“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?
Siyarto haqlıdır, Avropa liderləri uzun müddət Azərbaycan liderinə ən müxtəlif bəhanələrlə məsafəli davranıblar, indi isə…
“15 il əvvəl Budapeşt Bakı ilə münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa başlayanda bəzi Avropa liderləri istehza ilə reaksiya verdilər. Bu gün həmin siyasətçilər Bakıya Azərbaycan prezidenti ilə əl sıxmaq və onunla şəkil çəkdirmək üçün gəlirlər”. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Puşkaş Arenada keçirilən Macarıstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komitəsinin 11-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Peter Siyarto
“Mən son 10 ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsus ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”. Bunu isə 2023-cü ildə Bakıda səfərdə olan macar baş nazir Viktor Orban deyib.
Serbiya Prezidenti Aleksandr Vuçiçin İlham Əliyev haqda dediklərini yada salmaqda fayda var: “Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.
Aydındır ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi Şərqi Avropa ölkələrini enerjidaşıyıcıları, xüsusilə təbii qazla sınağa çəkdi. Siyasi liderlər Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışını gücləndirirdi. Bununla da Avropa ölkələrinin diqqəti daha cəlbedici və hazır layihə olan, İlham Əliyevin ciddi səyləri nəticəsində gerçəkləşən TAP, TANAP layihələrinə yönəldi.
Siyarto, əlbəttə, haqlıdır, çünki Avropa liderləri uzun müddət ərzində Azərbaycan liderinə ən müxtəlif bəhanələrlə məsafəli davranıblar. Qarabağ zəfərindən sonra Azərbaycan dövlətinin və onun rəhbərinin artan nüfuzu, doğru atdığı addımlar və ölkəsinin maraqlarını ən yüksək səviyyədə qoruyub təmsil etməsi Azərbaycanın həm bölgədə, həm də dünyada dəyərli bir dövlət olduğunu sübut etdi.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında Azərbaycan Prezidenti haqqında deyilən bu fikirlərin əslində təsadüfi olmadığını söylədi: “Öncə ondan başlayım ki, cənab Prezident hər zaman böyük masştablı işlər görüb və yürütdüyü mükəmməl, müdrik, ləyaqətli siyasətlə bir çoxlarına örnək, nümunə olub. Sadəcə, məsələ burasındadır, əvvəllər müəyyən güclər, qüvvələr, liderlər bunu etiraf etmək istəmirdilər. İndi isə artıq elə bir dönəm gəlib ki, hətta bizi sevməyən güclər, zaman-zaman Azərbaycandan kənar gəzən dövlətlər, bu dövlətlərin rəhbərləri belə dilə gəlib deyirlər ki, İlham Əliyev fenomenal bir rəhbərdir, dünya miqyaslı siyasətçidir və ondan nələrisə öyrənmək, ona oxşamaq, onun kimi lider olmaq lazımdır. İlham Əliyevin yürütdüyü müdrik siyasətin müsbət təsirləri gerçəkdən də bu gün təkcə Azərbaycan və bölgə miqyasında deyil, daha geniş sferada hiss olunur. Serbiya prezidentinin də, macar nazir(lər)in də, digərlərinin də ölkə rəhbərimiz haqda söylədiyi fikirlər əslində çox təbii, məntiqli, gözlənilən, haqq edilən fikirlərdir.
Məncə, hazırda İlham Əliyev elə bir məqamdadır, elə bir nüfuza sahibdir ki, onun yanında olmaq, onunla bərabər sırada durmaq, dayanmaq ən böyük dünya liderlərinə və siyasətçilərinə belə yalnız və yalnız hörmət, ehtiram, şərəf gətirər”.
