Cəmiyyət 

Məzarlıqda rəqs edənlər – bu, ziyarət proqramına daxilldir, nədir?

20 günün içində xarici ölkələrdən gələn turistlərin iki dəfə Şəhidlər Xiyabanında hörmətsizlik etmələri artıq şübhələnməyə əsas verir ki, bu, təsadüfi məsələ deyil.

Soyuqqanlı şəkildə düşünək: bir qrup turistdir, şəhərimizin gəzməli, görməli yerləri tanış olur, gəzə-gəzə gedirlər və gəlib Şəhidlər Xiyabanına çatanda şit damarları tutur, səslərini başlarına atıb qəhqəhə çəkirlər, qol götürüb oynayırlar.

Normaldırmı? Əsla. Onları buna nə vadar edir? Müəmmalıdır.

Heç Şəhidlər Xiyabanı deyil, adi məzarlıqdır, çoxmu ürəkaçan, adamı ekstaza gətirən yerdir ki, qol götürüb oynayasan? Dünyanın hansı ölkəsində məzarlıqda oynayırlar, şıllaq atırlar, anqırırlar?

Heç yerdə belə şey yoxdur. Kədərlisi odur ki, bu, bizim bəxtimizə çıxıb. Bizimkilərdən kimsə nə vaxtsa haradasa belə bir hərəkət edibsə, bu da normal hal olmayıb. Demək, adam ya tərbiyəsizin, qanacaqsızın biridir, ya da psixoloji problemləri var. Normal insan gənc adamların dəfn olunduğu məzarlıqda oynamaz, sadəcə, onları ziyarət edər, gül qoyarsa, qoyar, qoymazsa, hüznlü bir şəkildə sayğı duruşu edər, önlərindən keçər, gedər.

Məzarlıqda oynamaq, deyib-gülmək, əhlikeflik etmək xuliqanlıqdır. Özü də bu ayrı-ayrı şəxslərə, dar bir məkanda azsaylı insan qrupuna qarşı edilmiş xuliqanlıq deyil, xalqa qarşı edilmiş xuliqanlıqdır.

Adam şübhələnir ki, bu, təxribatdır, düşmənçilik aktıdır. Xüsusilə də son aylarda bəzi qonşu dövlətlərlə siyasi münasibətlərimizin gərginləşdiyi vaxtda 20 günün içində ikinci dəfə ən həssas yerimizdən “vurulmağımız” şübhələrə əsas yaradır.

Turistlər başqa yerdə, məsələn, kafe-restoranlarda, bulvarda (10 kilometrlik bulvarımız var), digər parklarda oynaya bilməzlərmi?

Ümumiyyətlə, turist niyə durduğu yerdə, gündüzün günorta çağı oynamalıdır? Bu, səfər proqramının tərkib hissəsidirmi? Şərtlərdən biri də budur ki, sizə bu qədər pul ödəyirik, gündə 5 dəfə müxtəlif yerlərdə oynayacağıq? Biz görmüşük, müsəlman ölkələrindən gələnlər namazlarının vaxtını keçirməkdən qorxarlar, gedib vaxtlı-vaxtında neçə rükətsə namazlarını qılarlar. Bunlar gündə beş rükət rəqs edirlər. Əcəb işdir.

Bu cür turistləri qəbul edən, gəzməyə aparan turfirmaları yüngülvarı araşdırmaq lazımdır. Onlar nədən Şəhidlər Xiyabanına ziyarəti proqrama salırlar və bu məkanın tarixini, mahiyyətini kefqom turistlərə başa salmırlar?. Burada qəsd yoxdursa da, məsuliyyətsizlik, 5 manat pul verən turistin qabağında əzik olmaq rəzaləti var. “Müştəri hər zaman haqlıdır” devizi burada keçmir. Müştəri xalqın müqəddəs saydığı və gerçəkdən elə olan məkanda mərifətsizlik edərkən haqlı deyil və böyük qəbahətə, hətta açıq qəhabətə yol verir.

Şəhidlər Xiyabanı kimi məkanlar istənilən ölkədə var. Sabah bizdən də bir qrup turist o ölkələrdən birinə, tutaq ki, gəlib Bakıda hoqqa çıxaranların ölkəsinə getsə, onların müqəddəs bildikləri məzarlıqda eyni hərəkəti etsə, xoşlarına gələcəkmi, hörmətsizlik edənləri cəzalandırmayacaqlarmı? Əlbəttə, tədbir görəcəklər. Hətta onlara elə cəza kəsə bilərlər ki, dövlət rəsmilərinin o turistləri xilas etməsi çətin olar.

İndi mütləq kimlərsə deyəcəklər ki, bunu gündəmi dəyişmək üçün düşünüblər. Absurd fikirdir. Gündəmdə nə var ki? Mitinqlər ara vermir, nümayişlər səngimir, xalq nəsə tələb edir? Əsas mövzusu müğənnilərin geyim-kecimi, istirahəti, şəxsi həyatı olan ölkədə gündəm dəyişsə nə olacaq, nə dəyişməsə – nə?

Bu, bir avropalı turistin Qız qalasının damında çılpaq halda şəkil çəkdirib sosial şəbəkədə paylaşması, turist qrupunun çimərlikdə iyrənc rəqslər etməsi, yaxud yaşlı turistin otel otaqlarında viaqra qəbul edib ölməsi kimi hadisələr deyil ki, lokal və əhəmiyyətsiz səciyyə daşıya və insanlar da “eh, cəhənnəmə ki” deyib üstündən keçələr.

Şəhidlər Xiyabanı bizim Məkkəmizdir, Nəcəfimizdir, Məşhədimizdir, Ağlama Divarımızdır, Katınımızdır. Bu məkana hörmət hamımızın, eləcə də ölkəmizə gələn və oranı ziyarət etmək istəyən turistlərin borcudur. Hörmət etməyəcəklərsə, onların orada işi yoxdur. Rədd olub başqa yerlərə getsinlər.

 

Daha çox xəbərlər