“İlin bütün fəsillərində balıq yemək olar” – Qida eksperti
Balıq əti bir çox insanın sevimli qidasıdır. Sağlamlığımız üçün çox faydalı olan balığı alarkən nəyə diqqət etməliyik? Təzə balığı necə fərqləndirə bilərik?
Mövzu ilə bağlı BiG.AZ-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, balığın gözləri parlaq və xaricə şişmiş vəziyyətdədirsə, təzə, gözləri bulanıq və içəri çökmüşsə, köhnədir:
“Balıq əti mütəmadi olaraq yeyə biləcəyimiz ən faydalı qidalardan biridir. İmmunitetimizi qoruyur, uşaqların zəkasını və yaddaşını gücləndirir, sümükləri möhkəmləndirir, hüceyrələri bərpa edir, göz və saç sağlamlığı üçün vacibdir, hamilə qadınlar üçün isə olduqca faydalıdır.
Balıq mükəmməl protein qaynağıdır, Omega-3 yağ turşusu, A, E, D, K vitaminləri, yod, fosfor, kalsium, kalium, maqnezium, sink, natrium kimi mineral maddələrlə zəngindir.
Balıq alarkən diqqət edin:
– balığın gözləri parlaq və xaricə şişmiş vəziyyətdədirsə təzə, gözləri bulanıq və içəri çökmüşsə köhnədir.
– balığın ətini barmağınızla sıxın, əgər eyni formada qalırsa deməli, köhnədir, əvvəlki vəziyyətinə qayıdırsa hələ təzədir.
– təzə balığın qəlsəməsi qırmızı və sıx bağlı olur.
– başından tutub götürəndə quyruğu dik qalırsa təzədir.
– köhnə balığın pulcuqları əl deyəndə tökülür.
– köhnə balıqdan xoşagəlməz iy gəlir.
Saxlanma şəraiti və gigiyenik normalara əməl etməsək, balıq məhsulları olduqca təhlükəli olur, bir çox yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verə bilər.
İlin bütün fəsillərində balıq yemək olar, burada əsas məsələ, mövsümündə almaq, alarkən təzə olub-olmadığına diqqət etmək, düzgün şəkildə saxlamaq və bişirməkdir”.