Azər Badamov
YAP-çı deputat Azər Badamov bildirdi ki, Prezident İlham Əliyev Avropanın Azərbaycana baxışlarını dəyişdirən və çox vacib tərəfdaş olduğunu etiraf etməsinə məcbur edən böyük liderdir: “Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev məktəbinin yetirməsidir”. Deputat dedi ki, Prezident İlham Əliyev TAP layihəsini beynəlxalq müzakirəyə təqdim edəndə investisiya yatırmaqdan çəkinirdilər: “Amma dövlət başçımızın qətiyyəti və siyasi iradəsi ilə TAP ərsəyə gələndə Avropada reallıqlar dəyişdi və bu gün layihəyə şübhə ilə yanaşan Avropa ölkələri Azərbaycan qazını almaq üçün növbəyə düzülüblər. Budur uzaqgörən siyasət. 2020-ci ilin sentyabrına qədər dövlət başçımız beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarının işğal altında olması barədə daim məlumatlandırır, sülh yolu ilə azad olunmazsa, hərb yolu ilə bunu edəcəyimizi bildirirdi. Yəni biz 44 günlük Vətən müharibəsinə başlayanda beynəlxalq ictimaiyyət öz ərazilərini azad etməyin Azərbaycanın haqq işi olduğunu tanıyırdı. Məhz buna görə əlavə müdaxilələrin edilməsi üçün bir yer qalmadı. Eynilə biz 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri keçirməklə də bütün ərazilərimizdə suverenliyimizi bərpa etdik. Bu gün artıq bütün dünya Azərbaycanın gördüyü haqq işini tanıyır və yaratdığımız reallıqlar qəbul olunub. Azərbaycan dünyanın ən güclü ölkələri olan ABŞ və Çinlə strateji tərəfdaşlıq əlaqələri qurub. Təbii ki, bu uğurların yeganə müəllifi Prezident İlham Əliyevdir. Macarıstan lideri Viktor Orban və onun komandası Prezident İlham Əliyevin yüksək səviyyəli lider olduğunu qəbul edərək dostluq münasibətləri quran Avropa ölkəsidir. Bu gün isə vaxtilə bizdən uzaq gəzməyə üstünlük verən Avropa ölkələrinin rəhbərləri Prezident İlham Əliyevlə görüşmək, əməkdaşlığı müzakirə etmək üçün növbəyə dayanır və liderliyin xüsusiyyətlərini öyrənməyə çalışırlar”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva isə qeyd etdi ki, bu gün İlham Əliyev nəinki Avropada, hətta bütün dünyada “odla su arasındakı ölkənin” sülh fenomeni kimi tanınır: “Azərbaycan Prezidenti 2008-ci il Gürcüstan-Rusiya savaşında çox ağıllı yol tutaraq Azərbaycanı gələcək təhlükələrdən sığortalaya bildi. İranla gərginlikdən də alnıaçıq çıxdı. Hətta 44 günlük savaşdan sonrakı proseslərdə də riskləri uğurla idarə etdi. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Prezident Əliyev Azərbaycanın xarici siyasətini möhkəm təməllər üzərində formalaşdırıb. Rusiya qazından və neftindən asılı olan Avropa indi Azərbaycana gözlərini dikib. Vaxtilə TANAP layihəsinə ağız büzən Avropa dövlətləri şimal və cənub dəhlizlərinin iflic duruma düşməsindən sonra Azərbaycanın ətəyindən möhkəm yapışıblar. Hətta bir sıra Qərb liderləri İlham Əliyevlə görüşmək, foto çəkdirmək üçün növbəyə düzülüblər. İndi Moldovadan Balkanlara, Prineydən Apeninə qədər Qərb dövlətləri Azərbaycanın təbii resurslarına ümid bəsləməkdədirlər. Onlar Rusiyanın “mavi dəyənəyindən” qurtulmaq üçün Azərbaycana alternativi olmayan nəfəslik kimi baxırlar. Hazırda Avropa Çindən Britaniyaya uzanan “Bir kəmər, bir yol” layihəsinə böyük ümidlər bəsləyir. Həmin layihənin də əsas geostrareji mərkəzlərindən biri məhz Azərbaycandır. Üstəlik, Mərkəzi Asiya ölkələrinin təbii resurslarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxması məsələsi ön plandadır. Bu baxımdan da Qərb liderləri Azərbaycan Prezidentinin bu məsələni də ustalıqla həll edəcəyinə inanırlar”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”