikdə belə deyə bilərik ki, hazırda bank sistemi Azərbaycanın ümumi iqtisadi konyukturasına, iqtisadi şərtlərinə uyğun işləyir. Nə vaxt real iqtisadiyyatda şərtlər dəyişəcək və faizləri artıran risklər azalacaq, onda kredit faizləri də aşağı düşəcək”.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirovun fikrincə, kredit və depozit faizləri arasında fərqin yüksəkliyi bir çox faktorlardan qaynaqlanır: “Nəzəri baxımdan, yəni dünya praktikasına əsasən birbaşa bazarda heç bir rəqabətin olmaması, şərtləri bir-iki subyektin müəyyən etməsi nəticədə geniş meydan yaradır, banklar istədikləri depozit-kredit faizlərini tətbiq edə bilirlər. Etiraf edək ki, Azərbaycanın bank sektorunda belə yüksək inhisarlaşma yoxdur. Doğrudur, bank sistemimizin inkişaf etmiş ölkələrdəki qədər tam rəqabətli olduğunu da deyə bilmirik. Amma eyni zamanda tam inhisarlaşmadan da danışmaq mümkün deyil.
Bankların kredit faizlərini müəyyən etməsində başlıca rol risklərə məxsusdur. Risk nə qədər çox olarsa, bank faizləri də bir o qədər yüksək olacaq. Yəni yüksək risklər bankı məcbur edir ki, depoziti aşağı faizlə qəbul edib krediti yüksək faizlə versin.
Risklər isə Azərbaycana gəldikdə, iqtisadi qeyri-müəyyənlik, inflyasiyanın sürətlənməsidir. Məsələn, bu ilin 7 ayında cəmi 0,9 faizlik iqtisadi artım qeydə alınıb. Bu, yüksək qeyri-müəyyənlik deməkdir. İnflyasiya da ötən illə müqayisədə xeyli sürətlənib.
Kredit istiqamətlərinə baxdıqda, bəzi sahələr üzrə biznes kreditlərində azalmalar var. Amma istehlak kreditləri davamlı artım nümayiş etdirir. Problemli kreditlərin strukturuna baxsaq, görərik ki, belə kreditlərin artımında istehlak kreditləri əsas paya malikdir. Bütün bunlar banklar üçün risklərin artmasından xəbər verir. Belə risklər isə faizlərdə dərhal hiss olunur.
İqtisadçı bildirir ki, banklar o zaman aşağı faizlə çox kredit verməklə çox qazanc əldə edirlər ki, iqtisadiyyat sabit olsun, investisiya mühiti yüksək inkişaf etsin: “Belə olanda bank əmin olur ki, ayırdığı krediti alan subyekt onu qaytarmaq problemi yaşamayacaq, ona görə də mümkün qədər çox kredit vermək üçün şərtləri yumşaldır, yəni faizləri salır. Bu baxımdan, hazırda Azərbaycan banklarının depozit-kredit-faiz siyasəti birmənalı olaraq riskdən qaçma siyasətidir. Bunun başqa adı yoxdur”.
Dünya SAKİT,
“Yeni Müsavat”