Cəmiyyət 

Bakıdakı bu evdə notların sirri açılır – REPORTAJ

Bu evdə notların pıçıltısı, musiqinin əbədi ruhu daha aydın şəkildə diqqət çəkir. Onun musiqisi insanın sözlə ifadə edə bilmədiyi hisslərin dili, qəlbin ən gizli sirlərinin açarıdır. Notların sükut içində danışdığı bir aləmdir. Hər kəs görə bilmir, amma hər kəs həmin aləmi duya bilir. Bu aləmdə sadəcə insan ruhunu titrədən musiqi var.

Azərbaycan musiqisinin dahi bəstəkarı Qara Qarayev məhz bu dünyanın bələdçisi idi. Simfoniyalarında millətin tarixini, baletlərində insanın əbədi mübarizəsini canlandırmağı bacarıb. Onun musiqisi yalnız qulaq üçün deyil, həm də ürək üçündür.

QARAY.jpeg (1.23 MB)

Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar Qara Qarayev bu gün də yalnız notlarda, simfoniyalarda deyil, hər daşında nəfəsi duyulan Bakının ürəyində yaşayır. O, təkcə yaradıcılığı ilə yox, şəxsiyyət kimi də xalqımızın yaddaşında silinməz iz buraxıb.

Dahi bəstəkarın ev muzeyindəyik. Muzeyin divarında ziyarətçilərə Qarayevin musiqiyə baxışını ifadə edən kəlamı yer alıb. Bu kəlam onun musiqi dünyasına baxışının incəliklərini ortaya qoyur.

“Gizli, lakin həmişə böyük və dərin hisslərin dünyası yalnız musiqiyə tabedir; Onları əlbəttə, sözə çevirmək olar, ancaq bu çevirmədə bir çox incə intonasiyalar yox olacaq, qabalaşacaq və ya hətta həmişəlik itiriləcəkdir…” deyib dahi bəstəkar.

QARAYY.jpeg (1019 KB)

Bu kəlam sanki muzeyin hər guşəsində dolaşan bir ruhdur.

2018-ci ildən Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bəstəkarın yaşadığı mənzil ev-muzeyinə çevrilib. Bu gün muzey Qara Qarayevin həyatına və yaradıcılığına işıq salan sənədlərlə, fotolarla, şəxsi əşyalarla zəngin bir məkan kimi yaşayır.

Qapıdan içəri girən kimi dahi bəstəkarın uşaqlıq və gənclik illərinə həsr olunmuş otağı ilə qarşılaşırıq. Divarlarda tələbəlik xatirələri, müəllimlərinin fotoları, imza etdiyi sənədlər var.

Ziyarətçi addım-addım keçdikcə, sanki böyük bəstəkarın həyat yolunu bir daha izləyir.

Digər otaqlarda Qara Qarayevin yaradıcılıq dünyası açılır. Əl yazısı ilə yazılmış not dəftərləri, teatr tamaşaları üçün bəstələdiyi musiqi parçaları, balet eskizləri göz önünə sərilir. Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən gətirilən sənədlər isə onun beynəlxalq miqyaslı sənətkar olduğunu bir daha göstərir.

Muzeyin ən təsirli guşəsi isə şəxsi əşyalardır. Böyük bəstəkarın barmaqlarının toxunduğu piano, mexaniki yazı maşını, sevimli fotoaparatları, hətta özünün çəkdiyi fotolar, hamısı ziyarətçini düşüncələrə qərq edir. Burada görürsən ki, Qara Qarayev yalnız musiqiyə yox, həyatın bütün rənglərinə vurğun bir insan olub.

NOTLAR.jpeg (1.29 MB)

Qara Qarayev ev-muzeyi bazar ertəsi istisna olmaqla, həftənin hər günü səhər saat 10:00-dan axşam 18:00-a qədər ziyarətçilərin üzünə açıqdır. Giriş ekskursiya ilə 5 manat, ekskursiyasız isə 2 manatdır.

Mənzər Novruzlu
Fotolar müəllifindir

Musavat.com

Daha çox xəbərlər